Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Havadarlarının təsiri və təzyiqi altında olan Ermənistan sülhü "istəyə bilmir" deyə real addımlar atmır"
"Havadarlarının təsiri və təzyiqi altında olan Ermənistan sülhü "istəyə bilmir" deyə real addımlar atmır"

Noyabrın 30-da ilkin razılaşmaya əsasən, Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqların Ermənistan-Azərbaycan sərhədində aparılacağı qeyd edilir. Qarşıdan gələn görüşün digər təfərrüatları açıqlanmayıb. Həmçinin qeyd edilib ki, noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı “yeni lazımsız gecikmələrə yol verməməyə” çağırıb. Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə görüş təklifini dəstəkləyib.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məlumatın reallığa uyğun olması ilə bağlı Azərbaycanın rəsmi mövqeyi açıqlanmayıb.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Mən bu məsələ ilə bağlı dövlətin rəsmi mövqeyi ilə rastlaşmamışam. Ümumilikdə, sülh prosesi ilə bağlı baş verən hadisələrdən çıxış edərək deyə bilərəm ki, Ermənistan 3 ildən artıqdır ki, bu istiqamətdə ziddiyətli və təzadlı fikirlər səsləndirmək, eyni zamanda yalnız və yalnız bəyanatlarla çıxış etmək, nəticəyə aparmayan sözlərlə kifayətlənmək siyasətini davam etdirir. Azərbaycan isə Ermənistandan fərqli olaraq real addımlar atır. Ümumiyyətlə, biz tarixə nəzər yetirsək görərik ki, dünyanın tarixində dövlətlər tarixində həmişə qalib gələn tərəf diktə edən tərəf olub, şərtləri olub və nəticəni müəyyənləşdirib. Məğlub olan tərəf isə həmişə şərtləri qəbul edən tərəf olub. İndi Ermənistan hər şeyin əksinə getdiyi kimi, bu məsələlərdə də fərqli münasibət ortaya qoyur. Cənubi Qafqazda sülhün birdəfəlik bərqərar olması istiqamətində heç bir real addım atmır. Bu da onu deməyə əsas verir ki, Ermənistan ya sülhü istəmir, ya da ki, Ermənistan sülhü "istəyə bilmir". Kənar qüvvələrin diktəsi altında olan Ermənistan, real şəkildə sülhü istəyə bilmir”-deyə politoloq bildirib.

Politoloq bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı kifayət qədər addımlar atıb. Delimitasiya komissiyalarının görüşünə gəldikdə isə, politoloq qeyd edib ki, komissiyanın yaradılması və sərhədlərlə bağlı qarşılıqlı şəkildə, ikitərəfli qaydada masaya oturması təşəbbüsü də Azərbaycanın olub. Brüssel platforması çərçivəsində Azərbaycan buna nail olub. Amma Ermənistanın sonradan "pozucu" siyasəti, o komissiyanın fəaliyyətinin dondurulmasına gətirib çıxarmışdı.

Azərbaycanın təklif verməsi ilə bağlı məsəələ haqqında politoloq vurğulayıb ki, burada Ermənistan tərəfinin ikiüzlülüyü ortaya çıxır. Çünki əslində qaydalara görə, qalib tərəf şərtləri verir. Bütün bunlara baxmayaraq, prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra qalib liderdən, qalib dövlət başçısından daha çox sülh təşəbbüslərini ortaya qoyan və Cənubi Qafqazda, regionda sülhün, təhlükəsizliyin bərqərar olunması istiqamətində atdımlar atmağa cəhd göstərən bir lider olduğunu göstərib, bu istiqamətdə addımlar atıb. Bu isə, Ermənistanın bu məsələdə də ikiüzlü yanaşma tərzini açıq-aydın göstərir. Ermənistan Azərbaycandan fəqli olaraq təklifləri yalnız və yalnız gözləmə mövqeyi ilə cavablandırır. Bu da sübut edir ki, Ermənistan hansısa kənar qüvvələrin, kənar güclərin diktəsini gözləyir.

“Ümumiyyətlə, Azərbaycanın Ermənistana verdiyi təkliflərin tarixinə də nəzər yetirmək lazımdır. Məsələn, biz 11 mart 2023-ci ildə Ermənistana 5 baza prinsipi əsasında təkliflər irəli sürdük. Ermənistan tərəfi bu təkliflərə özünün 6 bəndlik şərtlərilə cavab vermiş oldu.

Daha sonra Ermənistanın baş naziri bu təkliflərin 3 əsas prinsipi ilə razılaşdığımızı dilə gətirdi. Bu, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Alma-Ata bəyannaməsi əsasında sərhədlərin müəyyənləşdirilməsi və daha sonra nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması ilə bağlı 3 əsas prinsipdir. Bu prinsiplər, əslində Azərbaycanın təklif etdiyi prinsiplərdən heç bir fərqli prinsip deyil.

Eyni zamanda Ermənistanın baş naziri hələ ötən ilin 6 oktyabr tarixində Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirdi və daha sonra 31 oktyabr 2022-ci ildə bunu təsdiq edən sənədi Soçidə imzaladı.

Demək istədiyim odur ki, Ermənistan tərəfi fikir səsləndirir, mövqe bildirir, çıxışlar edirlər, amma real addımlar atmırlar. Bu gün onlardan fərqli olaraq, Azərbaycan real addımlar atmaqdadır. Azərbaycan sülh sazişinin əldə edilməsi istiqamətində bütün imkanlarını səfərbər edib ki, mümkün qədər qısa bir müddət ərzində regionda sülh bərqərar olsun. Burada kiminsə diktəsi ilə, kiminsə marağı ilə hərəkət etməyək”-deyə Xəyal Bəşirov əlavə edib.

Politoloq qeyd edib ki, növbəti bu kimi fikirlərin səsləndirilməsi beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq, beynəlxalq ictimaiyyətə Ermənistanın sülhpərvər dövlət, Ermənistan hakimiyyətinin sülhpərvər hakimiyyət olması görüntüsü yaratmaq cəhdidir. Onlar bu yolla sanki özlərinin sülhün tərəfdarı olduğunu, Azərbaycanın da buna maneə olması görüntüsünü yaratmağa çalışırlar.

“19-20 sentyabr tarixlərində biz o keçmiş münaqişədən sonra mövcud olan bəzi problemlərin, o, cümlədən də 10 noyabr 2020-ci il tarixli bəyanatla Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icra edilməsi istiqamətində ciddi addım atdıq. Ümumilikdə, Cənubi Qafqaz regionunda separatizmə son qoyduq. Bununla bağlı prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin də mövqeyi oldu ki, “artıq oyun bitib və Azərbaycan öz təkliflərini edib”. İndi “top” Ermənistandadır”. Ermənistan da “topu” götürüb çıxıb səfərə, Fransaya, Amerika Birləşmiş Ştatlarına… Oradan nə ilə qayıdacaq, bunu bilmirik. Ordan ona nə diktə olunacaq, onu ordan hansı addımlar atmaq göstərişi veriləcək, onu deyə bilmərik. Hər bir halda, həmin o qüvvələr Cənubi Qafqazda sülhə maraqlı olmadıqlarına görə, Ermənistana nə versələr də, sülhü qəti şəkildə verməyəcəklər”-deyə Xəyal Bəşirov fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »