Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa silahlandırdığı, Amerikanın təlim keçdiyi Ermənistan, Qərbdən "yapışıb" Rusiyadan qopmaq istəyir"
"Fransa silahlandırdığı, Amerikanın təlim keçdiyi Ermənistan, Qərbdən "yapışıb" Rusiyadan qopmaq istəyir"

“Son dövrlər artıq dünyada vəziyyət dəyişib. Dünyanın çox yerində müharibələr gedir. 2022-ci il fevralın 24-də Rusiya Ukrayna müharibəsi başladı. Cənubi Qafqazda artıq müharibə bitib. 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan torpaqlarını azad etdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ardınca “üçtərəfli” bəyanat imzalandı. Oktyabrın 7-də də Fələstin-İsrail müharibəsi başladı və davam edir. Afrikada və dünyanın başqa yerlərində də vəziyyət gərgindir, qarışıqlıq mövcuddur. Bildiyiniz kimi 12 ölkə artıq Fransanı Afrikadan çıxarıb. Avropada vəziyyət sabit deyil. Avropa və Amerika Ukraynanı dəstəkləyir. Bu ölkələr öz büdcələrinin hesabına pullar ayırırlar. Bu da orada yaşayan insanlar üçün doğrudan da çətinlik yaradır. Yəni hər bir mənada problem çoxdur, dünya qarışıb. Ermənistan son il yarım ərzində Rusiyadan qopmağa çalışır. Bu da təbii ki, Qərbin və Amerikanın dəstəyi və onların tapşırığı, göstərişi ilə olur. Keçən ilin sonunda KTMT-nin İrəvanda tədbiri keçirildi. Paşinyan orada da yekun sənədi imzalamaqdan imtina etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. O, qeyd edib ki, bu ilin yanvarında İrəvanda keçirilməsi nəzərdə tutulmuş hərbi təlimlərdən imtina edib. Sonrakı görüşlərdə də Ermənistan rəhbərliyi Rusiyanın apardığı tədbirlərdə də iştirak etmədi. Nəhayət noyabrın 22-23-də Minskdə keçirilən KTMT-nin tədbirindən də imtina etdi. Rusiyanın ünvanına müəyyən ismarıclar yolladı. İttihamlar və təhqirlər ünvanladı.

Politoloq Elşad Həsənov Elşad Həsənov

Politoloqun fikrincə, görünən odur ki, artıq Ermənistan Qərb siyasətini və Qərbi dəstəkləyir. Özünə Qərbdə havadarlar axtarır. Bu havadarlar da Fransa və Amerikadır. Artıq bu vəziyyət hamıya məlumdur.

“Amerika öz dəniz piyadası ilə Ermənistanda təlimlər keçirdi. Təbii ki, bu təlimlər regionda vəziyyətin sabitliyin pozulmasına və vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Amerikanın Ermənistanla olan münasibətləri, onlara olan dəstəyi və münasibətində əsas məqsəd, Ermənistandan Rusiyanın sıxışdırılıb çıxarılmasıdır. Bütün bunlar hamısı Amerikanın oyunlarıdır. Fransanın canfəşanlıq etməsi də Qərb ölkələrinin burada aktivləşməsi üçündür. Qısaca, bunların hamısı Amerikanın ortaya qoyduğu qlobal məsələlərdir və qlobal siyasətdir” -deyə politoloq bildirib.

"Ermənistanı Qərb, Fransa ya da Amerika silahlandırıb Azərbaycana qarşımı hazırlayır? Bunu birmənalı şəkildə qəbul etmək olmaz"-deyən politoloq hesab edir ki, Amerika heç vaxt Azərbaycana qarşı Ermənistanı silahlandırmaz. Onun sözlərinə görə, Ermənistanı gücləndirməkdə əsas məqsəd, ilk növbədə Rusiyaya qarşıdır. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

"Bu yöndə Fransa çox ciddi tədbir görür. Ermənistana müəyyən silah sursat verirlər. Eyni zamanda Qarabağ iqtisadi zonasından çıxarılan qeyri-qanuni silahlı dəstənin üzvlərinin böyük əksəriyyəti Fransada hərbi təlimlərə cəlb olunublar. Amerika rəsmilərinin Ermənistanda apardığı danışıqlar da Ermənistanın silahlandırılması və onların ordusunun gücləndirilməsi məqsədi güdür. Tam əminliklə deyirəm ki, birinci məqsəd Rusiyanı regiondan çıxartmaqdır. Ardı isə İrana qarşı olan geostrateji plandır. Bu, tək Azərbaycana qarşı bir plan deyil. Təbii ki, Ermənistanın güclənməsi və silahlanması bizə də təhdidlər, problemlər yaradır. Bu, hərbi doktarinadır"- deyə Elşad Həsənov qeyd edib.

“Biz öz siyasətimizi düzgün aparırıq. Biz Amerika və Avropa ölkələri ilə münasibətlərimizi normal saxlayırıq. Biz kiminsə "tərəfində" deyilik. Biz sadəcə dost-qardaş Türkiyənin yanındayıq. Onlarla ortaq gələcəyə yönəlmiş bir siyasət yürüdürük və biz öz dövlət maraqlarımızı qoruyuruq.

Rusiya ilə müəyyən mənada yaxınlığımız var, bəzi nöqtələrdə narazılığımız var. Bu, açıq-aydın görünür. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dönəmdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi beynəlxalq tribunalardan aydın şəkildə bildiririk. Biz Rusiyanın "tərəfində" olsaq, bu sözümüzü deməzdik. Biz Ukraynaya öz humanitar dəstəyimizi göstəririk. Onların uşaqları gəlib burda müalicə alırlar. Bunlar Rusiyada qıcıq yarada bilər və Rusiyanın siyasi dairələrində narazılıq yarada bilər. Buna baxmayaraq biz öz sözümüzü deyir, BMT-nin nizamnaməsinə uyğun davranış sərgiləyirik”-deyə Elşad Həsənov bildirib.

Politoloqun fikrincə, Amerikanın İrəvanda güclənmə cəhdləri birbaşa Rusiya və İranla bağlıdır. Ermənistanın siyasi arenada güclənməyə meyllənməsi, hərbi-siyasi cəhətdən Avropa tərəfindən dəstək alması, burada Fransanın öz mövqelərini möhkəmləndirmək istəməsi, Fransanın Ermənistanda imic artırma cəhdləri, bölgədə yeni hərbi baza yaratmağa çalışması və eyni zamanda, Amerikanın da Ermənistana hərbi-siyasi dəstək göstərməsi ilk növbədə Rusiyaya qarşı olan məsələlərdir.

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazilərinə qarşı Ermənistanın hansısa təhdid törətməsinə Amerikanın icazə verəcəyini düşünmürəm. Onların Azərbaycana qarşı hansısa təhdidlər edəcəyi də inandırıcı deyil. Bu səbəbdən də, biz öz daxilimizdə birliyimizi qorumalı və hərbi gücümüzü artırmağa davam etməliyik. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq bölgədə qalmalıdır”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »