İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilir.
"Report" xəbər verir ki, bu barədə “Al Shark” qəzeti məlumat yayıb.
Bildirilir ki, atəşkəs beş gün davam edəcək.
Həmçinin, oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində hər gün azad ediləcək.
İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.
"Jerusalem Post" İsrail rəsmisinə istinadən məlumat yayıb ki, ümumilikdə 53 israilli girov, o cümlədən 40 uşaq və 13 qadın azad ediləcək.
Bundan əvvəl CNN məlumat yayıb ki, noyabrın 21-də tərəflər arasında girovların azad edilməsi ilə razılaşma əldə edilə bilər. Lakin telekanal atəşkəsin şərti kimi üç fələstinli məhbusun əvəzində qadın və uşaqlar da daxil olmaqla 50 girovun azad ediləcəyini açıqlayıb.
Mənbələrin bildirdiyinə görə, atəşkəs müddətində İsrail də Qəzza zolağının şimalında PUA-nın kəşfiyyat uçuşlarını gündə azı altı saat dayandıracaq.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı HƏMAS rəsmisi İzzət ər-Rişqə istinadən xəbər verib ki, girovların azad edilməsinə dair razılaşmanın şərtləri Qətər tərəfindən yaxın saatlarda açıqlanacaq.
İsrail hakimiyyətinin məlumatına görə, HƏMAS-ın girovluğunda 240-250 nəfər var. Bunlar əsasən İsrail vətəndaşlarıdır.