Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbdə xəsarət alan uşağın anası: “Əgər Təcili Yardım çağırsaydılar, həkimə aparsaydılar...”
Məktəbdə xəsarət alan uşağın anası: “Əgər Təcili Yardım çağırsaydılar, həkimə aparsaydılar...”

Noyabrın 26-da axşam saatlarında sosial mediada Bakının Ramana qəsəbəsindəki 90 saylı orta məktəbin 2-ci sinif şagirdi Təranə Məmmədzadənin sifətində ciddi xəsarət olan fotosu yayıldı. Fotodan görünür ki, uşağın bir gözünün üstü və ətrafı tamamilə qaralmış-göyərmiş vəziyyətdədir. Göz açılmır. Bu fotonu sosial şəbəkələrdə ilk yayan jurnalist İntiqam Valehoğlu yazırdı ki, uşaq məktəbdə bu duruma düşüb. Onun sözlərinə görə, məktəbin direktoru Svetlana Nəbiyevə da valideynlərin şikayətçi olmaması üçün onlarla anlaşmağa çalışır. Sosial mediadakı müzakirələrdə iddia olunurdu ki, uşağa müəllim və ya məktəb rəhbərliyi tərəfindən xəsarət yetirilib. Lakin uşağın valideyni bu barədə iddiaları təkzib edib.

Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, hadisə noyabrın 7-də baş verib. Uşağın anası Vüsalə Məmmədova deyir ki, hadisə qızının məktəbdə sinif yoldaşı ilə oynadığı vaxt baş verib. Balaca Təranə siniflərindəki başqa bir qız uşağıyla qaçarkən toqquşub və nəticədə ciddi xəsarət alıb. Südabə müəllimə hadisə barədə uşağın valideynlərinə məlumat versə də, xəsarətin ciddi olmadığı deyib. Lakin uşağın atası gedib görüb ki, azyaşlının gözü qanla dolub, şişkinlikdən göz açılmır. Təranə Məmmədovanın valideynlərini daha çox hiddətləndirən budur ki, hadisədən sonra tibbi yardım göstərilməsi üçün heç bir addım atılmayıb: “Nə bir həkimə aparıblar, nə Təcili Tibbi Yardım çağırıblar. Əgər bunları eləsəydilər, deyərdim ki, uşaqdılar, hadisədi olub. Eləməyiblər. Ancaq “salfetka”nı su ilə isladıb, gözünə qoyublar”.

Valideynlər uşağı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə aparıb. Orada ətraflı yoxlama nəticəsində məlum olub ki, gözün içi ciddi xəsarət almayıb. Mərkəzdə Təranəyə tibbi yardım göstəriləndən sonra valideynlər hadisə barədə polisə məlumat veriblər. Vüsalə Məmmədova təsdiqləyir ki, məktəbin direktoru onu şikayətçi olmaması üçün “yola gətirməyə” çalışır: “Əgər uşağım üçün dərhal təcili yardım çağırılsaydı, həkimə aparılsaydı, heç şikayətçi olmazdım...”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də Bizimyol.info xəbər portalına bildirilib ki, 90 saylı tam orta məktəbdə şagirdin göz nahiyyəsindən xəsarət almasıyla bağlı polisə daxil olan məlumat araşdırılıb.

“Araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib. Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb”, - nazirlikdən bildirilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »