Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisdə bələdiyyələr sərt tənqid edildi
Nazir müavinin hesabatı müzakirələr səbəb oldu, spikerlə komitə sədrinin arasında narazılıq yarandı

Qüdrət Həsənquliyev: “Çox zaman icra hakimiyyətləri qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Bizimyol.info xəbər verir ki, iclasda Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxıb. Layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, “Məhkəmə Hüquq Şurası” haqqında qanunun keçid müddəalarına əsasən qurum pensiya yaşına çatmış hakimlərin səlahiyyət müddətinin 70 yaşınadək artırılması ilə bağlı təqdimat verilə bilər. Bu təqdimata əsasən, Prezident İlham Əliyevin imzası ilə R.Rzayevin yenidən hakim təyin edilməsi ilə bağlı parlamentə layihə daxil olub. Deputatların səsverməsi ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin olunub. Qeyd edək ki, R.Rzayev 2005-ci ildə Ali Məhkəmənin sədridir.

Parlament həmçinin Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin Hərbi Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı layihəni də təsdiqləyib.

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu dəyişdi

Milli Məclisdə Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu ilə bağlı məsələyə baxıb. “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Həmçinin Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulan təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək. Layihə səsvermədə qəbul olunub.

Nazir müavini parlamentdə hesabat verdi

İclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsni təqdim edib. Obildirib ki, ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub. “Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.

Bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunduğunu deyən V.Zahirov qeyd edib ki, 24 belə fakt hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. “Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat, Ağstafa rayonunun Köçəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı bələdiyyələrində, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub. Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır.

“İnsanlar müraciətlərinə cavab verilməməsindən şikayətlənirlər”

Məruzədən sonra deputatlar mıxış ediblər. Deputat Elmira Axundova hesabatı yüksək qiymətləndirsə də iradını da bildirib: “Məruzədən görünür ki, 2016-cı illə müqayisədə 2017-ci il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan vətəndaş müraciətlərinin sayında artım müşahidə olunur, amma əsaslandırılmış cavab verilən müraciətlərin sayında isə azalma gedir, eyni zamanda təmin edilmiş müraciətlərin də sayı azalıb. Buradan elə çıxır ki, vətəndaşların haqlı olduğu hallar çoxalmaqdadır, buna görə sual yaranır, əsaslandırılmış cavab verilməyən vətandaşların müraciəti nə üçün təmin edilməyib və nə üçün mübahisəli məsələlər daha da artıb? Yeri gəlmişkən onu da qeyd edim ki, müraciətlərə baxılması ilə bağlı mənə də çoxsaylı şikayət ərizəsi gəlməkdədir. İnsanlar dövlət orqanlarından, onların müraciətinə vaxtında və ya ümumiyyətlə heç cavab verilməməsindən şikayətlənirlər. Bu böyük problemdir. Düşünürəm ki, hesabatda bu məsələ, yəni vətəndaşların müraciətlərinə baxılması ilə bağlı hissə tam dolğun əks etdirilməyib. Ümumiyyətlə, bələdiyyələrin əsas problemini hələ də icra hakimiyyətindən asılılıqda görürəm. Bir çox bələdiyyələr təşəbbüs göstərmirlər, öz ərazisinin səlahiyyətləri daxilində nəsə bir əlamətdar, lazımlı, əhali üçün faydalı iş görə bilmirlər - ya icra hakimiyyətindən çəkinirlər, ya da sadəcə tənbəllik edirlər. Ona görə ilk növbədə onların müstəqilliyini artırmaq, dəyərli təşəbbüsləri və layihələri dəstəkləmək lazımdır. Digər tərəfdən müsbət misallar, əhali tərəfindən bəyənilən bələdiyyələrin işi ciddi öyrənilməli və digər bələdiyyələrə nümunə kimi çatdırmalıdır. Artıq bələdiyyələrin yaranmasından xeyli vaxt keçib və cəmiyyət onlardan daha məhsuldar iş, respublikamızın həyatında daha aktiv və nəzərə çarpan fəaliyyət gözləyir” - deyə deputat bildirib.

Komitə sədri ilə spiker arasında narazılıq

Çıxışçılar siyahısında Məclisdə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə sual vermək üçün yazıldığından spiker ona söz verib. A.Rəhimzadə nazir müavinin məruzəsindən sonar ona söz verilməməsinə etirazını bildirib. “Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsi Regional məsələlər komitəsinə aid olan məsələ olduğu üçün komitə sədri kimi ilk olaraq mənə söz verilməli idi. Mən də müzakirələrlə bağlı məlumat verməli idim. Əgər ehtiyac görmürsünüzsə, ümumiyyətlə çıxış etməyim. Heç bir sualım yoxdur, sadəcə bunu demək istəyirdim”. Spiker Oqtay Əsədov isə bildirib ki, bunu irad şəkilində bildirməyə ehtiyac yoxdur: “Siz komitə sədri kimi istədiyiniz vaxt müzakirələrdə iştirak edə bilərsiniz. Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz”.

Deputat Qüdrət Həsənquliyev bələdiyyələrin fəaliyyətini tənqid edib. O bildirib ki, prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur. “Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli İcra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqarın qarşısının alınmasında xüsusi rol oynamalıdır”. Q.Həsənquliyev vurğulayıb ki, çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. “Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər azalmır”

Deputat Qənirə Paşayeva deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur. O bildirib ki, vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir. Deputat vurğulayıb ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək lazımdır. Bələdiyyə torpaqlarının əhəmiyyətinə toxunan deputat bildirib ki, həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə də baxmaq lazımdır. Müzakirələrdən sonra məruzə səsə qoyularaq təsdiq edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »