Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi banklar: dəb yoxsa zərurət - Dünyanı onlarsız təsəvvür etmək olarmı?
Mərkəzi banklar: dəb yoxsa zərurət - Dünyanı onlarsız təsəvvür etmək olarmı?

İkirəqəmli inflyasiya və iqtisadi böhran yaşayan Argentinada keçirilən prezident seçkilərində Milei qalib gəlib. Seçki kampaniyası zamanı Milei hökumət xərclərini azaltmağa, səhiyyə və təhsil nazirlikləri də daxil olmaqla, əsas nazirlikləri, eləcə də Mərkəzi Bankı ləğv etməyə söz verib. Dövlətin "yoxsullaşan" modelinin hər yerdə bitdiyini vurğulayan Milei, "Çöküşün sonu Argentinada bu gün başlayır” deyib.

Mərkəzi Bankı ləğv etmək mümkündürmü? Bu, ölkə iqtisadiyyatına necə təsir edə bilər?

Mərkəzi bankları təsvir etmək üçün ən klassik ifadə insanlıq tarixinin üç böyük ixtirasından biri olması deyimidir. Nə qədər qəribə olsa da, maraqlıdır ki bir əsr əvvəl söylənən bu fikrin müəllifi iqtisadçı yox, amerikalı yumorist Uill Rocers olub. Digər maraqlı məqam da ondan ibarətdir ki, əslində Mərkəzi banklar heç də fikirdə nəzərdə tutulan digər ixtiralar (alov və təkər) kimi böyük tarixə malik deyil, XVII əsrdən başlayaraq meydana çıxıblar. İndiki kimi dövlətin pul siyasətini aparmaq və ya bank sistemini dəstəkləməkdən fərqli olaraq ilk Mərkəzi bankların vəzifələri hərbi xərcləri qarşılamaq idi.

Məsələn, dünyanın ən qədim Mərkəzi bankı olan İsveçin “Risbank”ı məhz 1668-ci ildə bu məqsədlə təsis edilib. Ondan sonra qurulan ikinci ən qədim Mərkəzi bank olan İngiltərə bankı da 1694-cü ildə yenə də hərbi xərcləri, Fransa ilə müharibəni maliyyələşdirmək üçün yaradılıb. Dünyanın dominant iqtisadiyyatı və aparıcı Mərkəzi bankına sahib olan ABŞ-da isə digərlərindən fərqli olaraq, belə bir qurumun yaranmasına əsas stimul ötən əsrin əvvəlində baş verən silsiləvi bank böhranları idi. Həmin dövr ABŞ-da tənzimləmə ilə bağlı ən böyük problem şok baş verəndə pul kütləsinə təsir edəcək sistem miqyaslı və sonuncu instansiya kreditoru olacaq subyektin olmaması idi. 1907-ci ildə JP Morgan bu səlahiyyətə yiyələnmək istəsə də, tənəzzülün qarşısını ala bilməmişdi. Beləliklə, amerikalılar ölkənin maliyyə gələcəyini çaxnaşmaları dayandırmaq gücünə malik olan özəl maliyyəçilərin kartelinə təhvil verməyə inanıb, 1913-cü ildə Federal Ehtiyatlar Sistemini ərsəyə gətirdilər. Ancaq, hər nə qədər bank sistemindəki uğursuzluqlar səbəbilə yaradılsa da, I dünya müharibəsi ərəfəsinə təsadüf etdiyindən Fed də əvvəllər digərləri kimi hərbi xərcləri maliyyələşdirməklə məşğul olurdu. Maliyyə sabitliyi, sonuncu instansiya kreditoru, faiz siyasəti və s. kimi məsələlər sonrakı illərdə aktuallaşmış oldu. Qiymət sabitliyi isə qızıl standartı ilə təmin edildiyindən, Fed də 70-ci illərə qədər indiki sabit məzənnə öhdəliyi götürən ölkələr kimi bu rejimi qorumaqla məşğul idi.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev qeyd edib ki, çağımızda çox az sayda ölkəni nəzərə almasaq, demək olar ki bu gün bütün ölkələr, hətta Abxaziya kimi tanınmamış respublika belə Mərkəzi banka sahibdir. Ancaq, məsələn, Mikroneziya kimi bəzi kiçik ada ölkələri var ki, onların Mərkəzi bankı yoxdur. Çünki belə dövlətlər tədiyə vasitəsi kimi milli valyuta əvəzinə ABŞ dollarından istifadə edirlər. Yəni Mərkəzi bankın mövcudluğuna da ehtiyac yaranmır. Bu ölkələrin say və əhatə dairəsinin kiçik olması isə hazırda dünya əhalisinin 99.9%-dən çoxunun Mərkəzi bankı olan ölkədə yaşadığını söyləməyə əsas verir.

Pünhan Musayev Pünhan Musayev

“Son yarım əsrdə isə Mərkəzi bankçılıq aktuallığını artırmaqla həm də fəaliyyətdən çox bir ənənəyə də çevrilib. Bunun əsas səbəbi də eyni dövrdə “qloballaşma” adlanan tarixin ən böyük hadisələrindən birinin baş verməsi olmuşdur. Hansı ki, keçmiş post-sosialist, Şərq Bloku iqtisadiyyatlarının bazar sisteminə keçid etməsi qərb modelli qurumların da varlığını zərurətə çevirdi. Onilliklərin yüksələn tendensiyalarından biri isə siyasi iqtidarların təzyiqinə məruz qalamamaq üçün Mərkəzi banklara məqsəd və əməliyyat müstəqilliklərinin verilməsi olub. Yəni, məsələn inflyasiya ilə mübarizə zamanı hökumət büdcə kəsirini qapamaq üçün Mərkəzi banka əlavə pul çapı məqsədilə müraciət etsə bu vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər ki, buna görə də pul siyasətinin sərbəstliyi necə deyərlər artıq dəb halına çevrilib. Beləliklə, bu şərtlər Mərkəzi banka nə dövlət, nə də özəl qurum kimi deyil, iki bölmə arasında hibrid formada fəaliyyət göstərmək imkanı yaradır. Bu digər tərəfdən, siyasi iqtidarlara yanlış nəticələrdən yayınmaq, məsuliyyəti Mərkəzi banklara ötürmək fürsəti də verir”-deyən iqtisadçı qeyd edir ki, pul siyasətinə təsir imkanları zəif və avtonomluğu məhdud olan Mərkəzi banklar isə ən dar çərçivədə ölkənin valyuta-qızıl ehtiyatlarını saxlamaq funkisyasını yerinə yetirirlər.

Pünhan Musayevin fikrincə, bütün bunları nəzərə aldıqda, həqiqətən də müasir dünyanı Mərkəzi banklarsız təsəvvür etmək olduqca çətin və mümkünsüz görünür. Çünki həm də qeyri-dövlət mülkiyyəti özəlliyinə malik olub, məqsədləri mənfəət yox, rifahı təmin etmək olan istisna qurumdur ölkənin Mərkəzi bankı.

“Düzdür, normal vaxtlarda bu qurumlar heç bir risk almadan öz mandatlarını yerinə yetirərək mənfəət də əldə edə bilirlər. Ancaq, böhranlı vəziyyətlərdə əlavə risk də götürürlər. Məsələn, maliyyə sisteminin iflic olduğu 2008 böhranı və pandemiya zamanı fəlakət ssenarisinin qarşısını almaq üçün borc kağızları, məhz Mərkəzi banklar tərəfindən alındı. Ona görə də, hər kəs onların nə etdiklərini bilsə və nəticədə bütün cəmiyyət ondan zərər görsə də, hələ indiyədək dünyanın heç bir ölkəsində bu qurumun ləğvi üçün hansısa bir axın müşahidə edilməyib. Yəni, bir növ Mərkəzi banklar müasir dünyanın “toxunulmaz faktı” da hesab edə bilərik”-deyə Pünhan Musayev bildirib.

P.S. Maraqlıdır ki, müasir dünyanın “toxunulmaz faktı” hesab edilən Mərkəzi Bankı ləğv etdikdən sonra Argentinada yoxsulluğu necə aradan qaldırmağı düşünür?

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »