Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su qıtlığının bir addımlığında: Oliqarxlar suyun qarşısını "əjdaha" kimi kəsib, kəndli "damcı" axtarır...
Su qıtlığının bir addımlığında: Oliqarxlar suyun qarşısını "əjdaha" kimi kəsib, kəndli "damcı" axtarır...

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun yerli qurumlarla birgə hazırladığı hesabat ciddi narahatlığa əsas verir. Bizim ölkəni böyük su qıtlığı gözləyir. Hesabatda Azərbaycan 2040-cı ilə qədər su problemi olan 33 həssas ölkə arasında 18-ci yerə layiq görülüb. Hesab olunur ki, zamanla vəziyyət bir az da pisləşəcək.

Bizimyol.info xəbər verir ki, əsrin ortalarında burada əhalinin içməli su ilə təmin etmək daha müşkülə çevriləcək. Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnozu əminliklə qeyd olunub. Bizim ölkənin belə ciddi su qıtlığı ilə üzləşmə ehtimalını necə izah etmək olar?

Hesabatda bir sıra məsələlər yer alıb. Ölkədə su təminatı və kanalizasiya xətlərinin əksərinin köhnəlməsi, səmərəsiz durumda olması yazılıb. Bildirilir ki, supaylayıcı sistemlərin köhnə olmasına görə təxminən 50 faizədək su, son təyinat nöqtəsində itir. Çirkab sularının təmizlənməsi üçün potensial var, amma düzgün istifadə olunmur. Tullantı sularından kənd təsərrüfatında istifadə tövsiyə edilib. Bir sözlə, görüləsi iş çoxdur.

Azərbaycanda su qıtlığının yaranması ilə bağlı Dünya Bankı zamanla çox səbəblər ortaya qoyub. Məsələn, qeyri-standart aktivlərin idarə edilməsi, zəif korporativ idarəetmə, qeyri-kafi əməliyyat kimi problemlər qabardılıb. Sıravi adamlar üçün bu ifadələr çox söz demir. Əsas problem hökumətin üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirməməsidir.

Xüsusilə, bölgələrdə ədalətli su bölgüsü yoxdur. Kənd adamları təsərrüfatını idarə etmək üçün su tapmır. Çünki oliqarxlar böyük təsərrüfatlar yaradıb pul qazanırlar, bununla yanaşı, əhalinin "su" hüquqlarını pozurlar. Kür çayındakı böhran vəziyyəti məhz oliqarxların su mənbələrindən təsərrüfatlarının təminatı üçün istifadəsi üzündən yaranıb.

Ölkənin su təchizatı peşəkar şəkildə təşkil olunmalıdır. Amma müşahidələr sistemsizlik olduğunu göstərir. Hökumət suvarma kanallarından tutmuş bəndlərə, su təchizatı obyektlərinə qədər mühüm infrastruktura 3 milyard dollardan çox sərmayə qoyub. Ortada qənaətbəxş nəticə yoxdur. İldən-ilə durum pisləşir. Kəndlər susuzluqdan əziyyət çəkir. Adicə içməli su böyük problemə çevrilib. Təsərrüfatların idarə edilməsi ağır yük olub. Bu istiqaməti də korrupsiya məhv edir. Ortaya mütləq peşəkar iş qoyulmalıdır. Sistem formalaşdırılmasa, ölkədə su qıtlığı hesabatlarda yazılanlardan da betər olacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »