Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azadlığa “907-ci...” badalaq
Azadlığa “907-ci...” badalaq

Gündəm - ABŞ Senatının S3000 qanununu qəbul etməsidir. Bu, "Azadlığı müdafiə aktı" 907-ci düzəlişin dayandırılmasını ABŞ prezidentinə qadağan edir.

Bunlar bəlkə çoxlarımız üçün anlaşılmazdır. Qısaca izah edim: 1990-1991-ci illərdə Sovet İttifaqına daxil olan "müttəfiq" respublikaların "İttifaq"dan çıxaraq öz müstəqilliyini bərpa etdi. Bunun nəticəsində "Sovet Sosialist Respublikaları İttifaqı" adlı superdövlət dağıldı. ABŞ başda olmaqla Qərb dövlətləri və siyasi institutları postsovet məkanında yaranmış yeni müstəqil dövlətlərə dərhal dəstək verməyə başladı. ABŞ Konqresi bu məqsədlə "Azadlığa müdafiə aktı" adlı qanun qəbul etdi. Bu, yeni yaranmış dövlətlərə Amerikanın dövlət yardımını nəzərdə tuturdu. Sadəcə, maliyyə yardımından söhbət getmirdi; siyasi yardım komponenti də önəmliydi.

...Azərbaycanda hələ 1980-ci illərin sonundan ayağa qalxmış xalq SSRİ-yə artıq Vətən kimi deyil, İmperiya kimi baxırdı və "Şər İmperiyası" adlandırırdı. Səbəb: o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi üçün erməni ultramillətçilərinin bölücü hərəkətlərinə Moskvanın açıq-gizli dəstək verməsi idi. Sovet rəhbərliyinin gah birtərəfli ermənipərəst mövqe tutması, gah da hər iki tərəfin məsuliyyətini "bərabərləşdirməsi" - cinayətkarla zərərçəkənin hər ikisini günahkar çıxarması Azərbaycan cəmiyyətində hiddət doğurmuşdu.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra artıq dağılmış Sovet İttifaqının hüquqi varisi olan Rusiya da Qarabağ məsələsində sələfinin siyasətini davam etdirdi. "Dağlıq Qarabağ problemi" o zaman Azərbaycanın ayağına bağlanmış ağır daş idi; irəliyə getməsinə imkan vermirdi. Azərbaycanın müstəqilliyinə əngəl törətmək, Qarabağda etnik təmizləmə aparmaq, Ermənistana ilhaqı asanlaşdırmaq üçün yerli azərbaycanlılara qarşı Xocalı qətliamını törətdilər. Ermənistanın Şuşanı, Laçını, Kəlbəcəri işğal etməsinə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş ərazilərin Ermənistanla fiziki olaraq birləşməsinə Moskva şərait yaratmışdı.

Ancaq bütün bunlar Rusiyanın Cənubi Qafqazda zəifləməsini önləyə bilmirdi. Azərbaycan Rusiya mərkəzli Müstəqil Dövlətlər Birliyinə üzv olmamışdı. Moskvada anlayırdılar ki, Azərbaycan olmadan Cənubi Qafqazı əldə saxlaya bilməyəcəklər. Üstəlik, həmin vaxt - 1992-ci ilin mart-may aylarında Azərbaycanda keçmiş kommunistlərin devrilməsindən sonra iyunda seçki nəticəsində Xalq Cəbhəsi də məhz antiRusiya şüarları ilə hakimiyyətə gəldi. Bununla belə Moskva – Boris Yeltsinin özünü demokratik sayan hökuməti Azərbaycanı MDB-yə üzvlüyə maraqlandırmaq üçün Qarabağda siyasətini bir qədər dəyişdi; Azərbaycan ordusunun iyun-avqust aylarında uğurlu hücum kampaniyası zamanı Rusiya Ermənistana dəstəyini zəiflətdi. Bundan gözləntisi sentyabrda Azərbaycan parlamentinin MDB-yə qoşulmaqla bağlı qərar verməsi idi. Bəlkə də Bakıdan belə vəd olunmuşdu, onu dəqiq deyə bilmərəm.

Ancaq Xalq Cəbhəsi hakimiyyəti buna getmədi; Azərbaycanın MDB-yə üzvlüyünü rəsmi Bakı müstəqilliyin yenidən itirilməsi təhlükəsi kimi dəyərləndirdi. Bundan sonra Rusiya yenidən Ermənistana siyasi, hərbi-texniki və sair formalarda tam dəstək verdi. Nəticədə 1992-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabrına qədər - tam bir il ərzində Azərbaycan üçün çox ağır hadisələr baş verdi; Azərbaycan azad etdiyi torpaqları, üstəlik daha 6 rayonu itirdi. Ölkədə hərbi qiyam, dövlət çevrilişi baş verdi. Ermənistandan qaçqın düşənlərə Qarabağdan köçkün əhali də əlavə olundu. Beləliklə, qaçqın və köçkün azərbaycanlıların sayı 1 milyon nəfərə yaxınlaşdı. Bu, o zaman hər 8 nəfərdən birinin evsiz, işsiz, didərgin, yəni dövlətin yardımına möhtac olmağı demək idi.

Həmin o 1992-ci ilin iyun-avqust aylarında Azərbaycan Qarabağı işğaldan azad etmək məqsədilə uğurlu hərbi əməliyyatlar apardığı bir vaxtda ABŞ Konqresi "Azadlığı müdafiə aktı"na 907-düzəlişi qəbul etdi. Bu düzəliş ABŞ-ın Azərbaycana dövlət yardımını bloklamış oldu. Azərbaycan postsovet ölkələri arasında ABŞ-ın dövlət yardımından məhrum olan yeganə ölkəyə çevrildi. Üstəlik bu düzəlişin gərəkçəsi qadağanedici normanın özündən də ədalətsiz idi; Azərbaycanın "Dağlıq Qarabağı işğal etməsi" və "Ermənistanı blokada vəziyyətinə salması" "əsas" kimi göstərilirdi. Halbuki Qarabağ həm dağlıq, həm dağətəyi, həm də aran hissələri ilə birlikdə olaraq bütövlükdə Azərbaycan Respublikasının tərkib hissəsidir və bunu bütün dünya, o cümlədən, ABŞ da belə tanıyıb. Azərbaycan öz ərazisini necə işğal edə bilərdi?! Belə çıxır ki, ABŞ-ın Kaliforniya ştatında ermənilər separatçı hərəkat yaradıb ştatı ayırmaq, tutaq ki, Fransaya birləşdirmək, ya da orada müstəqil dövlət qurmaq istədi. Qarət, qətliam tüğyan etdi. ABŞ mərkəzi hökuməti də oraya qoşun göndərib separatçılığa, qarətə, dinc əhalinin qətl edilməsinə son qoymaq istədi. Onda necə təqdim edəcəyik: deməliyik ki, ABŞ Kaliforniyanı işğal edir?! Bu ki, absurd iddiadır. Hələ Ermənistanın blokadaya alınması iddiasını demirik. Ermənistan gəlib bizim torpağı işğal edib oturmuşdu. Arazboyunda işğal etdiyi ərazilərdən keçən kommunikasiyaları da dağıtmışdı. Özü-özünü blokadaya salmışdı. Azərbaycanın Ermənistanı blokadaya salmasını iddia etmək də "Dağlıq Qarabağı işğal etməsi" ifadəsi qədər haqsız və əsassız, hətta nonsens sayılmalıdır.

1992-ci ildə bu düzəlişin qəbul olunması yeni müstəqillik qazanmış Azərbaycan dövlətinin möhkəmlənməsinə maneə yaratmağı, Qarabağda uğurlu əməliyyatları dayandırmağı hədəfləmişdi. Bu düzəlişlə "Azadlığı müdafiə aktı" öz mahiyyətini ən azı Azərbaycana münasibətdə dəyişərək işğalçılığı, separatçılığı müdafiə aktı xarakteri almışdı. Daha da pisi: istəyərək, ya da istəməyərək, ABŞ neokolonializmə dəstək vermiş olurdu.

2001-ci il sentyabrın 11-də ABŞ tarixin ən ağır terror hücumuna məruz qaldı: “Əl-Qaidə” terror təşkilatı Nyu-Yorkda qoşa qüllələri partlatdı. Eyni vaxtda Vaşinqtonda Pentaqonun binasına hücum edildi. Minlərlə insan həlak oldu. Buna cavab olaraq ABŞ beynəlxalq antiterror koalisiyası yaratmağa başladı. Həmin koalisiyanın əsas iştirakçılarından biri də Azərbaycan oldu. Azərbaycan öz hərbi bölmələrini də hazırlayıb Koalisiyanın komandanlığına təqdim etdi. İllərlə Azərbaycan əsgər və zabitləi öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirdi. Təkcə ordu hissələri deyil, Azərbaycan diplomatiya xidməti, hüquq-mühafizə və xüsusi xidmət orqanları da beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verdi. Eyni zamanda Azərbaycan ABŞ hərbi qüvvələrinin Əfqanıstana logistikasına - tranzit keçidinə mühüm dəstək oldu. Azərbaycanın beynəlxalq terrorizmə qarşı qərarlı və təsirli mübarizə aparmasının sübutudur ki, ABŞ Azərbaycanla əməkdaşlığın əsas prioritetləri sırasında enerji tərəfdaşlığı ilə yanaşı təhlükəsizlik sahəsində işbirliyini önə çıxarırdı.

24 oktyabr 2001-ci ildə ABŞ prezidenti sözügedən “Azadlığı müdafiə aktı”na o bədnam 907-ci düzəlişin icrasını dayandırmaq qərarı verdi. Bundan sonra da hər il bu qərar təkrarlanırdı. Bu da o deməkdir ki, Vaşinqton Azərbaycanın ABŞ üçün enerji və təhlükəsizlik sahəsində mühüm, həm də etibarlı – sabitqədəm tərəfdaş olduğunu bilir, qəbul edirdi.

Əksinə, Ermənistan həmin o onillər boyunca Rusiyanın birmənalı təsiri, hətta vassallığı altında idi. Ancaq ABŞ-ın indiki administrasiyası hər şeyi tərsinə çevirib; ABŞ Konqresi yenidən başa döndü. Azərbaycanın haqlı gözləntisinin əleyhinə olaraq, 907-ci düzəlişi nəinki ləğv etdilər, əksinə bu düzəlişin icrasını dayandırmaqla bağlı Prezidentə verilmiş səlahiyyəti geri çağırdılar.

Bu olaya pozitiv tərəfdən baxmaq mümkün olsaydı, deyərdik ki, bu, əvvəla, Azərbaycanın müstəqil dövlət kimi baş tutmasına, nəinki öz daxilində, regionda, hətta dünyada ciddi, oturuşmuş dövlət olaraq öz yerini ala bilməsinə görə verilmiş qərardır (Azərbaycanın bu yardıma ehtiyacı qalmayıb); ikincisi, Ermənistan 1991-ci ildə yuridik olaraq formal müstəqillik bəyan etsə də, faktik Rusiyanın forpostu idi və indi-indi felən müstəqil olmağa çalışır sanki. Və ABŞ da bu “sanki müstəqillik” canatımına dəstək verir.

Ancaq məsələnin faktik – neqativ tərəfi var: ABŞ və Avropa İttifaqı Azərbaycanın, eləcə də, Türkiyənin zərərinə olaraq Ermənistanı dəstəkləyirsə, bu, artıq tək Cənubi Qafqaz subregionunda deyil, bütövlükdə regionda gərginlik havası yaradır, onsuz da qonşuluğunda olan hər iki türk dövlətinə qarşı düşmənçilik güdən Ermənistanda revanşizmi körükləyir.

Qərbli strateqlər anlamır ki, Ermənistanda revanşizmin körüklənməsi ən çox elə Rusiyanın əlinə oynayır. Xüsuslə, ABŞ-ın dövlət ağlı bir suala gerçəkçi cavab verməlidir: Ermənistandakı revanşist düşüncə hansı geosiyasi vektora yönəlib?! Bu zaman içində hansı paytaxt (lar)dan dəstəklənib?!

Təbii ki, ağla ilk gələn Moskva olacaq. Üstəgəl: Tehran. Bu halda Ermənistanda qonşularına qarşı irrasional qisasçılığı qidalandırmaq ən çox Amerikanın rəqiblərinə fayda verəcək. Vaşinqton əgər bu yolla Ermənistanı Rusiyanın əlindən almaq istəyirsə, bu “bomba” gec-tez onun öz əlində “partlayacaq”. Bunu proqnozlaşdırmaq elə də çətin deyil...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »