Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan xalqına yaşadılan soyqırımın cinayətkarları növbələrini gözləyir, cəzalandırılacaqlar"
"Azərbaycan xalqına yaşadılan soyqırımın cinayətkarları növbələrini gözləyir, cəzalandırılacaqlar"

Xocalı faciəsində təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında soyqırımının törədilməsində iştirakçı olması barədə məlumat verib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilib. Raşid Beqlaryan bildirib ki, 25 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib. Fevralın 26-da isə Beqlaryanın da, daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

“Azərbaycan 44 günlük Vətən müharibəsi və 1 günlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirərək, öz suverenliyini bütün ərazisində bərpa etdi. Və bununla da son illərdə dünyada öz torpaqlarını işğaldan azad edən və hüququnu bərpa edən qürurlu bir ölkəyə çevrildi. Regionda yeni geosiyasi, geoiqtisadi reallıqlar yaradan bir ölkə oldu. Uzun illər Azərbaycan torpaqlarında “at oynadan”, öz himəyadarlarının dəstəyi ilə işğalçı siyasəti həyata keçirən düşmən kapitulyasiya aktına imza ataraq, Azərbaycan qarşısında "diz çökdü". Biz bu qüruru xalq olaraq yaşadıq. Ali baş komandanımıza, xalqımızın birliyinə güvənirik. Düşünürük ki, qarşıda bizi bundan çox-çox böyük qələbələr gözləyir”…

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. O, bildirib ki, işğal dövründə Azərbaycan vətəndaşlarının qanına əli batmış bir çox cinayətkarlar, terrorçulara Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi qaldırılırdı. Hər bir cinayət işi araşdırılır və burada əli olan cinayətkarların hər biri axtarışa verilir.

Vüqar İskəndərov Vüqar İskəndərov

“O dövrlərdə xalqın sadə nümayəndələri bunu nə üçün olduğunu, onların necə tutulacağını və necə baş verəcəyini soruşurdular. Bu gün Azərbaycan dövləti öz qüdrətini bu sahədə göstərməkdədir. Bu gün kifayət qədər cinayətkarlar, terrorçular, separatçılar Azərbaycan istintaqçıları qarşısında ifadə verməkdədirlər. Biz belə faktları gördükcə, təbii ki, qürurlanırıq. Daha bir Xocalı camaatının qatili, o dövr xalqımıza yaşadılan soyqırımın iştirakçılarından Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs olunub, elə həmin ərazidə bütün faktları açır, ifadə verir və bir daha yalnız Azərbaycan xalqına yox, dünyaya bu toplumun və onun belə nümayəndələrinin hansı əməllər törətdiyi və necə ifşa olunduğu göstərilir. Bütün dünya onu anlamalı və bilməlidir ki, Azərbaycan öz gücü ilə həm “ədalət”i, həm beynəlxalq hüququnun prinsiplərini bərpa edir”-deyə deputat vurğulayıb. Onun sözlərinə görə, artıq digər terrorçuların da, cinayətkarların da “kürkünə birə düşüb” və onlar ifadələrində, müsahibələrində bunu gizlətmirlər. Növbənin onlara da çatacağını bilirlər.

“Ölkə prezidenti cənab İlham Əliyev də zaman-zaman bütün bunları söyləyib ki, “hər bir cinayətkar, hər bir terrorçu, separatçı Azərbaycan məhkəmələrinin qarşısında olacaqlar. Onlar unutmasınlar ki, etdikləri cinayətlərə görə cəzalarını alacaqlar”. Bütün bunlar ölkəmizin qüdrətinin gücünün göstəricisidir. 30 il ərzində ölkəmizə qarşı cinayət törədən, terror törədən bu məxluqlar Azərbaycan hüquq mühafizə orqanları tərəfindən tapılacaq və bir-bir məhkəmələrə çıxardılaraq, ədalətli Azərbaycan məhkəməsi tərəfindən haqlı cəzalarını alacaqlar”-deyən deputat əlavə edib ki, “heç bir cinayət cəzasız qalmır” və müstəqil Azərbaycan, suveren Azərbaycan bütün bunları öz gücünə, öz iradəsi ilə uğurla həll edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »