Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rejissorlar onu kinolarında görmək istəyirdi"... Xalq artisti Ramiz Məlikin vida mərasimi keçirildi - Video
"Rejissorlar onu kinolarında görmək istəyirdi"... Xalq artisti Ramiz Məlikin vida mərasimi keçirildi - Video

Bu gün Azərbaycanın mədəniyyət dünyasına ağır itki baş verib. Görkəmli xalq artisti Ramiz Məlik bu gün səhər saatlarında haqqın dərgahına qovuşub. Saat 13:00-da Heydər məscidinin mərasim evində baş tutan vida mərasimində bir çox incəsənət adamları, tanınmış aktyorlar və ziyalılar iştirak ediblər.

"O, sənətinə, işinə bağlı böyük bir aktyorumuz idi. İnsanı dəyərli edən nədir? Təbii ki, özündən sonra həyatda qoyub getdikləri. Ramiz Məlikin bu həyatda qoyub getdiyi çox dəyərli işlər, xatirələr, gözəl sənət nümunələri var. Sənətçinin ömrü onun fiziki olaraq dünyadan köçməsi ilə bitmir. Bəlkə də səyahət elə bundan sonra başlayır. Allah ona rəhmət eləsin" - teatr və kino aktyoru Nurəddin Mehdixanlı mərhum sənət adamı Ramiz Məliklə bağlı xatirələrini bölüşərkən qeyd edib.

"Ramiz Məlik həyatı sevən, çılğın təbiətli bir insan idi. Həyatı o qədər çox sevirdi ki, vəziyyəti ilə barışmaq istəmirdi və mübarizə aparırdı. Müxtəlif rollarda oynayacağı ilə bağlı danışırdı, hədəfləri var idi. Bir çox rejissorlar onu kinolarında görmək istəyirdi. Ancaq olmadı, Allah bilən məsləhətdir" - sənətçi dostları mərhum aktyoru son mənzilinə uğurlayarkən bildirib.

Məlumat üçün qeyd edək ki, tanınmış aktyor bu ilin avqust ayında 80 illik yubileyi ilə bağlı, eyni zamanda incəsənət sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə ölkə başçısı tərəfindən fəxri diplom və "Şöhrət" ordeni ilə təltif edilmişdi.

Mərasim evində aktyorla keçirilən son vida mərasimindən sonra Ramiz Məlikin nəşi İkinci Fəxri Xiyabana yola salınıb.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »