Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir diplomatiya sensasiyası baş verdi
Bir diplomatiya sensasiyası baş verdi

Azərbaycan Prezidenti Administrasiyasının və Ermənistan baş naziri aparatının birgə bəyanatını geniş şərh etməyə bəlkə də gərək yoxdur. Sadəcə, bəzi mühüm nüanslara diqqət yetirək.

Əvvəla, bu, Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz, birbaşa danışıqların nəticəsi olaraq imzalanmış və səhv etmirəmsə, ilk birgə sənəddir. Bu, deklarativ bir sənəd olsa da, ikitərəfli əlaqələrə dair ciddi niyyəti göstərir. Bu sənəd iki dövlətin diplomatik münasibətlər də daxil olmaqla, bütün sahələrdə əlaqələrin qurulmasına doğru ilk birgə addım sayıla bilər və hər iki ölkənin uğurudur;

İkincisi, Azərbaycanın 32 erməni hərbçisini, Ermənistanın isə 2 Azərbaycan hərbçisini qarşılıqlı olaraq azad etməsi çox mühüm insani addım oldu; hər iki cəmiyyəti bir-birinə yaxınlaşdırmaq baxımından önəmlidir. Belə insani etimad tədbirləri qonşu ölkədə revanşist ovqatı zəiflədir, bu da gələcək sülh üçün müsbət nəticədir;

Üçüncüsü, indiyədək Ermənistanla Azərbaycan həmişə, hər yerdə - hər anlamda, bütün platformalarda qarşı-qarşıya dayanmışdılar; bir-biri ilə mübarizə, qarşıdurma durumundaydılar. Əlbəttə, bir bəyanatla bu durum tam aradan qalxmır. Ancaq ilk dəfədir ki, beynəlxalq platformalarda Azərbaycanla Ermənistan bir-birini dəstəkləyir. Ermənistan beynəlxalq səviyyəli tədbirə ev sahibliyinə namizədliyini Azərbaycanın xeyrinə geri götürür. Azərbaycan da buna ekvivalent olan addım atır. Bu, çox mühüm nəticədir, maraqlı mesajdır və o deməkdir ki, hər iki ölkə istər ikitərəfli, istər çoxtərəfli formatlarda gələcək əməkdaşlıq üçün ilkin iradəni ortaya qoyur.

Uzun, üzücü müharibədən sonra sülh müqaviləsi bağlamaq mümkün və mühüm olsa da, asan da deyil. Hələ aşılası çox maneələr, gediləsi uzun yol var. Danışıqların, xüsusilə, vasitəçisiz - birbaşa danışıqların əsas zəmini qarşılıqlı etimaddır. Etiraf edək ki, ən azı bir əsrlik düşmənçilikdən nəinki dostluğa, hətta dinc qonşuluğa keçid elə də rəvan deyil. Siyasi, hüquqi və sair aspektlərlə yanaşı insani komponent də var; bir-birinə etimad adil və qalıcı sülhün başlanğıc nöqtəsidir.

Daha bir məqam var: bəli, tərəflər, ən azı Azərbaycan Moskva, Vaşinqton, Brüssel proseslərindən də imtina etmir. Eyni zamanda sənəddə beynəlxalq birliyə çağırış edilir ki, iki ölkənin birbaşa təmaslarla sülh axtarışını da dəstəkləsin. Bu da çox maraqlı və ümidverici faktdır.

Bütövlükdə bu bəyanat Azərbaycanla Ermənistan arasında adil barış, etimadlı münasibətlər, qarşılıqlı tərəfdaşlıq üçün bünövrədir, özüldür. İndi qalır, bu bünövrə üzərində binanı qurmaq.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »