Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gözlərini bağlayıb, bizim kimi yerisinlər" - AYNA görmə məhdudiyyətlilər üçün yeni layihə tətbiq edir - Video
"Gözlərini bağlayıb, bizim kimi yerisinlər" - AYNA görmə məhdudiyyətlilər üçün yeni layihə tətbiq edir - Video
İctimai nəqliyyatda, xüsusilə "Bakubus"larda dayanacaqların qeyd olunması və səsləndirilməsi məqsədilə yerləşdirilən kiçik ekranlarda daha dayanacaqların adları səsləndirilmir. Bu da görmə məhdudiyyəti olan vətəndaşlara, sərnişinlərə ciddi problemlər yaradır. Eyni zamanda metropolitenin bir çox platformalarında qatarla platforma arasında maneə zolağı olmadığından bir çox hallarda görmə məhdudiyyətli vətəndaşlar relslər üzərinə düşür, xəsarət alır, ölüm təhlükəsi ilə üzləşirlər.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, nəqliyyat sahəsində ölkənin çox ciddi problemləri var.

"O qədər ciddi problemlər var ki, artıq insanlar küçədə, yolda hərəkət edə bilmirlər. Bu yaxınlarda bir kitab sərgisinə getdim. Gözdən Əlillər Cəmiyyəti Nəşriyyatının direktor müavini Tofiq Balayevlə elə bu haqda söhbətimiz oldu. Danışdıqları mənim üçün yenilik oldu. Tofiq müəllim dedi ki, son 10 ildə Gözdən Əlillər Cəmiyyəti olaraq aktiv cəmiyyətdə işləyirlər. Aktiv işlərdə işlədikləri üçün nəqliyyatdan istifadə etməli olurlar və burada çox ciddi problemlərlə üzləşirlər. Dayanacaqların səsləndirilməsi bəzi avtobuslarda işləyir, bəzilərində işləmir. Şəhərdə piyada yolu keçmək üçün xüsusi piltələr olmalıdır, bunlar görmə məhdudiyyətli vətəndaşlar üçün nəzərdə tutulur ki, yolu təhlükəsiz şəkildə keçsinlər, lakin bunlar yoxdur. Eyni problemlər metropoliten platformalarında da mövcuddur. Görmə məhdudiyyətli vətəndaşlarımızdan ikisi relslərə yıxılsa da, xoşbəxtlikdən onlara heç nə olmayıb. Bun problemlər xüsusilə müharibədən sonra bizim danışacağımız yox, "qışqıracağımız" mövzu olmalıdır. Bu problemlər təxirə salınmadan aradan qaldırılmalıdır. Səsləndirmələr nəyə görə ictimai nəqliyyatda bərpa olunmur? Bunun xərci nədir ki?" - deyə, ekspert problem barədə bildirib.

Gözdən Əlillər Cəmiyyəti Nəşriyyatının direktor müavini Tofiq Balayev ilə əlaqə saxladım və o da problemi geniş şəkildə izah etdi.

"Pandemiyadan öncə yenə bir qədər bu səsləndirmələr olurdu, görmə məhdudiyyətli sərnişinlər hansı ünvanda düşəcəklərini bilirdilər. Pandemiya bitdi, səsləndirmələr də onunla birgə getdi. Biz bu problemlə əlaqədar o vaxtkı BNA rəhbərliyinə, Vüsal müəllimə müraciət etmişdik, demişdik ki, bu səsləndirmələr bərpa olunsun. Dedilər düzələcək, narahat olmayın, ancaq düzəlmədi. Metropolitendə də bizim üçün ciddi problemlər var. Platforma ilə qatar arasında maneə yoxdur, xüsusi piltələr yoxdur, platformaya çatanda bunu bilmirik, şəxsən mən özüm bir dəfə relsin üzərinə yıxılmışam, amma xoşbəxtlikdən heç nə olmayıb. Mənim kimi görmə məhdudiyyətli o qədər şəxs var ki, eyni problemləri yaşayır. Yol keçidində, avtobus və metrolarda ciddi problemlər yaşayırıq. Nəqliyyat sahəsində yetəri qədər problemlər var, ancaq mən indi ən zəruri və həll edilməsi mütləq olan problemləri səsləndirirəm.

Biz xarici təcrübələri bilirik, mən özüm dəfələrlə xaricdə olmuşam. Oradakı təcrübəni görürsən, baxırsan ki, biz çox-çox geridəyik. 30 il öncə olsaydı, çox adam düşünə bilərdi ki, görmə məhdudiyyətli insanların çoxu işləmir deyə, nəqliyyatdan da çox istifadə etmirlər və belə problemlərlə rastlaşmaları çox az olur. Ancaq indi elə deyil, görmə məhdudiyyətli vətəndaşlarımız üçün bir çox iş yerləri mövcuddur, həm səhiyyə sahəsində, həm universitetlərdə çalışan yetəri qədər cəmiyyət üzvlərimiz var, onlar da digər insanlar kimi aktiv həyat sürürlər.

Mövzudan bir qədər uzaqlaşaraq bir hadisəni qeyd etmək istəyirəm. Deməli, 2000-ci illərin əvvəlləri idi, biz cəmiyyət üzvləri olaraq o vaxtkı icra başçısı Hacıbala Abutalıbovun qəbulunda olduq. Onunla problemlərimizi müzakirə edən vaxt özünə təklif etdik ki, gəl, sənin gözlərini bağlayaq, sən dur, burdan sadəcə qapıya qədər get. Görək, gedə biləcəksənmi? Yəni sözümü ona gətirirəm ki, bu problemləri sadəcə dildə deməklə olmur, insanlar bizi psixoloji olaraq da anlamalı, özlərini bizim yerimizə qoyub, elə düşünməlidirlər" - deyə, Gözdən Əlillər Cəmiyyətinin üzvü qeyd edib.

Problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizimyol.info xəbər portalına bildirilib ki, görmə imkanları məhdud hərəkət iştirakçıları üçün əlçatanlığın təmin olunması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında prioritetdir.

"Şəhərdə aparılan infrastruktur işləri çərçivəsində bu kateqoriyadan olan insanlar üçün “İdeal səki” layihəsi tətbiq edilir. Hazırda 17 küçədə “ideal səki” meyarlarına uyğun olaraq görmə imkanları məhdud piyadalar üçün taktil döşəmələr, panduslar və xəbərdaredici örtük quraşdırılıb.

İctimai nəqliyyatdan istifadə edən görmə imkanları məhdud sərnişinlər də diqqətdən kənarda qalmır. Bununla bağlı müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib. Texniki baxımdan audioelanların yayımlanması imkanları olan avtobuslarda hərəkət sxeminə daxil olan dayanacaq məntəqələri adlarının səsləndirilməsinin zəruriliyi onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılan zaman da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir" - deyə, agentlikdən bildirilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »