Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BJF: Bu il münaqişələrdə 94 jurnalist öldürülüb
BJF: Bu il münaqişələrdə 94 jurnalist öldürülüb

Dünya üzrə jurnalistləri təmsil edən Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) bu il öldürülən jurnalistlərin sayını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, federasiyanın dərc etdiyi hesabatda vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin sayının narahatlıq doğurduğu və 2023-cü ilin son 30 ildən çox müddətdə qarşıdurmalarda ən çox jurnalistin öldürüldüyü il olacağı bildirilib.

Jurnalistlər Federasiyası bu il ərzində 9-u qadın olmaqla 94 jurnalist və media işçisinin öldürüldüyünü, ən azı 393 jurnalistin saxlanıldığını və ya həbs edildiyini açıqlayıb.

Hesabatda adı çəkilən jurnalistlərdən 68-nin Qəzza zolağı və İsraildəki qarşıdurmalarda həlak olduğu və bu məlumatların bu il öldürülən jurnalistlərin sayının 72 faizini təşkil etdiyi vurğulanıb. Hesabatda vurğulanır ki, oktyabrın 7-dən bəri Qəzzada hər gün birdən çox jurnalist ölüb. “Qəzzadakı müharibə BJF 1990-cı ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin sayını qeydə almağa başlayandan bəri jurnalistlər üçün ən ölümcül münaqişəyə çevrilib”, - deyə bəyanatda qeyd edilib.

Hesabatda Ukraynanın müharibə başlayandan bəri jurnalistlər üçün təhlükəli ölkə olaraq qaldığı, bu il indiyədək 3 jurnalistin öldürüldüyü bildirilib. Xəbərdə Suriyada 3, Əfqanıstanda 2, Filippində 2, Hindistanda 1, Çində 1, Banqladeşdə 1 jurnalistin öldürüldüyü bildirilib. BJF Şimali və Cənubi Amerikada ötən illə müqayisədə öldürülən jurnalistlərin sayında ciddi azalma olduğunu bildirərək, 2022-ci ildə 29 jurnalistin, 2023-cü ildə isə 7 jurnalistin həyatını itirdiyini açıqlayıb. Bölgədə 3 meksikalı, 1 paraqvaylı, 1 qvatemalalı, 1 kolumbiyalı və 1 ABŞ jurnalistinin silahlı qruplaşmalar və ya korrupsiya işlərini işıqlandırarkən öldürüldüyü bildirilib.

Afrikadakı ölümləri də açıqlayan hesabata görə, Kamerunda 2, Sudanda 1, Lesotoda 1 jurnalist həyatını itirib.

Beynəlxalq Jurnalistlər Federasiyası beynəlxalq ictimaiyyəti jurnalistlərin müdafiəsi üçün tədbirlər görməyə və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »