Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baha, aşağı sürət, ucqarlarda əlçatmaz internet... Sabiq nazir "ucuz" olduğuna inandırmağa çalışırdı
Baha, aşağı sürət, ucqarlarda əlçatmaz internet... Sabiq nazir "ucuz" olduğuna inandırmağa çalışırdı

Dünyanın 85 ölkəsində internet qiymətləri açıqlanıb. Azərbaycan birbaşa liderlər qrupunda yer almasa da, burada internetin baha olduğu qeyd edilib. Ölkənin adını sıralamanın ilk yarısında görmək mümkündür. “Picodi” portalının araşdırması postsovet ölkələrindən yalnız Gürcüstandan daha ucuz internet istifadə etdiyimizi deyir.

Bizimyol.info xəbər verir ki, siyahı konkret kriteriya üzrə tərtib olunub. Yalnız 100 Mbps internet təklif edə bilən ölkələrin adları burada yer alıb. “Picodi” hesab edir ki, heç olmasa, belə sürətdən söhbət getməlidir.

İnternetin ən baha olduğu ölkə kimi Norveç fərqləndirilib. Skandinaviya dövlətində 100 Mbps sürətini təxminən 75 avroya əldə etmək olar. Sonrakı yerləri İslandiya, Avstraliya, İsveçrə, İrlandiya və ABŞ tutur. İnternetin daha çox Rusiya (5,3 avro), Ukrayna, Rumıniya, Vyetnam, Moldova və Hindistanda ucuz olduğu bildirilir.

Sahə mütəxəssisləri hesab edir ki, əslində, Azərbaycanda internet liderlər qrupunda yer alan ölkələrdən daha bahadır. Onların fikrincə, burada əhalinin gəlirlərini nəzərə almaq lazımdır. Bizim ölkədə yaxşı internet əldə etmək üçün minimum əməkhaqqının 15 faizinə qədər xərcləməyə ehtiyac var.

Məsələn, Şimali Avropa dövlətlərində bu göstərici 3 faizi keçmir. Yəni avropalılar keyfiyyətli internetə bizim qədər çox xərc çəkmir. Hətta 5-8 dəfə daha ucuz internet istifadəsindən danışmaq olar. Hələ 2010-cu ildə Dünya Bankının hesabatında Avropada internet qiymətlərinin əlçatan olması yazılmışdı. Köhnə qitə dövlətlərinin əksərində minimum əməkhaqqının uzağı 2 faizini xərcləməklə 100 Mbps sürətinə çatmaq mümkün olması qeyd edilmişdi. Onda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycanda bu istiqamətdə vəziyyətin Avropadan heç də pis olmaması iddiasını səsləndirmişdi. Nazir ictimaiyyəti inandırmağa çalışmışdı ki, azərbaycanlılar gəlirlərinin 5 faizindən azını internetə sərf edir. Rəsmi rəqəmləri görməsək belə, bizim ölkədə internetin səviyyəsi ilə bağlı çox şey demək olar. Hər şeydən əvvəl qiymətlər yüksəkdir. Ölkə əhalisinin əksəriyyəti üçün aylıq internet xərclərini ödəmək asan deyil. Bölgələrdə sürət çox aşağıdır. Ucqar kəndlərdə internet əlçatan sayılmır. Bu sahədə problemlər həddindən çoxdur. Ola bilər ki, müəyyən iş görülür. Amma ölkədə faydalı iş əmsalı da internetin sürəti kimi aşağıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »