Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpü altına "sığınan" avtomobillər... "Qanuni parklama düzəlt, sonra qanunsuz parklama üçün irad tut"
Körpü altına "sığınan" avtomobillər... "Qanuni parklama düzəlt, sonra qanunsuz parklama üçün irad tut"
20 Yanvar metrosundan üzüaşağı, 3-cü mikrorayon adlanan ərazidəki avtomobil köprüsünün altı parklama ərazisinə çevrilib. Burada şlaqbaum quraşdırılıb və əsasən, rayondan gələn taksilər buradan özünə müştəri yığır. Yaxınlıqda yaşayan bina sakinlərindən bəziləri yaranmış vəziyyətdən narazılıq edir. Kimisi səhərlər və axşamlar yaranan səs-küydən, kimisi səliqəsiz görüntüdən, kimisi də hər hansı bir təhlükənin baş verə biləcəyindən narahatdır.

Bəzi sakinlər bu qanunsuz parklamanın səbəblərinə aydınlıq gətirməyə çalışırlar: "Bəli, burada parklama qadağandır, körpülərin altında parklama ərazisi yaratmaq qanunsuzdur, ancaq mən indi sual verirəm: nə etsinlər? Avtomobillərini harada saxlasınlar? Bu boyda ərazidə səhərlər və axşamlar tıxac əlindən tərpənmək olmur, o ki qaldı hələ parklama ərazisi ola. Burada sözügedən ərazini yaratmaq qeyri-mümkünə çevrilib. Ona görə ki, bura sıxlıqdır, baxın, görün, o qanuni parklamanı burada necə yaratmaq olar? O körpünün altında avtomobil park edən insanlar öz kefindən bunu etmir. Rayon adamlarıdır, gəlirlər üç-beş manat çörəkpulu qazanmağa, o da kimlərinsə gözünə batır, deyəsən. İllərdir ki, burada vəziyyət belədir, nə oldu elə indi problemli, qanunsuz olduğunu fərqinə vardılar? İmkan verin, bu camaat beş manat çörək pulunu qazansın" deyə, ərazidən keçən sakin bildirib.

Ərazidə öz avtomobilini park edən sürücülərdən biri qeyd edib ki, əgər alternativ ərazi olsa, onlar məmnuniyyətlə avtomobillərini həmin yerə park edərlər: "Nə edək? Harada saxlayaq? Problemi qeyd edirsinizsə, həll yolunu da qeyd edin. Elə "qanunsuzdur", "təhlükəlidir", "olmaz" sözündən başqa heç nə bilmirlər. Yaxşı, elədirsə, bunun qanuni yolunu yaradın, biz də gedək qanun-qayda ilə avtomobilimizi park edək də. Bizə xoşdur bu vəziyyət? Nəyisə "qanunsuz" adlandırmaq üçün yetərincə səbəb axtarıb tapmaq olar, problem odur ki, sən onun qanuni olanını yarada bilmirsən axı. Yarat, sonra irad tut ki, filan yerdə qanuni parklama var, sən niyə burada qanunsuz avtomobil park edirsən?"

Problemlə əlaqədar sürücülərin və yerli sakinlərin fikirlərində həqiqət payı ondan ibarətdir ki, ərazidə qanuni parklama yeri yaratmaq üçün yetərli ərazi olduqca azdır. Adıçəkilən ərazinin Bakının ən çox tıxaca məruz qalan ərazilərindən biri olduğunu nəzərə alsaq, burada yaradılacaq hər hansı böyük parklama ərazisinin daha böyük tıxaclara səbəb ola biləcəyini təxmin etmək olar. Hərçənd ki, indi bu avtomobillər körpünün altında park edildiyindən, nəqliyyatın axışına heç bir ciddi maneə yaratmır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »