Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni sülh "müharibəsi" və "geopolitik seçki"
Yeni sülh "müharibəsi" və "geopolitik seçki"

Ölkə növbədənkənar prezident seçməyə hazırlaşır. Bir neçə gün əvvəl prezident özü sərəncam imzalayıb və 2024-cü il fevralın 7-nə səsverməni təyin edib.

Sual oluna bilər: Azərbaycan prezidentinin belə bir səlahiyyəti varmı? Əlbəttə, var. Konstitusiyanın 101-ci maddəsi ona belə bir səlahiyyəti verib. Bu səbəbdən, İlham Əliyevin opponentləri onun növbədənlənar seçkilərlə bağlı qərarını hüquqi baxımdan mübahisələndirə bilməz və mübahisələndirmir də. Ancaq siyasi müstəvidə tənqid edir.

Tənqidi mülahizələrin əsas vektorlarından biri budur ki, normal seçki şərtləri yoxdur. İkincisi isə odur ki, prezident bu qərarını verərkən nəinki cəmiyyətlə məsləhətləşib, hətta öz partiyası ilə də müzakirə etməyib. Üçüncü bir tənqid tezisi isə belədir: niyə prezident bu gözlənilməz qərarının səbəblərini cəmiyyətə açıqlamır?!

Bu mülahizələri qısaca təhlil etsək, bu iddialara iqtidar tərəfin də mümkün arqumentlərinə nəzər salmaq lazım gəlir.

Əvvəla, şərtlərin uyğun, şəraitin normal olmamasına belə cavab verilə bilər ki, eyni şərtlər daxilində müxalifət əvvəlki seçkilərdə də iştirak edib. Əgər oyunun şərtləri dəyişməyibsə, niyə dünən seçkilərə qatılanlar bu gün əksinə mövqe tuturlar?! Anormallıq varsa, əvvəl də vardı, indi də var.

İkincisi, ictimai müzakirələr və öz partiyasında müzakirə ilə bağlı məsələ. Bu, bir Konstitusion dövlət institutunun - bir şəxsin özünün özü ilə bağlı qərarıdır. Bu qərarı qəbul etmək səlahiyyətini prezidentə Konstitusiya verib. Konstitusiya isə referendumla, yəni ümumxalq səsverməsi ilə qəbul olunub. Cəmiyyətlə məşvərət kimi siyasi bir anlayış referendum kimi Konsitusion anlayışı əvəz edəcəkdi?! Təsəvvür edin: prezident əhaliyə müraciət edib soruşur: "Konstitusiyanın 101-ci maddəsinin birinci bəndi ilə mənə verilmiş səlahiyyətdən istifadə edim, ya etməyim?" Bu ki, absurddur. Necə ki, 2020-ci ildə Ali Baş Komandan olaraq İlham Əliyev hərbi əməliyyatlara başlamaq əmri sorğulanmadı, bu da o qəbildəndir.

Partiyasında müzakirəyə gəlincə, son qurultayda partiya bu tipli məsələlərdə qərar qəbul etmək səlahiyyətini öz sədrinə verib. Seçkinin, prezidentin oponentlərinin dediyi kimi, "qəfil", "gözlənilməz" olmasına gəlincə, siyasi sistemin iştirakçıları üçün qəfil, gözlənilməz deyə bir şey yoxdur. Siyasətçi hər an rəqibinin hər həmləsinə hazırlıqlı olmalıdır. Əlbəttə, əgər siyasətlə ancaq seçkidən seçkiyə məşğul olmursa. Yaxud, heç məşğul olmursa (ki, istər elə, istərsə belə, seçkidə iştitakdan imtina özü də siyasətlə məşğul olmaqdan imtinadır). Hələ üstəlik belə bir fikir də səslənir ki, niyə bu seçkilər indi - Qarabağdakı qələbədən, ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra təyin edilib?

Hərçənd bu iradın da yeri yoxdur, çünki İlham Əliyev hazırda prezident kimi dövlət səlahiyyətlərini həyata keçirən Konstitusion subyekt olmaqla yanaşı, həm də siyasətçidir; o, əlbəttə, növbədənkənar seçki qərarını özünün siyasi olaraq üstün məqamında verməkdə də sərbəstdir. Bunu da mübahisələndirmək çətindir. Həm də bu qərar daxili siyasi səbəblərdən də çox regional, geosiyasi məsələlərlə bağlıdır. "Gözlənilməz" addımın əsas sirri burda gizlənib. Konkret olaraq, Ermənistanla sülh danışıqları üzərindən Azərbaycana basqıları dəf etmək zərurəti də, məncə, burada əsas rolu oynayıb.

Prezident ADA Universitetindəki məlum forumda sülh danışıqlarının detallarını, sizcə, niyə açıqladı?!

Səbəbləri var: Ermənistan tərəfi yeni təklifləri ilə sülh prosesini daha da çətinləşdirmişdi. Vaşinqtonda və Londonda keçirdiyi görüşlərdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib ki, əgər rəsmi Bakı İrəvanın yeni təkliflərini qəbul etsə, dekabrın sonuna qədər sülh müqaviləsi imzalana bilər.

Təkliflər nədir?! Bunlar: hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü rəsmən tanıması (ki, bunu ən çox Azərbaycan istəyir); dövlət sərhədlərinin 1975-ci ilə aid xəritə əsasında delimitasiya edilməsi; Qarabağdan köçmüş erməni əhalinin oraya qayıdışının və təhlükəsizliyinin təmin edilməsi.

Azərbaycanın razı olduğu bir bəndi yazıb, ardınca Ermənistanı qane edən iki müddəanı sənədə daxil etmək istəyirlər.

Azərbaycan, təbii ki, Ermənistanın əsas götürdüyü xəritə ilə razılaşmır. Ancaq ən əsas mövqe fərqi Qarabağın erməniəsilli əhalisinin qayıdışı ilə bağlıdır; Azərbaycan Ermənistanın təklifinə razılaşsa, o zaman Qarabağ ermənilərinin guya "qaçqın" düşdüyü haqda İrəvanın tezisini qəbul etmiş olur. Bu da o deməkdir ki, Qarabağda guya "etnik təmizləmə" baş verdiyi dolayısı ilə təsdiqlənmiş olacaq. ABŞ da, Avropa İttifaqı da, Fransa da həmin erməni əhalini "qaçqın" kimi tanıma siqnalları verib. Halbuki, onların təhlükəsizliyinə Azərbaycan tərəfindən ən yüksək səviyyədə təminatlar verilməsinə baxmayaraq, öz avtomobillərinə əyləşib deyə-gülə ölkəni tərk etmişdilər. Bunu bütün dünya görsə də, bilsə də, yenə də haqsız mövqe tutmaqda davam edən dövlətlər, təşkilatlar var. Hətta bu əhalinin sayına dair süni, yalançı statistika da hər gün bir az "artır"; yalan təbliğat auksionunda son rəqəmi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel səsləndirib. Bu səbəbdən, Prezident İlham Əliyev: "Cənab Borrel yuxular görür" demişdi. Öz Vətəni İspaniya separatizmdən əziyyət çəkdiyi halda, Azərbaycana qarşı separatizmi dəstəkləyən Borrel və onun Qərbli həmfikirləri gördüyü "yuxuları"ı - "etnik təmizləmə" adlı bir uydurmanı baş vermiş fakt kimi Azərbaycanın boynuna qoymaq istəyirlər. Bu yerdə Ermənistan TŞ katibi Armen Qriqoryanın səsləndirdiyi təklifin - "tezliklə imzalanacaq" sülh müqaviləsinə beynəlxalq səviyyədə "qarantyorlar institutu" yaradılması ideyasının haradan qaynaqlandığı bəlli olur.

Bu avantürist ideya, Qərb siyasətçilərinin İrəvana yazdırdığı psevdodiplomatik diktantdır. Azərbaycan bu diktantın diktatını qəbul etmədikdə, Türkiyə üzərindən basqılara cəhd olunur; ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidana zəng edir və Ankaradan "qarantyorlar institutu"na razılıq almağa çalışır. Nazir Fidan isə Blinkenə: "Regionda normallaşma regionun özünün marağındadır" deyə rədd cavabı verir. Bunun diplomatik dildən çevirməsi: "Qarantyora ehtiyac yoxdur, əgər lazım olsa, regionun özündə belə aktorlar var, siz müdaxilə etməyin" deməkdir.

Məlumdur ki, Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya və İran da Qərbin "qarantyorluq" planlarına qarşıdır. Əslində Azərbaycanın aktiv lobbiçiliyini etdiyi "3+3", "3+2" formulaları, eləcə də, Cənubi Qafqazda üçtərəfli (Azərbaycan, Gürcüstan, Ermənistan arasında) əməkdaşlıq formatı - "Qafqaz evi" ideyası elə sülh müqaviləsinə ən etibarlı qarantyorluq mexanizmləri kimi düşünülüb. "Qafqaz evi"nin bünövrəsi kimi isə Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyinin Gürcüstana təklif olunmasıdır. Bu, rəsmi Bakının təşəbbüsüdür. Yeri gəlmişkən, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün həmin məsələni Bakıda Azərbaycan rəsmiləri ilə müzakirə edib. Prezidentin də qəbulunda olub.

Gürcüstanın vasitəçiliyinə hələ ki, Ermənistan isti yanaşmır. Amma Azərbaycanın bu təşəbbüsü, faktik olaraq, ən doğru və kompromis variantdır (təbii ki, birbaşa dialoq da istisna edilmədən). Çünki Gürcüstanın vasitəçiliyi ilə və ya vasitəçisiz birbaşa danışıq formatları Qərbin və ya Rusiyanın kənarda qoyulması demək deyil.

Məlumdur ki, Armen Qriqoryan "qarantyorlar institutu" deyərkən orada ABŞ-ın, Avropa İttifaqının, ayrılıqda Fransanın, eləcə də, Böyük Britaniyanın iştirakını nəzərdə tutur. Azərbaycanın müqavimətini qırmaq üçün Türkiyə də qarantyor olaraq dəvət olunub. Məqsəd Rusiyanı prosesdən kənarda və üstəlik, Azərbaycana və Türkiyəyə qarşı qoymaqla Bakının və Ankaranın prosesdə əlini, gücünü zəiflətmək, Ermənistana və Ermənistan üzərindən Qərbə sərfəli variantları keçirməkdir. Nəticə olaraq, Qarabağdan könüllü köçmüş erməniləri "etnik təmizləməyə məruz qaldığı üçün" öz yaşayış yerlərindən "qaçqın düşmüş" zərərçıkmişlər kimi Azərbaycana - Qarabağa qaytarmağa nail olmaq, sonra da onların "təhlükəsizliyini təmin etmək" adı altında "sülhməramlı" missiya formalaşdırıb, regiona göndərmək planları var. Bir sözlə, Qərb bu yolla bölgəyə gəlib, Rusiyanı regiondan çıxarmağı hədəfləyib. Rusiyanın çıxarılması Rusiyanı ilgiləndirir. Ancaq belə görünür ki, məlum Qərb dairələri Ermənistana reveransları etmək, erməni cəmiyyətində rəğbət qazanaraq möhkəmlənərək - Azərbaycanın maraqlarını və suverenliyini heçə sayaraq Cənubi Qafqazda yerləşmək istəyir. "Qarantyorlar institutu" oyunu buna yönəlib.

Azərbaycan, təbii ki, sülh axtarışındadır; ölkə rəhbərliyinin belə bir iradəsi var. Əhalinin böyük çoxluğu da Ermənistanla sülhün tərəfdarıdır (Sosial Tədqiqatlar Mərkəzinin noyabrın sonunda keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 78 faizi sülh müqaviləsinin imzalanmasını istəyir). Ancaq, bu, o demək deyil ki, Azərbaycan öz maraqlarını təhdid edən sülhə razı olacaq. Aydındır ki, bununla razı ola bilməz.

Azərbaycanın dəqiq və haqlı mövqeyi var: özü könüllü olaraq Ermənistana getmiş əhalinin eyni qaydada - könüllü olaraq elektron portal üzərindən Azərbaycan dövlətinə vətəndaşlıq almaq üçün müraciət edə bilər. Prezident növbəti dəfə bu mexanizmi xatırlatdı. Çünki Ermənistanın keçmiş rəhbərləri, eləcə də, Qarabağdakı separatçılar Qarabağın erməni icmasını, faktik olaraq, tələyə salıblar; onlara Ermənistanın vətəndaşlığını veriblər. Beləliklə, Azərbaycana qayıtmaq, Azərbaycanda daimi yaşaya bilmək üçün həmin əhali Azərbaycan vətəndaşlığını əldə etməlidir. Bununla yanaşı Azərbaycan təklif edir ki, Ermənistandan deportasiya olunmuş yüzminlərlə azərbaycanlının da Ermənistana qaytarılması təmin edilsin. Doğrudur, Ermənistan parlamentinin spikeri Simonyan: "Azərbaycanlılar da qayıdıb Ermənistanda yaşaya bilər" deyə Bakının tezisini vurmağa çalışdı. Ancaq qarşılıq olaraq, Bakı Ermənistanın da Azərbaycan kimi elektron qayıdış portalı yaratmasını istədi. Buna isə reaksiya olmadı.

Və nəhayət, Azərbaycan prezidenti daha bir gediş etdi. Məlum olduğu kimi, Ermənistan və Qərb dairələrində belə spekulyativ fikirlər də dolaşır ki, Azərbaycanla Ermənistan arasında müqavilə imzalansa da, sülh kövrək olacaq; prezident Əliyevin konstitusion səlahiyyət müddətinin bitməsinə 1 ildən bir az çox vaxt qalır. O zamana ölkədə siyasi situasiyanın necə olacağı bilinmir. İndi sülh müqaviləsinə imza atan şəxs 1 il 3 aydan sonra yenidən prezident seçilməyə bilər. Başqa şəxs və ya başqa siyasi qüvvə gəlib müqaviləni denonsasiya edə bilər. Bu səbəblərə görə müqaviləni beynəlxalq qarantiya altına almaq lazımdır və sair. Bir sözlə, Qərb dairələri İlham Əliyevin prezidentlik müddətinin sonuna qısa vaxt qalmasını oyunda ehtiyat kart kimi saxlamışdılar. Bu da Prezidentin növbədənkənar seçkilərə, deyildiyi kimi, qəfil getməsinin əsas səbəblərindən biri ola bilər. Beləliklə, bu növbədənkənar seçki və onun nəticəsi imzalanacaq sülh müqaviləsinə növbəti 7 ildə İlham Əliyevin özünün Prezident olaraq şəxsən qarant duracağını isbat etməsi üçündür. Öz siyasi reytinqinin indiki səviyyəsində seçkiyə getməsi, bu baxımdan məntiqlidir; legitimliyini şübhə altına almaq çətin olacaq, daha doğrusu, indiki situasiyada mümkün də görünmür.

Bunlar, təbii ki, bizim şəxsən gəldiyimiz qənaətlərdir. Əlbəttə, əgər siyasi prosesləri düzgün oxuya bilmişiksə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »