“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) noyabrın 21-nə keçən gecə saat 2 radələrində hava limanında saxlanılıb.
Bu barədə Bizimyol.info xəbər portalına məlumat verən dostları bildirib ki, İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalisti saxlayaraq götürüb aparıblar. Dostlarından hüquqşünas Sübhan Həsənlinin verdiyi məlumata görə, hava limanında sərhəddə pasport qeydiyyatından keçərkən onları da qısa müddət saxlayıblar. Hava limanında onların üstünə baxış keçiriblər, Sevinc Vaqifqızıya aid hansısa telefon və ya başqa elektron əşylanın onlarda olub-olmadığını yoxlayıblar: “Əmin oldular ki, bizdə Sevincin telefonu yoxdur, ondan sonra buraxdılar. Təxminən 1 saat sonra Sevinc Vaqifqızının yaşadığı evdə axtarış aparılıb. Axtarışda jurnalistin özü və vəkili Elçin Sadıqov da iştirak edib. Məlumata görə, mənzildən heç nə aşkarlanmayıb. Vəkilə bildirilib ki, noyabrın 21-də səhər saat 9-dan Bakı şəhər Baş Polis İdarəsində Sevinc Vaqifqızı ilə bağlı istintaq hərəkətləri aparılacaq.
“Abzas Media”nın direktoru Ülvi Həsənli də noyabrın 20-də səhər tezdən saxlanılıb. Günorta saatlarında saytın ofisində (Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127) axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub. Buna görə Ülvi Həsənli haqqında Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə cinayət işi başlanıb. Ülvi Həsənli şübhəli şəxs qismində saxlanılıb. Lakin Ülvi Həsənli bu ittihamı rədd edir, ofisdən tapıldığı iddia olunan 40 min avronun əslində, orada olmadığını deyir.
Sevinc Vaqifqızı da Bakıya qayıtmamışdan öncə açıqlamasında bildirib ki, həbs olunacağını ehtimal edir. Buna baxmayaraq, ölkəyə qayıdacaq. O, jurnalist kimi, peşə fəaliyyətlərinə görə təzyiqə məruz qaldıqlarını bildirib.
Aytən, Bizimyol.info