Binəqədidə "DSK yolu" adlanan şosse yolda yerli sakinlərin yol keçidi problemi aradan qaldırılıb. Yolun hər iki tərəfinə keçid lövhələri quraşdırılıb və yol zolaqlanıb. Yerli sakinlərin müraciətinə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) operativ şəkildə problemə müdaxilə edərək, onu aradan qaldırıb.
Yeri gəlmişkən, ərazidə işıqforların olmaması da ciddi problemlərdən biridir. Bu haqda AYNA-dan Bizimyol.info xəbər portalına bildirilib ki, orada işıqfor quraşdırılması hələlik mümkünsüzdür, bunun üçün gərək DİN ilə AYNA ortaq müzakirə aparıb, yekun qənaətə gəlsinlər.
Dövlət Yol Polisinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı saytımıza bildirib ki, işıqforların quraşdırılması məsələsinə AYNA və DİN-nin nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) birlikdə baxır.
P.S. Yerli sakinlərin müraciətinə operativ yanaşıldığına və həlli mümkün olan problemi aradan qaldırdıqlarına görə Yerüstü Nəqliyyat Agentliyinə və məsələni diqqətdə saxladığı üçün Mətbuat Xidməti rəhbərliyinə həm yerli sakinlər, həm də öz adımızdan minnətdarlığımızı bildiririk.
Mətin Şükürlü, Bizimyol.info