ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.
Qəzetin yazdığına görə, Ərdoğan dəfələrlə qeyd edib ki, indiki vəziyyətdə Baydenin özünə zəng etməyəcək, lakin ona zəng edərsə, onunla mövcud məsələləri müzakirə etməyə hazırdır. Bu mövqe həm də Ankaranın Qəzza zolağında baş verənlərlə bağlı Vaşinqtonu tənqid etməsi ilə bağlıdır.
Nəşr yazır ki, yaxın bir neçə gün ərzində Baydendən zəng gözlənilsə, tərəflər Yaxın Şərq, daimi atəşkəs və hərbi əməliyyatlar başa çatdıqdan sonra sektorun statusunu müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər Türkiyəyə "F-16" təyyarələrinin satışı, eləcə də Türkiyənin hələlik müraciətini təsdiqləmədiyi İsveçin NATO-ya daxil olması barədə danışmağa meyllidirlər.
Qəzetin qeyd etdiyi kimi, Türkiyə, prinsipcə, alyansda İsveçə qarşı deyil, lakin bu kontekstdə "F-16" sazişinin təsdiqi məsələsində ABŞ Konqresindən müsbət addımlar gözləyir. Əgər bu məsələ amerikalı qanunvericilər tərəfindən razılaşdırılarsa, o zaman Türkiyə parlamenti çox güman ki, Stokholmun müraciətini təsdiqləyəcək. Ankara verilən şifahi sözlərə inanıb Konqresin qərarından əvvəl İsveçlə bağlı protokolunu təsdiqləmək istəmir.
Türkiyə bir neçə il əvvəl ABŞ-dan mövcud təyyarələri üçün 40 ədəd "F-16" Block 70 qırıcısı və 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb etmişdi.
ABŞ dövlət katibi Antoni Blinkenin daha əvvəl dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarüklərin Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirilməsini tələb edirlər. Noyabrın əvvəlində Türkiyənin ABŞ-dan "F-16" qırıcıları alması ilə bağlı texniki səviyyədə danışıqların yekunlaşdığı və Ankaranın məsələnin müsbət həllinə ümid etdiyi bildirilir.
Qadir, Bizimyol.info