Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəritə üzərində sülh "müharibəsi"
Xəritə üzərində sülh "müharibəsi"

Azərbaycanın və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan Qazaxda görüşüblər.

Qazax görüşünün rəmzi mənası var; Sovet dövründə bu rayonun ərazisindən xeyli torpaq qoparılaraq Ermənistana hədiyyə edilmişdi. Qazax camaatı buna kəskin etiraz etmişdi. O zaman da Qazaxa Azərbaycan Nazirlər Soveti sədrinin müavini getmişdi. Yəni baş nazirin müavini. İndi isə yenə baş nazirin müavini hədiyyə edilmiş torpaqlarla yanaşı, işğal edilmiş kəndləri də geri almağa gedib Qazaxa. Söhbət bu rayonun 7 kəndindən və Naxçıvan Muxtar Respublikasının Kərki kındindən gedir.

Yeri gəlmişkən, Qazax Azərbaycanın həm Ermənistanla, həm Gürcüstanla sərhədlərində yerləşir. Sərhəd danışıqlarının bu baxımdan da xüsusi bir rəmzi mənası var. Azərbaycan Ermənistandan öz kəndlərini geri ala bilsə, bu, Gürcüstan üçün də maraqlı presedent olar. Çünki Sovetlər dönəmində Moskva Gürcüstan torpaqlarından da Ermənistana pay tutub. Bəlkə gələcəkdə Gürcüstan da öz torpaqlarını geri istəyər. Hərçənd biz bütün tarixi torpaqlarımızı geri istəsək, Ermənistan deyə bir dövlət gərək qalmasın. Təbii ki, biz bunu etmirik. Daha doğrusu, başqa cür edirik; Qərbi Azərbaycanın köklü əhalisinin - Ermənistandan deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qayıtmasını gündəmə gətirmişik. Biz hələ 3 il bundan qabaq - Vətən müharibəsindən dərhal sonra bir yazımızda yazmışdıq ki, Qərbi Azərbaycan türklərinin, eləcə də, kürdlərinin öz dədə-baba torpaqlarına qayıdışı danışlqlarda əsas müzakirə olunan məsələlərdən olsun. Oldu da.

Bəs olmayan və ya olmayacaq olan nədir? Bu, delimitasiya danışıqlarının asan olmayacağıdır. Çünki sərhəd danışıqlarında Azərbaycanın qarşısında, sadəcə, Ermənistan deyil, onun arxasında duran Qərb dairələridir. İrəvan o mərkəzlərin diqtəsi ilə danışıq gündəliyi formalaşdırır. Qərb Ermənistanın 44 günlük müharibədə və bir günlük lokal antiterror əməliyyatında Ermənistanın məğlubiyyətinin yaratdığı xaosu, böhranı öz fürsətlərinə çevirməyə çalışırlar. "Azərbaycanla Ermənistan öz aralarında danışıb razılaşsınlar" deyəndə özlərini nəzərdə tuturlar. Burda məqsəd, Rusiyanı danışıqlardan uzaq tutmaqdır. İki qonşu arasında düşmənçilikdən sülhə keçidi öz himayələrinə, daha doğrusu, nəzarətlərinə almağa çalışırlar. 4 görüş keçirilib, daha əvvəl hamısı uğursuz olub. Çünki Ermənistan vasitəsilə qarşılıqlı şərtlər irəli sürürlər. Görmüşük ki, şərtləri qalib tərəf irəli sürər. Ancaq indiki halda başqa vəziyyət alınıb; müharibənin məğlubunu sülhün qalibinə çevirmək, beləliklə, Rusiya faktorunu erməni cəmiyyətinin şüurundan silmək istəyirlər. Beləliklə, Rusiya ilə Qərb arasında savaş Azərbaycanla Ermənistan arasındakı sərhədlərə daşınıb; əsəb müharibəsi formasında. "Döyüşlər" xəritələr üzərində gedir. Yəni xəritələr döyüşür.

Ermənistanın əsas götürdüyü 1975-ci il xəritəsi, təbii ki, sərhəd sülhünə aparmır, ən yaxşı halda əsəb müharibəsini uzatmağa yarayır. "Xəritə diplomatiyası" daha əvvəl minalanmış sahələrlə bağlı başlamışdı; Ermənistanın Azərbaycana verdiyi mina xəritələri saxta çıxdı. Ümumiyyətlə, xəritələri saxtalaşdırmaq, yaxud xəritələrlə manipulyasiya erməni təfəkkürünün bir xas cəhətinə çevrilib. Elə saxta "Böyük Ermənistan" xəritəsini misal çəkək.

Ermənistanın iddiasına görə, guya onun 31 kəndi Azərbaycanın nəzarətinə keçib. 8 kəndin qarşılığında 31 kəndi istəyir. Bu kəndlər arasında Gədəbəydəki məşhur Başkənd də var. Başkəndi əldə etmək isə, bütövlükdə Şınıx bölgəsini təhdid altına salmaq deməkdir. Ermənistanın bu iddiaları tərəfləri sülhə gətirmir. Ancaq yeni müharibəyə aparacaqmı?! Azərbaycan sülhə çalışır, Ermənistanı isə müharibəyə hazırlayırlar. Qazaxda sərhəd danışıqlarının, bax, belə bir ağır konteksti var. Ona görə də konkret nəticə əldə olunması çətin görünür.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »