Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüqar İskəndərov: "Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımıza uyğundur"
Vüqar İskəndərov: "Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımıza uyğundur"

Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımıza uyğundur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib: “Balanslı və düşünülmüş siyasət həyata keçirən ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada isə dünya nəhənglərindən biri olan Çin Xalq Respublikası da var. Azərbaycanın etibarlı və strateji tərəfdaş kimi önəmi Çin Xalq Respublikasının sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubunda da öz əksini tapıb. Məktubda da qeyd olunduğu kimi Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir”.

Vüqar İskəndərovun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında Prezident İlham Əliyevin rolunu da xüsusi vurğulamaq vacibdir: “Elə təbrik məktubunda Si Cinpin də bu məqamın üzərində xüsusi olaraq dayanaraq “Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik” deyə qeyd edib”.

Çin rəhbərinin “Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram” sözlərinə də diqqət çəkən deputat bildirib ki, bu, ölkəmiz üçün xüsusi əhəmiyyət malikdir: “Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur. Çünki Çin artıq super dövlət kimi dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilib. Bu səbəbdən Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Heç şübhəsiz münasibətlərin bu cür inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurunun növbəti göstəricisidir. Çin kimi dünyada nüfuzlu və böyük dövlətlə strateji tərəfdaşlıq səviyyəsinə çatan münasibətlərin formalaşması rəsmi Bakının tərəfdaş seçimində necə düşünülmüş bir siyasət həyata keçirdiyini ortaya qoyur. Prosesin bu cür inkişafında Azərbaycan Prezident ilə Çin sədrinin şəxsi dostluq münasibətlərinin də xüsusi rolu olub”.

Son xəbərlər
Bütün xəbərlər »