Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir-birimizə sahib çıxaq
Bir-birimizə sahib çıxaq

AbzasMedia saytının əməkdaşlarının bu gün apelyasiya şikayətlərinə baxıldı. Onların barəsində həbs qətiimkan tədbiri dəyişdirilmədi. Deməli, istintaq müddətində həbsdə qalacaqlar.

Bu qərar gözlənilməz olmasa da, üzülməmək əldə deyil.

İstənilən halda gənc jurnalistlərin belə bir tale yaşaması mediamız, ümumilikdə cəmiyyətimiz üçün üzücüdür. Yaxşı olardı ki, onların barəsində ev dustaqlığı, başqa yerə getməmə və sair qətiimkan tədbirlərindən biri seçiləydi. Ancaq bu qərar olmadı, məhkəmənin qərarı başqa cür oldu.

Mən əvvəl də yazmışam: jurnalistika təkcə sənət deyil, həm də taledir. Dünyanın heç bir yerində jurnalistlər təhlükələrdən sığortalanmayıblar. Əsgər kimi, polis kimi, bir sıra bəzi başqa riskli sahələrdə çalışanlar kimi jurnalist də təhlükə vəd edən işlə məşğuldur. Ancaq təkcə jurnalistlər üçün deyil, hər bir şəxs üçün ən qorxulusu xarici təsirlər altına düşməkdir. O zaman insanın özünə ən böyük təhlükə elə özündən, öz seçimindən gəlir.

Doğrudur, istintaq olunan cinayət işi ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb. Ancaq media resurslarında yayılan araşdırmalara görə, bu həbslər xarici fondlardan alınmış qrantlarla bağlıdır. Daha doğrusu, xarici donorların maliyyə dəstəyi ilə Azərbaycan ərazisində həyata keçirilən layihələrlə, bağlanmış müqavilələrin Azərbaycanın müvafiq orqanlarında rəsmən qeydiyyatdan keçirilməməsi ilə bağlıdır. Bu zaman, təbii ki, residiv yaranır. Belə çıxır ki, istintaq həmin qrant məbləğlərinin ölkəyə qeydiyyatdan kənar gətirilməsini qaçaqmalçılıq kimi tövsif edib.

Doğrudur, ittiham olunanlar özlərini təqsirli bilmirlər və bu həbsləri müstəqil jurnalistika fəaliyyəti ilə bağlı onlara təzyiq kimi qiymətləndirirlər. Əlbəttə, istintaq obyektiv və ədalətli olmalı, bu məsələlərə dəqiq və dolğun cavabları verməlidir. Nəticənin necə olacağını zaman göstərəcək. Ancaq istənilən halda gənclərimizə, o cümlədən və xüsusilə, jurnalistlərimizə tövsiyə edərdim ki, xarici dairələrin təsiri altına düşməmək üçün diqqətli olsunlar.

Xarici fondlar və qeyri-hökümət təşkilatları mənsub olduqları dövlətin və ya bağlı olduqları dövlətlər qrupunun, beynəlxalq təşkilatların, yaxud transmilli korporasiyaların və sair qüvvələrin maraqlarından kənarda işləmirlər. Onlar əgər hansısa ölkədə hansısa layihəni maliyyələşdirirsə, bunda öz maraqları və məqsədləri var. Bu da təbiidir. Ona görə kim başqa ölkənin qarşısında qanunsuz siyasi, maliyyə və sair öhdəliklər götürürsə, öz dövlətinin qanunları ilə münaqişəyə girmiş olur.

Xarici qüvvələr zaman-zaman bu və ya başqa ölkənin vətəndaşlarını təsir altına salaraq öz dövlətinə qarşı onlardan təzyiq faktoru kimi istifadə edir. Bu, təkcə ayrı-ayrı şəxslərə deyil, əhali kateqoriyalarına, ictimai birliklərə, siyasi partiyalara və sair tətbiq olunan üsuldur. Bəzi ölkələrdə isə ayrı-ayrı dövlət qurumlarını, bəzən də hətta bütövlükdə dövlət hakimiyyətini ələ keçirir, sonra da öz maraqlarına uyğun olaraq qərarlar qəbul etdirirlər.

Açığını deyim, mən hər zaman Ukrayna xalqının azadlıq və demokratiya davasını izləmişəm və müsbət qiymətləndirmişəm. Rusiyanın Ukraynaya hərbi təcavüzünü də hər zaman pisləmişəm. Xüsusilə, şəhərlərin, qəsəbə və kəndlərin, mülki əhalinin hədəf seçilməsinə, Buçada, İrpendə və başqa yerlərdən törədilmiş soyqırım aktlarına öz qəzəbimi gizlətməmişəm. Çünki biz bunları özümüz də yaşamışıq; işğala, ilhaqa, soyqırıma, terrora, etnik təmizləməyə məruz qalmağın nə demək olduğunu, təəssüf ki, öz acı təcrübəmizdən bilirik. Ancaq biz Ermənistanın arxasındakı güclərin dəstəyi ilə həyata keçirdiyi hərbi təcavüzdən yayına bilməzdik; müharibəni biz istəmədik, bu, bizim iradəmizdən kənarda baş verən proses idi. Ukrayna isə öz qərarları ilə özünü Rusiya ilə müharibədən kənar tuta bilərdi. Ukraynanın son dönəm hökumətləri Qərbin ayrı-ayrı böyük dövlətlərinin və siyasətçilərinin məqsədli diktəsi ilə özünü Qərblə, ən birincisi, ABŞ-la Rusiya arasındakı qarşıdurmanın poliqonuna çevirdi və nəticədə üç Azərbaycan boyda ərazi itirdi. Əhalisinin az qala yarısı öz ev-eşiyindən didərgindir. Bir çoxu da xaricə üz tutub. Getdikləri mədəni ölkələrdə ən alçaldıcı şərtlərdə yaşayır və əgər iş tapa bilsələr, ən ağır işlərdə işləyirlər.

Bunda Qərbdən dəstəklənən QHT və medianın da rolu az olmadı. Ukraynadakı inqilablarda, dinc və ya qeyri-dinc hakimiyyət dəyişikliklərində Qərb dövlətlərinə, kəşfiyyatlarına bağlı fondların, təşkilatların siyasi, maliyyə təsirləri həlledici oldu. Nəticə isə məlumdur. Və bu gün həmin Qərb artıq Ukraynanı, demək olar ki, taleyin ümidinə buraxıb; özləri də etiraf etməyə başlayıblar.

İndi də Ermənistan həmin yolla - Ukraynanın yolu ilə getməyə çalışır. Bu zaman Azərbaycanı da Ermənistanın getdiyi yola çəkməyə çalışanlar var. Yenə də həmin dairələr, həmin qüvvələrdir.

Azərbaycan hər dörd qlobal gücdən - Avropa İttifaqından da, Rusiyadam da, ABŞ-dan da, Çindən də eyni məsafədə dayanmağa çalışır; xarici siyasətini bu cür qurur. O bu qlobal güc mərkəzləri arasında ixtilaflarda, qarşıdurmalarda tərəf olmadan, tərəf seçmədən öz yolunu tutub gedir. Bu məqsədlə Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə də qardaşlıq, dostluq münasibətlərini gücləndirir.

Elə insanlar var, qardaşı ilə nəinki dost olur, əksinə qatı düşmənlərə çevrilirlər. Bu dövlətlərə də aiddir. Rusiya ilə Ukrayna kimi. Azərbaycan isə türk dövlətləri ilə etnik qardaşlığı həm də səmimi dostluqla və qarşılıqlı faydalı tərəfdaşlıqla taclandırır.

Bu siyasət, məncə, doğrudur. Azərbaycanın bu siyasətindən narazı qalan güclər ölkəni içəridən "partlatmağa" çalışırlar və çalışacaqlar da. Buna nəinki alət olmamaq, əksinə əngəl olmaq lazımdır. Bir vətəndaş kimi mövqeyim belədir.

Bəli, ölkənin daxili siyasətində bir çox məsələlərlə razılaşmıram, tənqidi mövqeyim var. Ancaq mövzu bütövlükdə ölkənin varlığı, gələcəyi olunca, yaxamızı kənara çəkmək, yaxud ən pisi, atəşə körüklə getmək fikrində deyilik. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Bu, böyük tarixi uğurdur. Ancaq o demək deyil ki, bizə təhdidlər və təhlükələr daha yoxdur və olmayacaq. Bu, xüsusilə, özünü müxtəlif xarici dairələrin, xarici güclərin qarşıdurma arenasına çevirmiş Ermənistandan qaynaqlanır. İrəvandakı hökumət ölkəsindəki Rusiya varlığına qarşı Qərb dövlətlərini də cəlb edərək təhlükəli bir oyuna başlayıb, adını da "Erməni yolayrıcı" qoyub və bundan Azərbaycana qarşı revanş məqsədilə də yararlanmağa çalışır, çalışacaq da. Bütün bu təhdid və təhlükələrə qarşı ehtiyatlı olmaq, yad təsirlərdən uzaq dayanmaq gərəkdir. Belə situasiyalarda dövlət öz vətəndaşlarına, vətəndaşlar da öz dövlətinə sahib çıxmalıdır. Hamımız bir-birimizə sahib çıxmalıyıq. Yoxsa bu çətin coğrafiyada, bu qarmaqarışıq geosiyasi situasiyada ayaqda qalmaq asan deyil.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »