Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Fransa və Amerikanın tapşırıqlarına əsasən Azərbaycana təkliflər irəli sürür"
"Ermənistan Fransa və Amerikanın tapşırıqlarına əsasən Azərbaycana təkliflər irəli sürür"

“Ermənistan rəhbərliyi hər zaman sözdə sülhün bağlanmasına dair Azərbaycan təkliflərini hər zaman qəbul etdiklərini bəyan edirlər. Əməli fəaliyyətə gəldikdə isə, yoxa çıxırlar. Bu isə onların köhnə vərdişidir. İndiki hakimiyyətin sələfləri də, münaqişənin həll olunması və sülh müqaviləsinin bağlanması, ümumiyyətlə münasibətlərin normallaşması ilə bağlı aparılan müzakirələrdə dəfələrlə danışıqlar masasından duraraq, qısa zamanda geri dönəcəklərini bəyan ediblər. Ancaq öz iç üzlərini bir daha göstərərək, danışıqlar masasından bir daha qaçıblar. Bu, dəfələrlə olub”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. O, bildirib ki, istər Sarkisyan vaxtında, istər Koçaryan vaxtında, istərsə də Paşinyan dövründə biz bunu dəfələrlə görmüşük. Bu səbəbdən də Ermənistan tərəfinin sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiya ilə bağlı səsləndirdiyi fikirlərin hər zamankı kimi sözdə deyilən fikirlər olduğuna şübhə yoxdur.

Ramiz Alıyev Ramiz Alıyev

“Ermənistan tərəfi həqiqətən də, sülh müqaviləsinin imzalanmasını, münaqişənin bitdikdən sonra münasibətlərin normallaşmasını istəyirsə, Azərbaycanın təklif etdiyi 5 bəndən ibarət olan sənədi qəbul etməlidir. Ermənistan ondan uzaqda olan himayədarlardan və ona boş-boş vədlər verən dövlətlərdən və şəxslərdən uzaqlaşmalı və onların fikirlərini önəmsəməməli, region dövlətləri ilə birgə masaya oturub, müzakirə aparmalı və sülh danışıqlarının formatını müəyyənləşdirməlidir. Sülh danışıqlarının nədən ibarət olduğunu müəyyənləşdirməlidir. Eyni zamanda Ermənistan tərəfi öz təkliflərini də irəli sürməlidir. Ancaq bu region dövlətləri və qarşı tərəflə yəni Azərbaycanla olmalıdır”-deyə Ramiz Alıyev əlavə edib.

Politoloqun fikrincə, Ermənistan Qərb ölkələri - xüsusilə Fransa və Amerikanın tapşırıq və tövsiyələrinə əsasən Azərbaycana təkliflər irəli sürür və region dövlətləri ilə münasibətləri korlayır, münasibətlərinə zərər verir.

“Ermənistan hələ də anlamır ki, onun bütün problemləri yalnız və yalnız region dövlətləri çərçivəsində aradan qaldırıla bilər.

Azərbaycan dövləti qalib dövlət, qalib ölkədir. Öz ərazilərini və suverenliyini bərpa etmiş və öz bayrağını bütün sərhəd boyunca dalğalandıran və öz ərazilərini işğaldan azad edən bir ölkədir. BMT təhlükəsizlik şurasının qətnamələrini icra edən bir ölkədir və Azərbaycan diktə edən tərəfdir. Ona görə də Azərbaycan yenə də humanizmdən irəli çıxış edərək, Ermənistanı danışıqlara və sülh müqaviləsi imzalanmasına dəvət edir. Regionda Azərbaycanda, Ermənistanda, digər qonşu dövlətlərdə - Gürcüstanda, İranda, Rusiyada, Türkiyədə - fərqi yoxdur, qonşu dövlətlərin hər birində bu müqavilə, saziş imzalana bilər. Azərbaycan tərəfi bunu dəfələrlə qeyd edib. Təəssüflər olsun ki, Ermənistan "cığallıq edən uşaq" kimi bu münasibətlərin belə davam etməsini istəmir və sadəcə olaraq təxribatlarla məşğul olmaq istəyir. Ermənistan özünün deyil, Fransanın, Amerikanın və digər Qərb ölkələrinin sifarişlərini, tövsiyələrini yerinə yetirməklə məşğuldur”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »