Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 faizlik "nağıl": Azərbaycanda statistikanın "yalan" danışması reallığı gizləmir...
5 faizlik "nağıl": Azərbaycanda statistikanın "yalan" danışması reallığı gizləmir...

Azərbaycanda çox şeyin statistikası aparılır. Dövlət Statistika Komitəsi hesabatlar hazırlayır, ictimaiyyətə təqdim olunur. Amma rəqəmlər heç də həmişə həqiqəti əks etdirmir. Xüsusilə, vacib istiqamətlərlə bağlı statistik məlumatlar doğrunu danışmır.

Bizimyol.info xəbər verir ki, yoxsulluq, işsizlik, paytaxt əhalisinin sayı, dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığı ilə bağlı statistikalar həqiqəti göstərmir. Bakı ilə bağlı iddia qəribə görünməsin. Hökumət paytaxta, Abşeron yarımadasına axının real mənzərəsini gizlətməkdə maraqlıdır. Çünki proses bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının necə yarıtmaz həyata keçirildiyini göstərir. Əyalətlərdə həyat canlansaydı, insanların sosial rifah halı yüksəlsəydi, yüzminlər paytaxta üz tutmazdı.

Başlayaq, yoxsulluqdan. Hökumət son illər yoxsulluq səviyyəsinin 5 faiz civarında olduğunu iddia edir. Müstəqil ekspertlər yoxsulluğu ölçmək üçün istifadə olunan mexanizmi yanlış sayır. Hesab edirlər ki, rəsmi yoxsulluq səviyyəsilə bağlı statistik məlumatlara güvənməyə dəyməz. Rəsmi statistika yoxsulluğu minimum istehlak səbətinin dəyərinə əsasən ölçür.

Hər şeydən əvvəl indiki normativlər, xüsusilə qida normaları nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan xeyli ölkənin də standartlarından aşağıdır. Yaşayış minimumunun dəyərinin əsas hissəsi ərzaq səbətinə aiddir. Belə yanaşma daha çox qida yoxsulluğunu ölçməyə imkan verir. Hərçənd, nəinki inkişaf etmiş, eləcə də xeyli sayda inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsi yalnız insanların minimum qida təminatı ilə yox, bir sıra mühüm sosial, kommunal xidmətlərə əlçatanlığı, mənzillə təminat səviyyəsi əsasında ölçülür.

Hökumət, işsizliyin səviyyəsinin 5 faizi güclə keçdiyini iddia edir. Elə rəsmi statistikanın özünün açıqladığı başqa məlumatlar statistik qurumu yalançı çıxarır. Məsələn, uşağın anadan olmasına görə ailələrə verilən müavinətlərlə bağlı statistika özlüyündə əks arqumentlər səsləndirir. Məlum olur ki, müavinət alan hər 100 ailədən 63-də valideynlərin heç birinin rəsmi gəliri olmayıb. Bu halda 5 faiz "nağıl"ına necə inanaq?!

Paytaxt əhalisinin hesablanmasındakı yanlışlıqlarla bağlı az yazmamışıq. Müxtəlif arqumentlər qeyd etmişik. Birini də indi yazaq. İbtidai siniflərdə oxuyan şagirdlərin sayının daha böyük siniflərdə təhsil alanlara nisbəti çox şeydən danışır. 1-4-cü sinif şagirdlərinin sayı 6-9-cu siniflərdə oxuyanlardan azı 55 faiz çoxdur. Hökumət bu nüansdan yan ötməyə çalışır. Aşkar görünür ki, ibtidai təhsil alan uşaqların valideynlərinin 50 faizindən çoxu paytaxt qeydiyyatında deyil. Hökumət bu adamları bölgə sakini sayır. Amma insanlar burada məskunlaşıb, övladları da paytaxt məktəblərinə gedir.

Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığı hökumətin dediyindən də yüksəkdir. Məsələn, hökumət Dövlət Neft Şirkətində, hasilatın pay bölgüsü sazişləri çərçivəsində ölkədə fəaliyyət göstərən podratçı şirkətlərdə, eləcə də onlara xidmət göstərən subpodaratçı subyektlərdə çalışan muzdlu işçilərə görə gəlir vergisindən daxilolmaları neft-qaz sektoruna aid etmir. Halbuki hökumətin parlament üzvlərinə təqdim etdiyi büdcə zərfinə daxil olan sənədlərin, o cümlədən, Dövlət Neft Şirkətinin illik və maliyyə hesabatlarında ödənilən vergilərin strukturu ilə bağlı məlumatların analizi neft-qaz gəlirlərinin büdcədə rolunun daha yüksək olduğunu ortaya qoyur.

Bir sözlə, rəsmi statistika mümkün qədər bizə gerçək Azərbaycanı göstərməməyə çalışır. Gerçəyi görmək üçün bir az diqqətli olmaq kifayətdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »