Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçirilib.
Bizimyol.info xəbər verir ki, qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq olub.
Qurultayda çıxış edənlər sırasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 5-10 ildən sonra məktəblərdə güclü müəllimlər işləyəcək.
“Pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb və bildiririk ki, 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 faizini məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə işlərdə görülür”,-deyə Məleykə Abbaszadə qeyd edib.
Tədbirdə çıxış edən Məleykə Abbaszadə vurğulayıb ki, hazırda markerlərin sayı kifayət qədər olmadığına görə buraxılış imtahanlarının nəticələrinin yoxlanılması çox vaxt aparır. Bu səbəbdən də sədr, fürsətdən istifadə edərək, öz biliyinə güvənən və yeni alətləri mənimsəməyə açıq olan müəllimləri əməkdaşlığa dəvət edib.
Leyla Mirzə, Bizimyol.info