Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gəlirlər, yoxlayırlar, gedirlər"... Əhalinin siyahıyaalınmasında tragikomik rəqəmlər səslənir
"Gəlirlər, yoxlayırlar, gedirlər"... Əhalinin siyahıyaalınmasında tragikomik rəqəmlər səslənir

Azərbaycanda axırıncı dəfə əhalinin siyahıyaalınması 2022-ci ilin payızında həyata keçirilib. Onda məsələ sosial mediada çox müzakirə olunurdu. Sosial şəbəkə istifadəçilərindən xeyli adam yazırdı ki, onların ailəsi qeydiyyata alınmayıb. Həmin fikirlər havada qaldı, siyahıyaalma “uğurla” başa çatdı. İndi rəqəmlərə baxanda ümumi nəticəyə şübhə ilə yanaşmamaq olmur.

Bizimyol.info xəbər verir ki, əhalinin siyahıyaalınmasının "başdansovdu" aparılması Bakı və Abşeron yarımadasında yaşayanların sayı ilə bağlı statistikada özünü göstərir. Açıqlanan rəqəmlər son illər çox artım olmamasından danışır. Halbuki qeyri-rəsmi mənbələr son 20 ildə Bakı və Abşeron yarımadasının əhalisinin təxminən iki dəfə artmasından söz açır. Təkcə avtomobillərin sayı çox mətləbdən xəbər verir. Hər gün Bakı küçələrində orta hesabla 1,1 milyon maşın şütüyür. Bu halda, ölkə əhalisinin yarısının Bakıda və Abşeron yarımadasında məskunlaşması haqda qeyri-rəsmi mənbələrin iddiasına inanmaq qalır.

Əhalinin rəsmi siyahıyaalınmasını daha çox hansı göstərici haqsız çıxarır?

Ən çox şagird məskunlaşması. Hökumət nə qədər qeyri-dəqiq statistika açıqlasa da, həqiqəti gizlətsə də, məktəblilərin təhsil müəssisələri üzrə qeydiyyata düşməsi gerçək mənzərəni ortaya qoyur.

Son illər rəsmi mənbələrin bildirdiyi kimi, paytaxt və Abşeron yarımadasında sakin artımı 300 min nəfər civarında yox, xeyli çox olub.

Əslində, ölkədə əhalinin siyahıyalınması tam fərqli prinsiplərlə aparılmalıdır. Azərbaycanda insanların yaşayış yerini dəyişməsi sürətlənib. Bakı və Abşeron yarımadası istiqamətində hər gün addım atanlar var. Üstəlik, Qarabağa köç də nəzərə alınmalıdır. Məsələyə həssas yanaşılmalıdır. Az qala hər vətəndaşın daimi yaşayış yeri müəyyənləşməlidir. Əlbəttə, müəyyən fərqlər ola bilər. Amma rəsmi statistika gerçəklikdən bu qədər fərqlənməməlidir.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, proses prinsiplərə uyğun aparılmır: “Son illər paytaxt və ətrafı ilə digər bölgələr arasında bir sıra göstəricilər - istifadəyə verilən mənzil sahələrinin həcmi, avtomobil sayı, ticarət dövriyyəsi, kommunal xidmətlərin istehlakı, ən nəhayət, orta təhsil pilləsi üzrə şagird sayı arasında kəskin fərqlər daxili miqrasiyanın real miqyasının xeyli böyük olduğunu göstərir. Təəssüf ki, külli miqarda vəsait xərclənən ölkə miqyaslı siyahıyaalınma tədbiri real mənzərəni üzə çıxarmağın öhdəsindən gələ bilməyib”.

Azərbaycanda siyahıyaalma formal xarakter alır. Doğrudur, bəzi ailələrlə sorğu aparılır, göstəricilər qeyd olunur. Amma sosial mediadakı müzakirələr dəqiqlik olmadığını göstərir. Ölkədə, heç olmasa, əhalinin necə məskunlaşması barədə dəqiq məlumatımız yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »