Bursanın Gemlik rayonunda ötən gün səhər saatlarında baş verən 5,1 və 4,5 bal gücündə zəlzələlər Türkiyədəki qırılma xətlərini yenidən gündəmə gətirdi. Professor Naci Görür, qatıldığı sosial media proqramında Hatay və Kahramanmaraş istisna olmaqla, 16 şəhərin qırılma xətti üzərində tikildiyini xatırladaraq, xəbərdarlıq edib. Naci Görür 6 fevral Kahramanmaraş zəlzələsindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Proffessor bu vilayətlərin altından keçən qırılmaların 7 və daha çox bal gücündə zəlzələlərə səbəb ola biləcəyini vurğulayıb. Qırılma xətti ilə bağlı şəhərləri sadalayan Naci Görür təəssüflə qeyd edib ki, bu vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq. Professor qırılma xəttindəki şəhərlərin Əskişəhər, Dənizli, Muğla, Ərzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari olduğunu açıqlayıb və bu şəhərlər üçün tədbirlərin görülməsini önəmli hesab edib. “Orada görüləcək tədbirlər var. Əgər görülməsə və böyük zəlzələ baş verərsə, zərər anormal dərəcədə yüksək olacaq”-deyə professor Naci Görür qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Qəhrəmanmaraşda baş verən 7,8 bal gücündə zəlzələ 50783 nəfərin ölümü ilə nəticələndi. 122 mindən çox insan xəsarət aldı. Zəlzələlərdən sonra 40 mindən çox afterşoklar qeydə alındı. Bu. Türkiyə tarixində ən böyük zəlzələ idi. Qəhrəmanmaraş zəlzələsindən sonra "Böyük Marmara zəlzələsi"nin proqnozları gündəmdə yer almağa başladı. Bu günlərdə isə, Türkiyədə zəlzələdən sonra sunami baş verəcəyi ilə bağlı məlumatlar yayılır. Mütəxəssislərin fikrincə, Asiyada olduğu kimi sunami təbii fəlakət növü olaraq Türkiyə üçün də risk yaradır. 2020-ci ildə İzmir zəlzələsindən sonra meydana gələn sunami Seferihisar və Urla rayonlarına təsir edib. Mütəxəssislər gözlənilən "Böyük Mərmərə zəlzələsi"ndən sonra İstanbulda baş verə biləcək sunamiyə diqqət çəkir və bu mövzuda maarifləndirməyə çağırır.
Mütəxəssislərin fikrincə, böyük sunamilər, ümumiyyətlə böyük tektonik plitələrin sərhədlərində və okean diblərində baş verir. Ona görə də, Türkiyədə Asiyadakı kimi dalğa hündürlüyü 30-40 metr olan sunamilər gözlənilmir. Mütəxəssislər bildirirlər ki, hündürlüyü 50 sm olan və böyüklərin diz hündürlüyünə uyğun gələn sürətli dalğa belə insanı yıxıb sürükləmək gücünə malikdir.
Qeyd edək ki, son 3000 ildə Türkiyə və onun yaxın ətraflarında 90-dan çox sunami baş verib. Nümunə olaraq 1509 və 1894 İstanbul, 1598 Amasya, 1963 Şərqi Mərmərə, 1939 Ərzincan, 1968 Bartın zəlzələləri nəticəsində meydana gələn sunamiləri göstərir. Araşdırmalar göstərir ki, 1509-cu ildə İstanbulda baş verən təxminən 8 bal gücündə zəlzələdə hündürlüyü 6 metr olduğu düşünülən sunami dalğaları Yenikapıda şəhər divarlarını aşıb. Bildirilir ki, 1894-cü ildə baş verən zəlzələ zamanı İstanbulda Karaköy və Azapkapı körpüləri su altında qalıb.
Gözlənilən "Böyük Mərmərə zəlzələsi" zamanı sunami baş verə bilərmi?
Analizlərə görə, xüsusilə İstanbulun cənub sahillərində; Mərmərə dənizində baş verə biləcək seysmik fəaliyyətin səbəb olduğu dənizdaxili sürüşmələrin hərəkəti ilə əlaqədar olaraq, Boğaziçi və Mərmərə dənizinə birbaşa sahil olan bütün rayonlarda dəyişkən, lakin əhəmiyyətli ölçülərdə sunami təsiri olacaq. Bəzi bölgələrdə, dənizdaxili sürüşmələrin ölçüsündən asılı olaraq, sunami dalğalarının hündürlüyü aşağı olacaq. Silivri ilə yanaşı, Büyükçekmece sualtı sürüşməsi nəticəsində yarana biləcək sunami ehtimalı yüksək olan rayonlar Böyükçekmece, Bakırköy, Beylikdüzü və Avcılar rayonlarıdır. Bu rayonları Kadıköy, Maltəpə, Fatih və Küçükçekmece rayonları izləyir. Yüksək daşqın sahələrinə malik rayonlar sırasıyla Bakırköy, Tuzla, Maltəpə, Kadıköy, Fatih, Kartal və Pendik rayonları olaraq görülə bilər. Hesabatlarda bildirilir ki, mümkün sunami ölçüsündən asılı olaraq həm əmlak, həm də can itkisi riski daşıyır. İstanbulun bir çox bölgələri zəlzələdən daha çox təsirlənəcək. Bu bölgələrə Fatih, Zeytinburnu və Bakırköy misal olaraq göstərilə bilər.
Qeyd edək ki, İstanbul böyük metropol bir şəhərdir. Dünyanın müxtəlif ölkələrindən gələn əcnəbilər bu şəhərdə yaşamağa üstünlük verir. İstanbulun təhlükəsi də sevimliliyi qədərdir. Çünki İstanbulda on minlərlə istismar müddəti bitmiş, amma hələ də içində yaşayış olan binalar var. Digər tərəfdən İstanbulda da binalar bir-birinə çox yaxın məsafədə inşa edilib. Yəni mümkün zəlzələ zamanı dağılan binaların bir-birinə zərər verəcəyi də qaçınılmazdır.
Qəhrəmanmaraş zəlzələzindən sonra dron görüntülərini xatırlayırsınız. İstanbulda zəlzələ olarsa, çox az insanın bu zəlzələdən xilas ola biləcəyi iddia olunur...
İradə Cəlil, Bizimyol.info