Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynanın HHM-nin gücləndirilməsi milyonlarla vətəndaşı ölkəyə qaytaracaq
Zelenski: Ukraynanın HHM-nin gücləndirilməsi milyonlarla vətəndaşı ölkəyə qaytaracaq

Yüksək səviyyədə hava hücumundan müdafiə (HHM) ilə təmin olunması milyonlarla qaçqının Ukraynaya qayıtmasını təmin edəcək ki, bu da iqtisadi vəziyyətin yaxşılaşmasına və büdcə kəsirinin böyük hissəsinin ödənilməsinə kömək edəcək.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ölkə prezidenti Vladimir Zelenski “The Sun” qəzetinə müsahibəsində deyib.

“Əgər, məsələn, Ukraynanın yeddi və ya səkkiz ən böyük şəhəri təkcə şəhərləri deyil, həm də onların bölgələrini tam hava hücumundan müdafiə sistemi ilə təmin etsək, biz müxtəlif ölkələrdən olan insanlarımızın əksəriyyətini vətənə qaytara bilərik. Biz onları geri gətirsək, işləyəcəklər, vergi verəcəklər. Bu, yetərli olmaya bilər, lakin əksər hallarda büdcəmizdəki maliyyə boşluğunu aradan qaldıracaq, həmçinin ABŞ və Avropa tərəfdaşlarından bu qədər pula və maliyyə yardımına ehtiyacımız olmayacaq”, - deyib.

Eyni zamanda, Zelenski hesab edir ki, Ukraynanın Qərb tərəfdaşlarının hava hücumundan müdafiəni təmin etmək üçün göstərdiyi yardım kifayət deyil: "Düşünürəm ki, hava hücumundan müdafiə sistemlərinin tədarükü bizə kömək edəcək və biz ABŞ Konqresindən və ya başqa bir yerdən belə həcmdə maliyyə yardımı etməyin mümkün olmadığını eşitmək məcburiyyətində qalmayacağıq", - deyə dövlət başçısı bildirib.

Noyabrın 20-də “Politico” Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, ölkənin digər bölgələrində hava hücumundan müdafiə ilə təminatla bağlı problemlər səbəbindən 600 minə yaxın ukraynalı Kiyevə və yaxınlıqdakı yaşayış məntəqələrinə köçmək məcburiyyətində qalıb. Təşkilatın məlumatına görə, Ukraynanın digər böyük regionlarında, məsələn, Dnepropetrovsk və Xarkov vilayətlərində də daxili qaçqınların sayında artım müşahidə olunur.

Amerika administrasiyası oktyabr ayında Konqresə 1 oktyabr 2024-cü ildə başlayan ABŞ maliyyə ilində ilk növbədə Ukrayna və İsrailə kömək etmək, habelə Asiya-Sakit Okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə böyük büdcə ayırmaları üçün sorğu göndərib. Ümumilikdə, prezident Co Baydenin rəhbərlik etdiyi ABŞ icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi şübhə altındadır. Həm Nümayəndələr Palatasında, həm də Senatda olan bir neçə respublikaçı bu yaxınlarda Kiyevə maliyyə yardımının davam etdirilməsinə qarşı açıq şəkildə çıxış ediblər.

Noyabrın 9-da Ali Rada 1,57 trilyon qrivna (43,5 milyard dollar) kəsirlə Ukraynanın 2024-cü il dövlət büdcəsini qəbul edib. Sənədə görə, Ukraynanın xarici borcları 41 milyard dollar təşkil etməlidir.

Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib ki, hakimiyyət Qərb tərəfdaşlarından əlavə maliyyə cəlb edə bilməsə, təhsil və tibbə ayrılan xərclər azalacaq.

Son xəbərlər
Bütün xəbərlər »