Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yıxılan" vətəndaşa bir balta da küləkdən... Avtomobilin üzərinə ağac aşanda sığorta hara "baxır"?
"Yıxılan" vətəndaşa bir balta da küləkdən... Avtomobilin üzərinə ağac aşanda sığorta hara "baxır"?

Qışın yaxınlaşması noyabrın 27-də özünü əməlli-başlı göstərib. Bölgələrdə qar yağıb. Şimal-qərb küləyi xüsusilə Bakı və Abşeron yarımadasında güclənib. Küləyin sürəti saniyədə 30 metrə çatıb. Paytaxtın müxtəlif yerlərində ağaclar avtomobillərin üzərinə aşıb.

Bizimyol.info xəbər verir ki, sosial mediada Bakıda hətta irigövdəli ağacın aşması ilə bağlı videolar var. Günəşlidə belə hal yaşanıb. Xoşbəxtlikdən hər hansı avtomobil və ya şəxs zərər görməyib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşlarından biri bacısının Əhməd Rəcəbli küçəsində zərər görmüş avtomobilinin fotosunu paylaşıb, maddi ziyanın ödənib-ödənilməyəcəyi barədə dostlarına sual ünvanlayıb. Cavabların əksərində avtomobil sahibinin sığorta məbləği ala bilməyəcəyi qeyd olunub. Çünki maşının kasko sığortası yoxdur.

Kasko sığortası nədir?

Böyük ehtimalla ifadə hollandcadan başqa dillərə də keçib. İfadənin mənası “korpus” deməkdir. Kasko könüllü sığorta növüdür, avtonəqliyyat vasitəsinin zədələnməsi və ya məhv olması halında ödəniş həyata keçirilir. Bu sığorta istiqamətinin illik haqqı ilə bağlı konkret rəqəm yazmaq çətindir. Yaşı 10-a çatmış avtonəqliyyat vasitələri üçün azı 700-750 manat ödənilməlidir. Yeni, dəyəri 50 min manatdan yuxarı olan avtomobillər üçün 1500 manat civarında haqq tələb olunur. Yəni hər sürücü kasko sığortanı maddi imkan anlamında özünə rəva görə bilmir. Bu sığorta növündən istifadə etməyəndə isə küləklər şəhərində maşının üzərinə ağac aşması xeyli mümkün göründüyündən, böyük zərər ehtimalı həmişə var.

Sığorta eksperti İlkin İbrahimov bildirir ki, kasko sığorta olmasa, nəyəsə ümid etməyə dəyməz. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası qarşı tərəfə dəymiş 5 min manata qədər ziyanı üzərinə götürür. Təbii hadisələr zamanı yalnız kasko sığorta köməyə gəlir. Deməli, kasıb sürücüsənsə, küləyin sənə yalnız zərəri var. Qalır, təkcə avtomobilini təbii fəlakət ehtimalı ola biləcək yerlərdən uzaq tutmaq. Əlbəttə, paytaxtda nəyəsə zəmanət vermək çətindir. Təkcə ağac aşmır, binalardan düşən hər hansı əşya atonəqliyyat vasitəsinə zərər vura bilər. İstənilən halda kasıb özündən küsməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »