Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərblə Rusiya arasında tərəfdaş seçməklə məşğul olan Ermənistan, bacardığı qədər sülhü gecikdirir"
"Qərblə Rusiya arasında tərəfdaş seçməklə məşğul olan Ermənistan, bacardığı qədər sülhü gecikdirir"

2020-ci il Vətən müharibəsində Azərbaycanın qələbəsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan ilə sülh müqaviləsinin bağlanması sanki dalana dirənib. Üçüncü güclərin sayəsində sülh müqaviləsi danışıqları bu günə qədər müsbət nəticələnməyib. Maraqlısı budur ki, Ermənistan ətrafa boylanmasa, Azərbaycanla birbaşa danışıqlara daxil olsa, heç bir problem yaşamadan tez bir zamanda razılıq əldə edilə bilər.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün sülh Ermənistan hakimiyyətindən deyil, onun əmrlərini yerinə yetirdiyi havadarlarından da asılıdır.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat təəssüflə qeyd edib ki, erməni cəmiyyəti də Qarabağ məsələsinin birdəfəlik həll olunmasını əbədi məğlubiyyət hesab edir. Halbuki onlar bunun reallıq olduğunu qəbul etsələr, sülh də, digər kommunikasiya əlaqələri də asanlıqla bərpa olunacaq.

“Doğrudur, indi regiondakı bütün problemlərin həllinin açarı Azərbaycandadır. Ancaq Ermənistan tərəfi sülhlə bağlı bəyanatlar verir, lakin əməli addım atmır. Postmüharibə dövründə dövlətimiz əlindən gələn qədər sülh üçün çalışsa da, Ermənistan dövləti bu sahədə öz öhdəliyini anlamır. Əgər regionda sülh olacaqsa, bu, təkcə Azərbaycanın öhdəliyinə düşməməlidir və tərəflər sülh üçün birgə çalışmalıdır. Lakin hazırda qarşı tərəfdən heç də əməli addım görmürük”-deyən deputat əlavə edib ki, Azərbaycan bu əngəllərin də öhdəsindən gələcək. Hazırda Ermənistan dövləti özünə tərəfdaş seçmək üçün də sanki savaşır. Qərb və Rusiya arasında qalan Ermənistanın bu siyasəti sülhü də gecikdirir.

“Bütün bu qlobal siyasətin hətta deyərdim ki, soyuq müharibənin yekun nəticəsindən asılı olmayaraq, Azərbaycan dövləti regionun böyük və güc dövləti kimi sülhə gedən yoldakı bütün maneələri aradan qaldıracaq və regiondakı kommunikasiya məsələlərini milli maraqlar çərçivəsində quracaqdır”-deyə Müşfiq Cəfərov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »