Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazsız, susuz kəndlərdə işsizlik və təhsilsizlik əhalini doğma torpağından köçməyə məcbur edir...
Qazsız, susuz kəndlərdə işsizlik və təhsilsizlik əhalini doğma torpağından köçməyə məcbur edir...

Bakı və Abşeron yarımadasının əhalisinin sayının artmasında kəndlərin boşalması az rol oynamır. İbtidai sinif şagirdləri ilə bağlı statistika mənzərəni daha aydın göstərir. Bakı və Abşeron yarımadasında 1-4-cü sinif şagirdlərinin sayı sürətlə artır. Kəndlərdə isə getdikcə daha az uşağın ibtidai təhsilə başlaması diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, rəsmi mənbələr daxili miqrasiyanın gerçək mənzərəsini göstərməməyə çalışır. Məsələn, pandemiyadan bəri regionların əhalisinin sayının 5 faiz azaldığı bildirilir. Halbuki şagird sayında dəyişiklik üç dəfəyə yaxın fərqdən xəbər verir. Kəndlərin boşalmasında təhsilsizliyinin çox vacib rol oynadığını demək olar. Əlbəttə, işsizlik, susuzluq az əhəmiyyət daşımır. Birinci məsələ həmişə aktualdır. İşsizlik kənd adamlarını çox ciddi sosial çətinliklərlə üz-üzə qoyub. Üstəlik, son illər susuzluq kəndləri məhv edir. Fərdi təsərrüfatla məşğul olmaq mümkün deyil. Hətta rayon mərkəzlərində də içməli su tapmaq çətinləşib.

Bir müddət əvvəl Bizimyol.info Qubanın Buduq kəndinin yaşayış yerini tərk etmiş sakinləri ilə söhbətləşmişdi. Onlar təhsilsizliyi vacib amil kimi dilə gətirmişdi. Buduqda cəmi üç ailə qalıb. Halbuki 4 il əvvəl bu qədim kənddə 28 ailə yaşayırdı. Müstəqilliyin ilk illərində ailələrin sayı 100-dən az deyilmiş. Buduqdakı ibtidai təhsil verən məktəbə cəmi 2 şagird gedir. Adətən, məktəblilər dördüncü sinifdən sonra Qubaya üz tuturdu. Yeni nəsillər daha buna dözməmək qərarına gəlib. Beləcə, təhsilsiz kənd boşalıb.

Şimal zonasındakı başqa bir kənd də eyni taleyi yaşayıb. Şabranın Ləcədi kəndində orta məktəb yoxdur. Uşaqlar ilk 9 sinfi Qələgahda başa vurmaq məcburiyyətində qalır. Yollar bərbad olduğundan, qonşu kəndə gedib-gəlmək alınmır. Buna görə də sakinlər zamanla kəndi tərk etməyə başlayıb. Xeyli adam Rusiya ilə sərhədə doğru uzanan əsas yolun kənarında yerləşmiş Dəvəçikəndə üz tutub. Şabranın Leyti kəndində ibtidai təhsilə 2021-ci ildə son qoyulub. Elm və Təhsil Nazirliyi şagird sayının azlığı "əsas" gətirərək, məktəbi bağlayıb. Bundan sonra məktəblilərə Gəndova getmək təklif olunub. Yolsuzluq şagirdələrə mane olur. Evlər qazlaşdırılmadığından, üstəlik, içməli su problemi sakinləri onsuz da kənddən didərgin salmışdı. Məktəbin bağlanmasından sonra kənddə yaşayanların sayı bir az da azalmağa başlayıb.

Kəndlərin boşalması heç yaxşı əlamət deyil. İndiki şərtlərlə ucqar yerlərdə yaşamaq asan görünməsin. Əslində, insanlar ata-baba ocaqlarını qoyub Bakıda, Abşeron yarımadasında kirayədə yaşamaq istəmir. Onlara şərait yaradılmalıdır. Təhsilsizlik açıq-aşkar kəndlərin boşalmasına zəmin yaradır. Elm və Təhsil Nazirliyi eksperimentləri də kənd məktəblərində aparır. Daha çox ucqar yerlərdə peşəsinə "yaxşı" yiyələnməyən kadrlar işləyir. Nazirlik bu məsələyə həssas yanaşmalıdır. Xüsusilə kəndlərdə bacarıqlı kadrlara potensialını ortaya qoyması üçün imkan yaradılmalıdır. Ölkə, təkcə paytaxtdan ibarət deyil. Kənddə yaşayan vətəndaşın da yaxşı şərtlərlə yaşamaq, keyfiyyətli təhsil almaq hüququ var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »