İranın Kirman şəhərində ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən mərasim zamanı qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.
Bizimyol.info xəbər verir ki, "Tehran Times" qəzeti partlayış nəticəsində azı 73 nəfərin öldüyünü açıqlayıb. Qəzetin verdiyi məlumata görə, yaralıların sayının 171 olduğu açıqlanıb.
İran mediası partlayışların terror aktı olduğunu açıqlayıb. İranın "Tasnim" agentliyi bölgədə olan iki çantanın partlayışlara səbəb olduğunu yazıb. Xəbərdə çantaların pultla partladıldığı barədə məlumatlar yer alıb.
"BBC Fars" xidmətinin məlumatına görə, Kirman meri Səid Şerbaf bildirib ki, partlayışlar 10 dəqiqə fərqlə baş verib. Dövlət televiziyasında yayılan görüntülərdə ərazidə çoxlu sayda təcili yardım və xilasedicilərin olduğu görünür.
Qadir, Bizimyol.info