Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşsizlər ordusu"nun yaşadığı ölkədə "əksəriyyətin işləməsi" nağılı... - "Torpağın varsa, işsiz deyilsən"
"İşsizlər ordusu"nun yaşadığı ölkədə "əksəriyyətin işləməsi" nağılı... - "Torpağın varsa, işsiz deyilsən"

Azərbaycanda işsizlərin sayı açıqlanıb. Saya baxanda heç cür inanmaq olmur. Ölkədə cəmi 286,9 min nəfərin işsiz qaldığı bildirilir. Bu, iqtisadi fəal əhalinin 5 faizindən bir az artığı deməkdir. Guya ətrafımızdakı 100 nəfərdən 94-95-i işləyir. Buna inanmaq sadəlövhlük olardı.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin şöbə müdiri Nemət Xuduzadə ölkədə işsizliyin iki cür hesablandığını deyir. Hər şeydən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata düşənlərin sayı nəzərə alınır. Bundan başqa, Beynəlxalq Əmək Təşkilatının kriteriyaları nəzərə alınmaq şərtilə soğru keçirilməklə say müəyyənləşir.

Gördüyünüz kimi, dəqiqlikdən söhbət gedə bilməz. Heç də bütün işsizlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınmayıb. Sorğu da bütün ölkəni əhatə etmir. Bir şey ki, sorğuda əhalinin cəmi 1 faizinin iştirak etdiyi bildirilir. Bu nəticə nə dərəcədə səhih sayıla bilər?!

Məşğul əhalinin azı 3 milyon nəfəri bölgələrdə yaşayır. Dövlət Statistika Komitəsi, heç olmasa, 1,7 milyon nəfərin kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edir. Həmin şəxslər işsiz sayılmır. Ümumiyyətlə, kəndlərdə pay torpaq sahəsi alan vətəndaşlar da siyahıdan çıxarılır. Nemət Xuduzadə bunu ədalətli addım adlandırır. Əmək statistikası şöbəsinin müdiri deyir ki, həmin şəxslər torpaqdan öz istehlakı üçün istifadə edir. Hər hansı məntiqə sığmayan açıqlamalardır. Kənddə pay torpaq sahəsi almaq hələ iş əldə etmək anlamına gəlmir. Bölgələrdə müşahidələr göstərir ki, insanlar susuzluqdan əziyyət çəkir, torpağı əkib-becərə bilmirlər. Pay torpaq sahəsi həm işsiz kimi qeydiyyata düşməyə, həm də sosial yardım almağa mane olur. Hökumət bilərəkdən bu kartı ortaya atır. Ağır sosial durumda olan vətəndaşın "dilini qısa" edirlər. Danışanda deyirlər ki, torpaq sahən var.

İqtisadçı Rövşən Ağayev də rəsmi açıqlamaları məntiqsiz sayır. Onun sözlərinə görə, kənd təsərrüfatı sektoruna aid edilən vətəndaşlar heç də bütün 12 ay ərzində bununla məşğul olmurlar. Çünki belə məşğulluq ehtiyacı yaranmır. İlin az qala yarısı həmin şəxslər üçün boş keçir. Bu halda adlarının işsizlər siyahısından çıxarılması doğru deyil. Hökumət işsizlərin sayını süni şəkildə azaltmağa çalışır. Səslənən arqumentlər heç bir məna kəsb etmir. Adların işsizlər siyahısından çıxarılması kriteriyalarını nəzərə alanda bu kəsimin iqtisadi fəal əhalinin təxminən 40 faizini təşkil etdiyi üzə çıxır. Çünki iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərdən çoxdur. Hökumətə belə yüksək rəqəm sərf etmir. Həmişə bəyanatlarda gurultulu ifadələr işlədilib. Reallıqdan danışanda az qala hər iki nəfərdən birinin işsiz olduğu müəyyənləşir.

İşsizlər ordusunda say azalması yalnız bir yolla mümkündür. Böyük neft gəlirləri istehsal sahələrinə yönəldilməlidir. Qeyri-istehsal istiqamətlərinin dayanmadan qidalandırılması yaxşı heç nə vəd etmir. Yalan statistika ilə uzağa getmək olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »