Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fərdi silahlanma qarşısı alınmadığı təqdirdə, çoxsaylı cinayətlərə zəmin yarada bilər"
"Fərdi silahlanma qarşısı alınmadığı təqdirdə, çoxsaylı cinayətlərə zəmin yarada bilər"

Müxtəlif ölkələrdə fərdi silahlanma ilə bağlı qanunlar qəbul olunur, insanlar fərdi şəkildə silahlanır və bunu özlərini, ailə fərdlərini qorumaqla əlaqələndirirlər. Məsələn, ABŞ cəmiyyətində, xüsusilə Texas şəhərinin sakinlərində belə bir yanaşma var ki, əgər hər hansı bir qatil və ya oğru bilsə ki, qarşısındakı insan da eynilə özü kimi silahlıdır, bu zaman cinayət törətməyə cəsarət etməyəcək. Vaxtilə keçmiş ABŞ prezidenti Donald Tramp da fərdi silahlanmanın daha da artırılması və bu sahədə qanuna yeniliklər gətirilməsini təklif etsə də, bu "fikir" Senat tərəfindən bir o qədər isti münasibət görmədi. Əsas səbəb isə ondan ibarət idi ki, təkcə şəxsiyyət vəsiqəsi ilə istədiyi silaha ödəniş edərək sahib olanlar əldə etdikləri bu silahlarla bəzən kütləvi insan ölümlərinə səbəb olur, nəqliyyatda tıxac zamanı affekt vəziyyətində qarşısındakı insanlara rahatlıqla atəş aça bilirdilər. ABŞ-da bu hal indi də mövcuddur və çox zaman fərdi silahlanmaya məhdudiyyət gətirilməsi məsələsi tez-tez gündəmə gətirilsə də, bu ölkənin vətəndaşlarının böyük bir qismi fərdi silahlanmanın məhdudlaşdırılmasını istəmir.

Bəs Azərbaycanda fərdi silahlanma ilə bağlı rəylər nəyi göstərir? Azərbaycanda fərdi silahlanma ilə bağlı qanunvericilik varmı? Əgər bu haqda qanun qəbul olunsa, cəmiyyətimiz hansı mənfi və ya müsbət hallarla rastlaşa bilər?

Bu və başqa suallarla bağlı Bizimyol.info xəbər portalının suallarını hərbi ekspert Elxan Şıxəliyev cavablandırıb. Ekspert bildirib ki, fərdi silahlanmanın dezvanatajları avantajlarından daha çoxdur.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

"Fərdi silahlanma qanunvericiliyə əsaslanmalıdır. Azərbaycanda fərdi silahlanma üzərinə qanunvericilik yoxdur. Ona görə də indi ovçuluqla məşğul olanlar üçün xüsusi icazə qanunvericilikdə nəzərdə tutulub. Burada ov silahlarının əldə olunması nəzərdə tutulub, amma belə nə odlu silahların satışı, nə də onların vətəndaşlar tərəfindən daşınması ilə əlaqədar qanunvericilik olmadığı üçün bizim cəmiyyətdə fərdi silahlanma indilik mümkünsüz görünür. Bununla yanaşı, "olmayacaq" deyə bir qayda da təbii ki, yoxdur. Əgər qanunvericilik bunu əsaslandırarsa, cəmiyyətdə fərdi silahlanma mümkün ola bilər.

Elə cəmiyyətlər, ölkələr var ki, fərdi silahlanmanı həyata keçirirlər. Xüsusilə Avropa Birliyinə daxil olan ölkələr və ABŞ kimi dövlətlərdə fərdi silahlanma mövcuddur. Ancaq bunun da avantaj və dezavantajlarını müşahidə etmək olur. Fərdi silahlanmanın dezavantajı daha çoxdur, nəinki avantajı. Fərdi silahlanma əslində fərdi müdafiənin təşkili üçün nəzərdə tutulan bir məsələ olsa da, həmin silah hansısa psixoloji problemi olan insanların əlinə keçdikdə bu, bəzən qırğınlarla, kütləvi cinayətlərlə nəticələnə bilir. Hansı ki, biz bunun nümunələrini çox görmüşük.

Müqayisə etsək, mənim şəxsi yanaşmam bundan ibarətdir ki, fərdi silahlanma daha zərərli ola bilər. Çünki indi Azərbaycanda fərdi silahlanma olmadığı halda müəyyən cinayət hadisələrinin qarşısı alına bilirsə, bu olduğu halda cinayət hadisələrinin daha da çoxalacağı istisna deyil. Hamımızın bildiyi kimi, indi cəmiyyətlər daha stresli bir dövrə qədəm qoyub. Ona görə də düşünürəm ki, fərdi silahlanmaya zəmin yaradan ölkələr, xüsusilə də silah alveri ilə məşğul olan transmilli şirkətlər silah satışı və ondan əldə etdikləri gəlirlər üzərindən qazanc əldə edirlər və onlar bu problemi vətəndaşın vəziyyəti üzərindən müzakirə etmirlər" - deyə, hərbi ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »