Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Kiyevlə danışıqlara hazırdır, həmçinin tələblərinin yerinə yetirilməsinə siyasi və diplomatik yollarla nail olmağa üstünlük verir.
Bizimyol.info xəbər verir ki, Kremlin mətbuat xidmətinin rəhbəri bu barədə "RTVI"yə bildirib.
“Prezident dəfələrlə deyib ki, bizim üçün əsas olan Ukrayna böhranı ilə bağlı məqsədlərimizə nail olmaqdır. Təbii ki, biz bunu ilk növbədə siyasi və diplomatik yollarla etməyə üstünlük verərdik. Ona görə də biz hər zaman danışıqlara hazırıq”, deyə o qeyd edib.
Peskov xatırladıb ki, danışıqlar prosesi Ukrayna tərəfinin kənarlaşması ilə kəsilib: “Onlar özləri etiraf etdilər ki, bu, Britaniyanın, ingilislərin istəyi ilə edilib. Ona görə də vəziyyət tam aydındır”, -deyə qeyd edib.
Kreml nümayəndəsi “İzvestiya”nın Moskva ilə Kiyev arasında danışıqların Qərb ölkələrindən birinin, məsələn, Macarıstanın ərazisində bərpa oluna biləcəyi ilə bağlı məlumatına da münasibət bildirib. “Hələ belə qəti bir dialoq olmasa da, bu nəşrdə fundamental nəzəri nəticə yazılıb”, - deyə Peskov bildirib.
Qadir, Bizimyol.info