Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çirkli pul yuyanlar qanun çərçivəsində həbs olunur, "haqsız" əldə edilən əmlakları müsadirə olunur"
"Çirkli pul yuyanlar qanun çərçivəsində həbs olunur, "haqsız" əldə edilən əmlakları müsadirə olunur"

Son zamanlar Türkiyədə "fenomen ovu"na başlanılıb. Yüzlərlə fenomenin sərvəti müsadirə olunub və proses üzrə araşdırma aparılır. Maraqlısı budur ki, bir neçə il əvvəl orta səviyyədə ya da kasıb vəziyyətdə olan fenomenlərin çoxu son 2-3 ildə "heyrətamiz" şəkildə varlanıb. Bəzilərinin yüzlərlə gözəllik salonları var. Bu isə, dövlətin müvafiq strukturlarında müəyyən şübhə "dalğa"sı yaradıb. Axı fenomenlik, keçid paylaşma və yaxud hansısa salonları və obyektləri reklam etməklə onlarla evə, villaya, bahalı avtomobillərə sahib olmaq mümkün deyil. Bu zaman bir fikir ortaya gəlir: çirkli pulların yuyulması...

  • Nədir çirkli pulların yuyulması?
  • Proses necə həyata keçirilir?

Bizimyol.info xəbər portalının suallarını hüquqşünas Ramil Süleymanov cavablandırıb.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

“Qeyri- qanuni yolla, cinayət yolu ilə əldə olunmuş maliyyə vəsaitlərinin iqtisadiyata rəsmi şəkildə təqdim olunması və açıq şəkildə istifadə olunması çirkli pulların yuyulması deməkdir. Yəni bu, cinayət yoluyla əldə olunmuş əmlak və vəsaitlərin leqallaşdırılmasıdır. Burada əsasən nağd pulların müxtəlif bank hesablarına köçürülməsi nəzərdə tutula bilər. Və ya əksinə bank hesablarından pulların çıxarılması, nağdlaşdırılması və bu şəkildə idarə olunması anlaşıla bilər.

Eyni zamanda saxta şirkətlərin yaradılması ilə vergi orqanında qeydiyatdan keçməklə, bir dövriyənin göstərilməsi və bu dövriyyə üzərindən pulların leqallaşdırılması da çirkli pulların yuyulması üsullarındandır”-deyən hüquqşünas qeyd edib ki, burada əsas məsələ mənbələrin gizlədilməsidir. Bu səbəbdən də bu işləri həyata keçirən şəxslər ofşor şirkətlər vasitəsilə məsələnin həllinə nail ola bilirlər.

Ramil Süleymanov vurğulayıb ki, çirkli pulların yuyulması mexanizmlərindən biri də daşınmaz əmlakların alınmasıdır. Bura torpaq sahələrinin və çoxmərtəbəli binalarda məzillərin, villaların və ya yaxtaların alınması daxildir.

“Digər bir üsul, qiymətli kağız bazarında müxtəlif şəxslərin peyda olmasıdır. Qızıl-zinət əşyaların alınmasını da bura daxil etmək olar. Ümumiyyətlə, qızıl- zinət əşyaları qara bazardan da, qeyri rəsmi şəkildə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan ticari nöqtələrdən də əldə edilə bilər”-deyə Ramil Süleymanov vurğulayıb.

Çirkli pul yuyanların digər üsulu da, banklarda yaxın qohumların adına hesabların açılmasıdır. Ekspertin sözlərinə görə, bu məsələ ilə bağlı 2009-cu ildə “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi haqqında” qanun bu il qüvvədən düşüb və onun yerinə iki qanun “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun və “ Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.

““Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşlaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun 25 maddədən ibarətdir. Kifayət qədər müddəaları açıqdır və burda qeyd olunur ki, cinayət yoluyla əldə olunmuş əmlak Cinayət Məcəlləsində təsbit olunmuş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı şəkildə əmlakların alınmasıdır. Cinayət yoluyla əldə olunmuş əmlakın leqallaşdırılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193.1-ci maddəsi tənzimlənir. Bu maddəyə görə, vətəndaşlar 4bmin manatdan 8 min manata qədər cərimə oluna, 3 il müddətə qədər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırıla bilərlər.

Eyni zamanda bu qanunun dairəsinə bəzi subyektlər əlavə olunub. Bu subyektlər əsasən realtorlardır. Realtorlar əmlakın alqı-satqısı ilə məşğul olan vasitəçilər, vəkillər, notariuslar, mühasibatlıq və vergi məsləhətləri həyata keçirən şəxslərdir. Bu şəxslərin bu əməliyatlarda bilə-bilə iştirak etməsi qanunvericiliklə yolverilməzdir. Buna görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyət yaranır. Bu inzibati məsuliyyətə görə, cinayət yoluyla əldə olunmuş əmlakın leqallaşdırılmasını gizlədən bu şəxslər 2 min manatdan 4 min manata qədər, hüquqi şəxslər 20 min manatdan 30 min manata qədər cərimə edilirlər”-deyə ekspert vurğulayıb. O, qeyd edib ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanununda birbaşa tətbiq olunmalı şəxs qismində fiziki şəxslər və qurumlar göstərilib. Belə ki, bu qaydalara görə aktivlərin təxirə salınmadan dondurulması, aktivlərin birdən-birə aktiv olunması və bazar iştirakçısına çevrilməsi, o cümlədən bu sahədə fəaliyyət göstərərək, hansısa vergiləri daha tez şəkildə ödəmə və ümumiyyətlə, maliyyə sisteminin daha tez inteqrasiya olunmaqla gizlənmək mexanizimləri nəzərdə tutulub. Buna görə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, sanksiyalar nəzərdə tutulub.

“Vətəndaşların bu məsələlərlə bağlı məlumat əldə etdikdə, dərhal Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verməsi tövsiyyə olunur. Ümumiyyətlə, çirkli pulların yuyulmasına qarşı tədbirləri dünya üzrə iki xüsusi ekspert qrupu koordinasiya edir və yoxlamalar aparır. Bunlar maliyyə cinayətləri ilə mübarizə üzrə beynəlxalq qurumdur. Və eyni zamanda Avropa Şurasının xüsusi ekspert qrupudur ki, bu qrupun adı "Moneyval" adlanır. Bu qurumların hesabatları, mütəmadi əməliyyatları, yoxlamaları nəticəsində özləri tərəfindən aparılan araşdırmaları olur. Nəticədə cinayət yoluyla əldə olunmuş əmlakı leqallaşdıran şəxslər barəsində məlumat həmin ölkələrə göndərilir və ya dünya mediasında və nüfuzlu təşkilatlara onlarla bağlı məlumatlar verilir”-deyən Ramil Süleymanov qeyd edib ki, ümumiyyətlə vətəndaşlar bilməlidirlər ki, qanun pozuntusu ilə əldə olunmuş əmlaklarla bağlı "həqiqət" gec və ya tez ortaya çıxacaq və həmin şəxslər müəyyən olunacaq. Bu şəxslərin zamanında etiraf etməsi və bəyan etməsi onların qurtuluşuna səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »