Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mina terrorçuluğu: göründüyündən böyük təhlükə
Mina terrorçuluğu: göründüyündən böyük təhlükə

Prezidet İlham Əliyev çox açıq danışdı. Bu gün ADA Universitetində keçirilən forumdaydı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 60-dan çox beyin mərkəzi rəhbərlərinin, tanınmış ekspertlərin, politoloqların qarşısında çıxış edirdi. Forumun adı da çox aktual və dolğun seçilib: "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər".

Prezident də həm nailiyyətlərdən, həm çətinliklərdən danışdı. Ən başlıca çətinliklər sırasında bir neçəsini geniş şərh elədi. Onlardan biri işğal dövründə Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların yaratdığı təhlükədir. Bu, postmüharibə dövründə də Ermənistanın mina terrorunu davam etdirməsidir. Prezident ümumi olaraq şərh etsə də, əsas nöqtələrə işıq saldı.

Bu minalar 30 illik işğal dövründə dünya birliyinin gözləri qarşısında o torpaqlara basdırılıb və yüzlərlə Azərbaycan vətəndaşının, o cümlədən, mülki şəxslərin həlak olmasına və şikəst qalmasına səbəb olub. Azərbaycan tərəfi bu məsələni daim gündəmə gətirsə də, beynəlxalq səviyyədə Ermənistandan hesab soruşan olmayıb. Bundan başqa, Ermənistan 44 günlük müharibədən sonra da Azərbaycan ərazilərində qalmış silahlı dəstələr vasitəsilə, eləcə də, şərti sərhəddən Azərbaycan ərazisinə kəşfiyyat-diversiya qrupları göndərməklə yollara, keçidlərə və yaşayış məntəqələrinə yaxın yerlərə minalar basdırmaqda davam etmişdi.

Postmüharibə dövründə də Ermənistanın mina terroru üzündən xeyli sayda hərbi qulluqçumuz, mülki şəxs, o cümlədən, Kəlbəcərdə 2 jurnalist həyatını itirdi. Prezident 2021-ci ildə - müharibə bitdikdən sonra Ermənistandan gətirilib Azərbaycanda basdırılan minaları Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə göstərdiklərini də dedi. Bu, Ermənistanın mina terrorçuluğu ilə məşğul olmaqda davam etdiyinə dair konkret və təkzibolunmaz fakt idi. Çünki həmin minaların üzərində onların Ermənistana məxsusluğunu və müharibə bitdikdən sonraya aid istehsal tarixləri vardı.

Qonşu dövlətin, separatçı xuntanın mina terroru bir çox hallarda ağılalmaz, çox zalım xarakter alırdı. Xocavənddə bir ağaca mina bağlamışdılar. Hətta Əskəranda itin boynuna mina bağlayıb, Azərbaycan əsgərlərinin dayandıqları hərbi mövqelərə ötürmüşdülər. Eyni zamanda Azərbaycan ərazilərindən çıxanda özləri əvvəlcədən minaladıqları bəzi obyektləri partlatmışdılar.

Və nəhayət, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana qəsdən verilməməsi də mina terrorunu davam etdirmək anlamı daşıyır. Prezident bu barədə dedi: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar (Ermənistan tərəfi –red.) bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin dəqiqliyi tam deyil”

Prezidentin mina mövzusu üzərində xüsusi dayanması səbəbsiz deyil; bu, ərazilərin işğaldan azad edilməsi qədər mühüm bir məsələdir. Təsəvvür edin: işğaldan əvvəl o ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda bütövlükdə 600-700 min nəfər arası insan yaşayırdı. Tarixi qələbədən sonra Azərbaycan həmin əraziləri bərpa edir, məskunlaşdırır. 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura ümumilikdə 140 min keçmiş məcburi köçkün yerləşdiriləcək. Belə nəzərdə tutulur. Bunu Prezident daha əvvəlki çıxışlarında da deyib. Hər minanın isə ən azı bir nəfərə zərər verməsini nəzərə alsaq, 1 milyon mina 1 milyon qurban deməkdir. Ermənistanın verdiyi xəritələrin hamısı səhih olsaydı belə, 400 min minanın aşkarlanması, zərərsizləşdirilməsi, çox uzun vaxt və nəhəng məbləğdə maliyyə sərfi tələb edir. Eyni zamanda dünyanın böyük dövlətlərinin, beynəlxalq qurumların çox az bir qismi bu məsələdə Azərbaycana maliyyə və texniki dəstək verir. Ukraynadakı mina terroru ilə bağlı beynəlxalq konfranslar çağırıb dünyanı ayağa qaldıranlar Azərbaycanda basdırılmış yüz minlərlə minanın zərərsizləşdirilməsinə biganə yanaşırlar. Burda da ayrıseçkilik var. Yüzminlərlə zərərsizləşdirilməmiş mina o deməkdir ki, bunun fəsadları onilliklərlə davam edə bilər. Yəni hələ dünyaya gəlməmiş körpələrə də mina təhlükəsi qalmaqda davam edəcək. Təkcə elə bu mina terroruna görə Ermənistanı terror dövləti elan edib, sanksiya qoya bilərdi dünya birliyi. Əgər ədaləti vardısa...

Məsələni belə qoyaq: yaxşı, inkişaf etmiş dövlətlər, dünya təşkilatları Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə lap elə tutaq ki, dəstək verə bilmirlər; Ukrayna və sair kimi öncəlikləri var. O zaman Ermənistanı Azərbaycana təzminat ödəməyə məcbur etsinlər. Ermənistanın bu təzminatı ödəməyə imkanı yoxdur?! Onda bəs Hindistandan, Fransadan və sair dövlətlərdən silahları hansı pulla alırlar?!

Sualın cavabı özündədir...

P.S. Ən yeni tarixin müxtəlif dönəmlərində beynəlxalq terrorçuluğa qarşı formal olaraq elan edilmiş mübarizə məqsədilə beynəlxalq antiterror koalisiyaları yaranıb, olub. Ancaq, əslində mina terrorçuluğuna da qarşı ayrıca bir mina terrorçuluğu əleyhinə beynəlxalq koalisiya yaradılması gərəkdir. Dünya bu bəlaya qarşı nədən birləşib bir yumruq olmasın?! Axı, terrorçuluq təkcə əlində “Kalaşnikov” tipli avtomat silah tutan canidən, belinə bomba bağlayan fanatik kamikadzedən ibarət deyil. Minalar da var! Terrorçu bundan dünyanın hətta ən dinc, ən güclü və firavan ölkəsinə qarşı da istifadə edə bilərlər. Mina terrorundan heç kim sığotalanmayıb. Bu, təkcə müharibə zonalarında yaşayan xalqların taleyini təhdid etmir. Bu gün Ermənistanın azərbaycanlıların ayağının altına düzdüyü bu minalar, bir gün onun arxasında dayanan güclərin də başına bəla olacaq. Dünyanı idarə edən siyasi ağıl isə hələ ki bunu idrak edə bilmir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »