Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlham Əliyev sadəcə hərbi meydanda deyil, siyasi arenada da "havadar" dövlətlərlə "döyüşməli" oldu"
"İlham Əliyev sadəcə hərbi meydanda deyil, siyasi arenada da "havadar" dövlətlərlə "döyüşməli" oldu"

"Cənab İlham Əliyevin “Yeni Azərbaycan” partiyası tərəfindən yenidən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi bütün xalq tərəfindən dəstəklənir. Nəinki Azərbaycan vətəndaşları, Türk dünyası və sülhsevər insanlar bu namizədliyin lehinədir. Çünki ölkə rəhbəri son 20 ildə olan fəaliyyəti ilə özünü təsdiq edib. Azərbaycan çox mühüm sahələrdə dünyanın aparıcı dövlətlərindən birinə çevrilib".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, son 20 ildə ölkə üzrə ümumdaxili məhsul 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox və valyuta gəlirlərimiz 37 dəfədən çox artıb. Kənd təsərrüfatı 2,2, nəqliyyat 4,9 ,turizm 18,9 artıb və digər sahələrdə də çox mühüm iqtisadi göstəricilər var.

Tahir Rzayev Tahir Rzayev

Deputatın sözlərinə görə, bu dövrdə ölkədə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı uğurla həyata keçirilib. Bu da regionların əsaslı şəkildə dəyişməsinə səbəb olub. Belə ki, ölkə ərazisində 3250-dən çox yeni məktəb binası, 800-ə yaxın səhiyyə müəssisəsi və digər çox saylı binalar tikilib, təmir olunub, yenidən istifadəyə verilib. Ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar çox mühüm tədbirlər həyata keçirilib. Pensiyalar, müavinətlər, təqaüdlər və əmək haqqları bir neçə dəfə artırılıb. Ölkənin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında əsaslı tədbirlər görülmüş, 21000 km-dən artıq yol çəkilib istifadəyə verilmişdir. Tahir Rzayevin sözlərinə görə, bu gün bu əsaslı bərpa və quruculuq işləri uğurla yerinə yetirilir.

“Çox sevindirici haldır ki, son 20 ildə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard manat təşkil etmişdir. Bu çox böyük rəqəmdir. Cənab prezident çox çıxışlarında bu rəqəmə müraciət etməklə, həm də qarşıya belə bir vəzifə qoymuşdur ki, mütləq xarici investorlar Azərbaycana dəvət olunmalıdır və onlar Azərbaycana yeni investisiyalar qoymalıdırlar”-deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, İlham Əliyev əldə olunan bütün nailiyyətlərin qazanılmasında Azərbaycan xalqına arxalanır, tələblərimizin əldə olunmasında Azərbaycan ordusunun xidmətlərini xüsusilə qeyd edir. Cənab prezident Azərbaycan xalqının iqtidarla, prezidentlə bir olduğunu daim xatırladır və bildirir ki, “bu birlik bizi daha uğurlu gələcəyə aparır”.

“Məhz belə bir şəraitdə biz növbədənkənar seçkilərə gedirik. Sözsüz ki, bu seçkilər Azərbaycan xalqı üçün uğurlu, həm də qürurverici olacaq. Çünki bütün seçicilər - hər bir Azərbaycan vətəndaşı öz prezidentinə inanır. Dövlət başçısına böyük hörmət və ehtiram göstərilir. Bu gün prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. Çünki onun əldə etdiyi qələbələr, uğurlar beynəlxalq aləmdə qazanılan o göstəricilər İlham Əliyevi artıq təsdiq edib. Və növbəti seçkilərin nəticəsi də bir daha xalqın öz prezidentinə olan inamını və hörmətini göstərəcək.

Mən iqtisadi nəticələri, beynəlxalq aləmdə qazanılan uğurları, prezidentimizin bəşəri ideyaları və təşəbbüsləri nəticəsində həyata keçirilən və dünya xalqlarına xoşbəxtlik, əməli köməklik bəxş edən təşəbbüslərini demirəm, sadəcə tarixi qələbələrimizin doğurdugu nəticələri nəzərə alsaq, cənab İlham Əliyev Azərbaycanın ömürlük prezidentidir və buna layiqdir. Çünki 30 il işğal altında qalan torpaqlarımız yenilənən şəhər və kəndlərimiz cənab İlham Əliyevin çox böyük uzaqgörən siyasəti nəticəsində böyük ordu quruculuğu sayəsində düşməndən azad olundu. Azərbaycan prezidenti həmin qələbələrin qazanılmasında təkcə cəbhədəki düşmənlə yox, düşmənə havadarlıq edən və bu gün də Azərbaycana şər-böhtan atan, çox böyük dövlətlərlə siyasi arenada "döyüşməli" oldu. Və bizim hər birimiz bunun şahidi olduq. Bu gün sevinirik. Azərbaycan qalibdir və Azərbaycan prezidenti qəhramandır. Azərbaycan ordusu öz sözünü deməyə qadirdir.

Növbədənkənar seçkidə Azərbaycan xalqı öz müzəffər oğluna, prezident və ali baş komandan cənab İlham Əliyevə səs verməklə Azərbaycanın daha uğurlu xoşbəxt sabahını təmin edəcəkdir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »