Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Albaniya parlamentində büdcə müzakirələrinin gərginliyi yanğına çevrilib
Albaniya parlamentində büdcə müzakirələrinin gərginliyi yanğına çevrilib

Albaniya parlamentində müxalifətdən olan deputatlar ölkənin 2024-cü il büdcəsinin müzakirə olunduğu sessiyada gərginlik yaradaraq müzakirələrə mane olublar.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, gərginlik ilk olaraq parlamentin təhlükəsizlik bölməsinin iclas başlamazdan əvvəl deputatları yoxlaması zamanı yaranıb.

Əvvəllər parlamentin iclaslarını müxtəlif üsullarla əngəlləyən müxalifət deputatları bugünkü iclasda tribunaların qarşısına kürsülər yerləşdirib, tüstü bombaları atıblar. Tüstü bombasının atılması nəticəsində ümumi yığıncaq zalında kiçik yanğın baş verib.

Təxminən 5 dəqiqə davam edən iclasda 140 yerlik parlamentdə 73 deputat 2024-cü il büdcəsi ilə bağlı səsvermədə "hə" səsini verib.

Baş nazir Edi Ramanın da iştirak etdiyi iclas gərginliyə görə parlament sədri Lindita Nikolla tərəfindən təxirə salınıb. Parlament 7 milyard avrodan çox dövlət xərclərini nəzərdə tutan 2024-cü il büdcə müzakirələri ilə bağlı səsverməni daha sonra davam etdirəcək.

Bundan əvvəl də oxşar gərginliyin şahidi olan Albaniya Parlamentində 8 müxalifət deputatı 10 gün müddətinə parlament işlərindən uzaqlaşdırılma ilə cəzalandırılmışdı. Müxalifətdən olan deputatlar əvvəllər nazirlər və parlament inzibatçılarının oturması üçün ayrılmış ərazini zəbt edərək iclasların başlamasına mane olmuşdular.

Heç bir parlament qrupunun üzvü olmayan deputat və keçmiş baş nazir Sali Berişa qanunvericilik fəaliyyətinin əngəlləndiyini iddia edərək, “bu hüququn onlara geri qaytarılmasını” tələb edib.

Parlamentin “Baş nazir Edi Rama və parlament sədri Lindita Nikollanın şəxsi institutuna çevrildiyini” iddia edən müxalifət deputatları konstitusiya hüquqlarını bütün gücləri ilə müdafiə etmək üçün parlamentdə fəaliyyətlərini davam etdirəcəklərini bəyan edirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »