Rusiya prezidenti Vladimir Putin Moskva ilə London arasında münasibətlərin yaxşılaşacağına ümid edir.
APA xəbər verir ki, bu barədə Putin Kremldə xarici ölkələrin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin qəbulu mərasinində deyib.
"Londonla dialoqun hazırkı vəziyyəti hamıya məlumdur. Ümid edək ki, vəziyyət iki ölkə və xalqlarımızın mənafeyinə uyğun olaraq yaxşılığa doğru dəyişəcək", - deyə Rusiya lideri vurğulayıb.
Putin xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin - SSRİ, ABŞ və Böyük Britaniyanın başçıları - İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin Tehran konfransının 80 illiyi qeyd olunub. Onlar müasir beynəlxalq münasibətlər sisteminin əsasını qoymuşdular: “Müharibədən sonrakı dövrdə və yaxın vaxtlara qədər ölkələrimiz BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qlobal sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasında öz xüsusi məsuliyyətlərini dərk edərək qarşılıqlı fəaliyyət qura bilib”, - deyə Rusiya lideri əlavə edib.
Qeyd edək ki, Böyük Britaniya səfiri Naycel Keysi də Putinə etimadnaməsini təqdim edən xarici səfirlər arasında olub.