Yeni il bayramı ilə əlaqədar Nərimanov və Binəqədi rayonlarında Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə növbəti "Kənddən şəhərə" yarmarkası təşkil olunub. Yarmarkada müxtəlif rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları, o cümlədən, quru meyvələr, tərəvəz bitkiləri, süd və süd məhsulları, həmçinin bal və digər arıçılıq təsərrüfatına xas müxtəlif çeşiddə məhsulların yarmarkada satışı təşkil edilib.
Satıcılar bildirir ki, məhsullarının satışı üçün onlara münbit şərait yaradılıb və qiymətlər çox ucuzdur: "Bu gün yarmarkanın son günüdür, ancaq hələ də alver davam edir. Buradakı məhsullar digər yerlərdə satılan təsərrüfat məhsullarından olduqca ucuz qiymətə satılır. Biz burada həm öz məhsullarımızı tanıtmaq imkanı əldə edirik, həm də daimi müştərilər qazanırıq. Hər il təşkil olunan belə yarmarkalarda iştirak üçün təşkilatçılar tərəfindən təşviqat kampaniyaları keçirilir. Biz də həvəslə iştirak edirik" - satıcı bildirib.
Quru meyvə sektorunda daha çox Ordubad rayonundan gələn satıcılar üstünlük təşkil etsə də, Qubadan gətirilən quru meyvələr də müştərilərdən yetərli dərəcədə rəğbət görüb: "Ordubad həmişə quru meyvələri ilə məşhur bölgə olub, ancaq indi onlara Quba rayonundan ciddi rəqiblər çıxıb. Rəqabətin olduğu yerdə həm alver yaxşı gedər, həm də məhsullar keyfiyyətli olar. Düşünürəm ki, rayonumuz bu il quru meyvələr sahəsində öz sözünü dedi" - deyə, Quba rayonundan gələn satıcı bildirib.
Məlumat üçün qeyd edək ki, həm satıcıların, həm də müştərilərinin günün əyləncəli, maraqlı keçməsi üçün yarmarkaların fəaliyyət göstərdiyi ərazilərdə musiqi şənliyi təşkil olunub, bazarda hündür şam ağacı quraşdırılıb.
Şaxta baba və qar qız yarmarkaya gələn uşaqlarla, ailələrlə fotolar çəkdirir, onlara xeyir-dua verirlər.
Mətin Şükürlü, Bizimyol.info