Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AbzasMedia” ilə bağlı cinayət işi üzrə daha bir nəfər haqqında həbs qərarı verildi
“AbzasMedia” ilə bağlı cinayət işi üzrə daha bir nəfər haqqında həbs qərarı verildi

“AbzasMedia” saytının baş redaktoru Sevinc Vaqifqızının həbs olunmasıyla bağlı qərardan apellyasiya şikayəti verilib. Söhbət noyabrın 21-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın çıxardığı qərardan gedir. Həmin qərara əsasən, jurnalistin barəsində ilkin istintaq dövrü üçün 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib. Eyni gündə Sülhanə Hacıyeva “AbzasMedia”nın direktoru Ülvi Həsənli haqqında da həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun verdiyi təqdimatı təmin etmişdi. Ülvi Həsənli haqqında istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizimyol.info xəbər verir ki, Sevinc Vaqifqızı və Ülvi Həsənlidən sonra “AbzasMedia”nın direktor müavini Məhəmməd Kekalov haqqında da həbs qərarı verilib. Üç gün əvvəl Məhəmməd Kekalov noyabrın 23-də axşam saat 19:00 radələrində Xətai rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun da barəsində təqdimat təmin olunub və 3 ay 27 günlük həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin hər üçü eyni cinayət işi üzrə təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Vəkil Rövşanə Rəhimli Bizimyol.info xəbər portalına bildirib ki, Məhəmməd Kekalovun ailəsi onunla iki gün əvvəl müqavilə bağlasa da, müvəkkili ilə görüşə bilmirdi. O, noyabrın 23-də Xətai rayon Polis İdarəsində Məhəmməd Kekalovla görüşə bilib. Rövşanə Rəhimlinin sözlərinə görə, görüş zamanı Məhəmməd Kekalov onun hüquqi yardımından imtina edib: “Görüş çox qısa çəkdi. Məhəmməd Kekalov bildirdi ki, özünü təqsirli bilmir, heç bir cinayət törətməyib. Ona görə də əlavə vəkil istəmir. Ona dövlət hesabına vəkil verilib”.

Noyabrın 23-də iki jurnalist – Sahilə Aslanova və Nərgiz Absalamova “Abzas Media” ilə bağlı cinayət işi üzrə Bakı şəhər Baş Polis İdarəsində dindirilib. Onlar şahid qismində ifadə verib. Nərgiz Absalamova bildirib ki, istintaq sirrini yaymamaq barədə iltizama imza atdığına görə dindirmənin detalları haqda məlumat verə bilməz. Amma ondan Ülvi Həsənli və Sevinc Vaqifqızı, o cümlədən “AbzasMedia”nın fəaliyyətilə bağlı bir sıra məsələləri soruşublar.

Qeyd edək ki, Ülvi Həsənli noyabrın 20-də səhər tezdən saxlanılıb. Günorta saatlarında saytın ofisində (Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127) axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub. Ülvi Həsənli isə ofisdə pul olmadığını bildirir. Sevinc Vaqifqızı da, Ülvi Həsənli də qaçaqmalçılıq ittihamını rədd edir, “AbzasMedia”nın tənqidçi fəaliyyətinə görə cəzlandırıldıqlarını bildirirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »