Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çingiz Cəlilov niyə bank gedib demirdi ki, mənim 2,4 milyonum hanı?”.
“Çudo Peçka”nın sahibinin məhkəməsində şahidlər ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Bizim Yol” xəbər verir ki, proses hakim Əhməd Quliyevin sədrliyi keçirilib. Təqsirləndirilənin vəkili Janna Bağırova cinayət işinə aidiyyatı olmayan şəxslər isintaqda şahid qismində dindirildiyini deyib: "Çudo Peçka" MMC-nin 2011-ci ildən əvvəl icarəyə götürdüyü obyektlərin sahibləri də istintaq zamanı şahid qismində dindirilib. Həmin şahidlərin işə aidiyyatı olmadığı halda,müstəntiq məqsədli şəkildə şahidlərin sayını artırıb. Bununla da göstərmək istəyiblər ki, guya onlar ağır bir cinayətin üstünü açıblar. Halbuki Çingiz Cəlilov kreditlərə görə itiham edilir və onların bu məsələyə heç bir aidiyyatı yoxdur" – deyən vəkil ittihama aidiyyatı olmayan şəxslərin adlarının şahidlər siyahısından çıxarılması ilə bağlı vəsaət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda şahidlərin dindirilməsinə başlanılıb. Şahid Leyla Abbasova hazırda "Pashabank"da filial müdiri olduğunu, 2010-cu ildə isə "Bank Standart"da işlədiyini, pul köçürmə əməliyyatına nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Çingiz Cəlilov müştəri kimi banka gəlməsə də əməliyyatlar aparılıb. Vəkil Janna Bağırova ona Çingiz Cəlilovun razılığını təsdiq edən sənəd olmadan adına olan 2,4 milyon manatın Aftandil adlı sürücünün adına köçürülməsi ilə bağlı sual verib. Şahid cavab verib ki, bu göstərişi Bankın idarə heyətinin sədri olmuş Səlim Kriman verib və onun hmin gösərişi sorğulamaq səlahiyyəti olmayıb. Şahid qeyd edib ki, sözügedən köçürmə əməliyaytına Çingiz Cəlilovun da razılığı olub: “Razılığı olmasaydı pul başqasının adına köçürülə bilməzdi”.

Vəkilin həmin əməliyyatla bağlı Ç.Cəlilovun razılıq ərizəsinin harada olması barədə sualına isə şahid belə cavab verib: “Ərizənin harda olmasını bilmirəm, çünki marağımda olmayıb. Əgər razılıq verməmişdisə, Çingiz Cəlilov niyə 2016-cı ilə qədər bank gedib demirdi ki, mənim 2,4 milyonum hanı?".

O suallara cavab olaraq Çingiz Cəlilova nə məqsədlə kredit verildiyini, pul köçürülmələrinin məqsədini bilmədiyini də söyləyib.

Şahid Elsəvər Ələkbərov isə "Neftçilər" metrostansiyasının çıxışındakı obyekti "Çudo Peçka"ya icarə verdiyini, MMC-nin obyektdə cəmi 9 ay işlədiyini deyib.

Şahid Səbuhi Əbilov “Çudo Peçka” MMC-də baş mühasib olduğunu, ancaq şirkət üçün alınan kreditlərlə heç bir əlaqəsi olmadığını bildirib.

Çingiz Cəlilovun kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma zamanı müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »