Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Sevinc Vaqifqızı və Ülvi Həsənli haqqında həbs qətimkan tədbiri seçildi
Jurnalist Sevinc Vaqifqızı və Ülvi Həsənli haqqında həbs qətimkan tədbiri seçildi

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) haqqında həbs qərarı çıxarılıb.

Bizimyol.info xəbər verir ki, həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızının istintaq dövründə həbsdə saxlanması üçün prokuror təqdimat verib. İstintaq Bakı şəhər Baş Polis İdarəsində aparılır və idarə də Xətai rayonu ərazisində yerləşdiyinə görə təqdimata Xətai rayon Məhkəməsində baxılıb.

Ülvi Həsənli və Sevinc Vaqifqızı haqqında təqdimata ayrı-ayrılıqda baxılsa da, hər iki məhkəmə prosesinə hakim Sülhanə Hacıyeva sədrlik edib. Hər iki məhkəmə iclasında təqdimat təmin olunub. Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə onların hər ikisi Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittihamın saxta olduğunu, saytın korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını bildiriblər.

Sevinc Vaqifqızının vəkili Aqil Layıc və Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Bizimyol.info xəbər portalına bildirib ki, məhkəmənin həbs qərarından apellyasiya şikayəti verəcəklər.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində hava limanında saxlanılıb. İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalisti saxlayaraq götürüb aparıblar. Təxminən 1 saat sonra Sevinc Vaqifqızının yaşadığı evdə axtarış aparılıb. Axtarışda jurnalistin özü və vəkili Elçin Sadıqov da iştirak edib. Məlumata görə, mənzildən heç nə aşkarlanmayıb.

Ülvi Həsənli noyabrın 20-də səhər tezdən saxlanılıb. Günorta saatlarında saytın ofisində (Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127) axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə cinayət işi başlanıb.

Onlar bu ittihamı rədd edir, ofisdən tapıldığı iddia olunan 40 min avronun əslində, orada olmadığını deyir.

Sevinc Vaqifqızı da Bakıya qayıtmamışdan öncə açıqlamasında bildirib ki, həbs olunacağını ehtimal edir və buna baxmayaraq, ölkəyə qayıdacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »