Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzanın gələcəyi: Müharibədən sonrakı ssenarilər
Qəzzanın gələcəyi: Müharibədən sonrakı ssenarilər

Bölgədə davamlı sülh İsrailin insanlığa qarşı cinayətlərinə görə məsuliyyət daşımasından, ABŞ və bəzi Avropa ölkələrinin cəzasız qalmasının qarşısının alınmasından və Təl-Əvivin beynəlxalq hüquqa tabe olmasından asılıdır.

Qətər Universitetindən Prof. Əli Bakır Qəzzadakı müharibədən sonra Qəzzanın idarəçiliyini kimin ələ keçirə biləcəyi ilə bağlı Türkiyə mətbuatına yazıb.

İsrailin 2023-cü ildə Qəzzaya qarşı apardığı müharibə, İsrailin hücumu üzərinə toz çökdükdən sonra Qəzzanın gələcəyində kimin söz sahibi olacağı ilə bağlı fərziyyələri artırıb. Bu suallar təkcə Qəzza və Fələstinlilərin yaxın gələcəyi üçün həlledici deyil. Bunun həm də Yaxın Şərq və beynəlxalq diplomatik səylər üçün geniş nəticələri var.

Baş verən fəlakətin mərkəzində 2006-cı il seçkilərindən sonra Qəzzada faktiki idarəetmə orqanına çevrilən Həmasın taleyi dayanır. İsrail rəsmiləri bildiriblər ki, oktyabrın 27-də Qəzzaya qoşun yeritmək qərarından sonra məqsəd HƏMASı "məhv etmək"dir. Lakin bu halda HƏMASı “məhv etmək” demək olar ki, qeyri-mümkün olur, çünki “HƏMASın məhv edilməsi” aksiyasının necə həyata keçirildiyi müəyyən edilməyib.

Bununla belə, elan edilmiş məqsəddən asılı olmayaraq, Təl-Əviv işğal olunmuş Fələstin ərazisinin müxtəlif yerlərindən Qəzzaya gələn qaçqın fələstinlilərin Misirdəki Sinay səhrasına deportasiya edilməsi barədə fikirlər səsləndirib. Hərbi əməliyyatdan sonra hər birinin özünəməxsus mürəkkəbliyi və çətinlikləri olan bir sıra ssenarilər ortaya çıxır.

Fələstin hakimiyyətinin qaytarılması

İsrailin Fələstin administrasiyası üzərindəki təsirini və Mahmud Abbas administrasiyasının fələstinlilər arasında nüfuzunun azaldığını nəzərə alsaq, bu variant mümkün deyil. İsrail həm 2 dövlətli həlli yoldan çıxarmaq, həm də Fələstin tərəfində adekvat tərəfdaş olmadığını iddia etmək üçün Fələstin rəhbərliyinin nüfuzunu davamlı və ardıcıl olaraq sabotaj edib və zəiflədib.

ABŞ-dakı Bayden administrasiyası Qəzzada "canlandırılmış" Fələstin administrasiyasının hakimiyyətə qayıtmasını görmək istəyinə işarə edib. Bununla belə, bu cür təklifin məqbulluğu, eləcə də həyata keçirilə bilməsi mübahisəlidir. Bundan əlavə, “canlandırma” düsturu qeyri-müəyyəndir və xarici güclərin təsiri altına düşə bilər ki, nəticədə Fələstin administrasiyasının başına bir İsrail kuklası qoya bilər.

Bu mənada son illərdə Mahmud Abbasın yerinə Məhəmməd Dahlanın gətirilməsi ilə bağlı müəyyən planlar qurulub. İsrailin Qəzzanı işğal etməsindən sonra "The Economist" jurnalı Dahlan haqqında təhlil-hesabat dərc edərək, onu müharibədən sonrakı Qəzza üçün bir seçim kimi tanıtmaq məqsədi daşıyır. Lakin Dahlan bu rolu istədiyini inkar edib. Əslində, fələstinlilərin əksəriyyəti Dahlanı korrupsioner İsrail elementi kimi görür.

HƏMAS-ın möhkəmliyi və populyarlığı artır

HƏMAS 1987-ci ildə İsrail işğalına qarşı Birinci İntifadanın başlamasından sonra yaradılıb. Həmas Fələstin cəmiyyətində və siyasətində dərin yer tutur. Bu mənada HƏMASın tamamilə sıradan çıxarılmasını gözləmək real deyil. Üstəlik, İsrailin Qəzzada fələstinlilərə qarşı davam edən hücumlarından sonra HƏMASın populyarlığının artdığı bildirilir. Bu, HƏMASın İsrail işğalına qarşı müqavimət göstərən bir qüvvə kimi Fələstin cəmiyyətində əhəmiyyətli təsir və dəstəyə malik olduğunu göstərir.

Bu ssenaridə, 2002-ci ildən İsrail tərəfindən həbsdə olan milli azadlıq lideri Mərvan Bərquti Fələstin Azadlıq Təşkilatında (FAT) və Fələstin administrasiyasında liderlik rollarını öz üzərinə götürərsə, HƏMASın canlandırılmış Fələstin administrasiyasında mümkün iştirakı ehtimalı daha yüksək görünür. Bu vəziyyət ABŞ və Avropa tərəfindən azad, müstəqil və suveren Fələstinin dərhal tanınması, eləcə də, effektiv həyata keçirilməsini tələb edəcək.

Xarici iştirak

İsrailin fələstinlilərə qarşı davam edən müharibəsi zamanı bir çox güclər müharibədən sonra Qəzzada beynəlxalq və ya ərəb hərbi mövcudluğu ideyasını irəli sürüb. Ərəb hökumətləri ərəblərin İsrail tankının arxasına minərək Qəzzaya girməyəcəklərini vurğulayaraq bu təklifi rədd etdilər. İbrahim Sazişləri hökumətlərinin potensial rolu kimi digər fikirlər bağlı qapılar arxasında keçirilən görüşlərdə qaldırılmış ola bilər.

Bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Knessetin iclasında deyib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzzanın müharibədən sonra yenidən qurulmasını maliyyələşdirəcək. BƏƏ isə Qəzzanın yenidən qurulması üçün maliyyə və siyasi dəstəyi ABŞ-ın dəstəklədiyi təşəbbüsün 2 dövlətli həll yolunda irəliləməsinə şərt qoyacaqlarını açıqlayıb.

Türkiyə bölgədəki və regiondan kənar ölkələrin həm fələstinlilər, həm də israillilər üçün qarant rolunda çıxış etməsi modelini təklif edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Biz humanitar, siyasi və hərbi varlığımızla Fələstin tərəfinin təminatçılarından biri olmağa hazırıq. Və biz güclü iradəyə malik ölkələri təklifimizi nəzərə almağa çağırırıq”, - deyə bildirib.

İştirakın bütün bu formaları ilə bağlı problem ondan ibarətdir ki, heç bir ölkə, xüsusən də ABŞ və Avropa ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozan İsraili təsirli şəkildə hər hansı bir razılaşmanı pozmaqdan çəkindirməyə, onu məsuliyyətə cəlb etməyə və ya nəticə çıxarmağa təhrik etmək istəmirlər.

İsrailin Qəzzanı birbaşa hərbi işğalı

2005-ci ildə İsrail Qəzzanın işğalına son verdiyini iddia etdi. Lakin bu çaşdırıcı bəyanat İsrailin Qəzza üzərində “effektiv nəzarəti” olması ilə bağlı faktlarla ziddiyyət təşkil edirdi. Oktyabrda Qəzzaya quru işğalından sonra İsrail Qəzzada ümumi təhlükəsizlik nəzarətini saxlamaq niyyətində olduğunu bəyan edib. Bu ssenari Qəzza əhalisinin azalması da daxil olmaqla müxtəlif yollarla özünü göstərə bilər.

Bu kontekstdə İsrail gələcəkdə özünə qarşı “sürpriz” hücumların qarşısını almaq üçün Qəzza ilə öz sərhədi arasında şimaldan cənuba bufer zona yaradılması ideyasını irəli sürür. Bu təklif HƏMASın məhv edilməsi, Qəzzanın demilitarizasiyası və bölgənin deradikalizasiyası daxil olmaqla üç mərhələli prosesin bir hissəsi olacaq.

İsrail bu planları əvvəllər həm Fələstində, həm də Livanda sınaqdan keçirib və uğursuzluğa düçar olub, çünki işğal var olduqca müqavimət də olacaq. Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Berqusi də bunu təsdiqləyən açıqlama verib. Mustafa əl-Berqusinin sözlərinə görə, Netanyahunun məqsədi Qəzzanı etnik təmizləmək və Qəzza xalqı olmadan əsgərlərlə zolağa nəzarət etməkdir.

Qəzza üçün müharibədən sonrakı ssenarilər nə olursa olsun, işğal, məskunlaşmanın genişləndirilməsi və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun inkarını əhatə edən İsrail-Fələstin münaqişəsinin daha geniş kontekstini tanımaq vacibdir. Üstəlik, regionda davamlı sülh İsrailin insanlığa qarşı cinayətlərinə görə məsuliyyət daşımasından, ABŞ və bəzi Avropa ölkələri tərəfindən təmin edilən cəzasızlığın qarşısının alınmasından və Təl-Əvivin beynəlxalq hüquqa tabe olmasından asılıdır. Bundan əlavə, İsrailin fələstinlilərə qarşı hazırkı müharibəsi azad, suveren və müstəqil Fələstin Dövləti ilə nəticələnməyəcəksə, biz özümüzü daha pis ssenarilərə hazırlamalıyıq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »