"Rusiyanın uğurunu dərk etmək üçün dünya ictimai rəyinə 18 ay lazım oldu". Bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkə səhifəsində yazıb. O, “Voll Strit Jurnal” qəzetində “Rusiyanın məğlubiyyəti ilə bağlı sehrli düşüncələrə son qoymağın vaxtıdır” başlıqlı məqaləyə bu şəkildə münasibət bildirib: "On səkkiz ay yalan təbliğat aparın, axırı da bununla bitsin". Filippo qeyd edib ki, hətta "Voll Strit Jurnal" kimi nüfuzlu Qərb nəşri də Ukraynaya “arxa çevirib”. Siyasətçinin fikrincə, qırğınları dayandırmaq üçün Kiyevə silah və milyardlar göndərilməsini dayandırmaq lazımdır.
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etiraf eləmək lazımdır ki, Rusiya deyildiyi qədər sürətli şəkildə Ukrayna ərazilərini ələ keçirə bilmədi. Politolqoun fikrincə, Rusiya cəmi bir neçə günə paytaxt Kiyevi ələ keçirə biləcəyini düşünürdü.
“Rusiya düşünürdü ki, hakimiyyət dəyişikliyi edəcək. Özünə yaxın şəxsi hakimiyyətə gətirəcək. Rusiyanın planları baş tutmadı. Bu “xüsusi əməliyat” adlandırılan müharibə Rusiyanın istədiyi kimi başa çatmadı. Eyni zamanda Qərbin illuziyaları da özünü doğrutmadı. Xüsusilə, Qərbdə böyük media və ictimai propaqanda ilə Rusiyanın çökdüyü, dağıldığı və tezliklə məhv olacağı, Putin rejiminin dağılacağı, Rusiyanın hissələrə ayrılacağı, ayrı-ayrı Rusiyadan dövlətlər yaranacağı ilə bağlı ağır propaqanda aparılırdı. Bu propaqanda ilə, Ukrayna Rusiyanı tezliklə məğlub edəcək, Rusiya tezliklə darmadağın olacaqdı. Hətta ən son bu ilin may ayında Ukrayna əks hücum əməliyyatı ilə bağlı yenə xəbərlər yayılırdı. Ukrayna ordusuna böyük maliyyə dəstəkləri verilir, texnikalar,roketlər təlimli hərbiçilər yetişdirilirdi. Böyük əks hücum əməliyyatı nəticəsində Krımın donaması da azad ediləcəyinə, Ukrayna ordusunun Rusiyanı içərilərinə Rostov, Belqoroda daxil olacağı ilə bağlı məlumatlar yayılırdı. Ancaq cəbhədə təmamilə əksi baş verdi. Ukrayna ordusu gözlənilən uğuru əldə edə bilmədi. Həmin əməliyyat 2 ay gec başladı. Əməliyyat 4 ay ərzində öz nəticəsinə çatmalı idi. 6 ay keçib heç bir xüsusi irəliləyiş yoxdur. Artıq qışdır və Ukrayna ordusu demək olar ki, cəbhədə çox dözümlüyə malik deyildi. Baxmayaraq ki, Ukrayna siyasi rəhbərliyi Zelenski, prezident aparatı müharibənin sonuna qədər davam etdirləcəyini bildirsələr də, Ukrayna ordusu baş qərargahı da etiraf edib ki, onların döyüşməyə və müqavimət göstərməyə çox da gücü qalmayıb”-deyə qeyd edən politoloqun fikrincə, burada Qərbin də müəyyən qədər səhvi var. Belə ki, Qərb Ukraynaya lazım olan silahları, lazım olan miqdarda vermədi. Yüksək texnologiya silahları vermədi və Ukraynanı aviasiya və tanklarla vaxtında təmin edilmədi.
Turab Rzayev hesab edir ki, burada Qərbin Ukraynaya münasibətində əslində verdiyi sözləri yavaş yerinə yetirməsini və ya tam yerinə yetirməməsinin müəyyən rolu var. Digər tərəfdən də, Ukrayna gözlənildiyi qədər zəif də çıxmadı.
“Məsələn ən azından, cəbhədə istehkamlar qurdu, aviasiya üstünlüyündən, hava müdafiə sənayesinin üstünlüyündən istifadə etdi. Eyni zamanda Rusiyanın silah sənayesi də normal şəkildə fəaliyyətini dəvam etdirə bildi. Yəni gözlənilirdi ki, Rusiya il ərzində cəmi 100 tank və ya roket, mərmi istehsal edir. Rusiya ən azından bunun 2 qatını istehsal etməyi bacardı və bunu daha da artıra bilər. Bu da hələ Rusiyanın silahlarının, mərmilərinin, roketlərin tükəndiyi ilə bağlı xəbərlərin çox da reallığa yaxın olmadığını göstərir.
Eyni zamanda Ukrayna mərmilərinin tükəndiyi ilə bağlı məlumat verirlər. Və Qərbdən yeni mərmiləri göndərmədilər. Ukraniya 155 mm mərmiləri istəyirdi, ancaq o mərmiləri göndərmədilər.
Bu gün İsrail-Fələstin müharibəsində İsraili sürətli şəkildə mərmilərlə təmin edirdilər. Qəzzada bu mərmiləri istifadə etməyə yer yoxdur. İsraildə bu mərmilərdən var. Ancaq Ukrayna Rusiya kimi dünyanın bir nömrəli artilleriya gücünə qarşı müharibə aparır. Ukraynaya o mərmiləri vermədilər”- deyən politoloq vurğulayıb ki, Qərb cəmiyyətinin də artıq Ukrayna müharibəsinə dəstəyi azalıb. Yəni əhali Ukraynaya görə, bahalıqdan və qiymətlərin artmasından əziyyət çəkmək istəmir. Qida məhsullarının çatışmamazlığından istəmir.
Eyni zamanda bir çox ölkələrin əhalisi maliyyə vasitələrindən Ukraynaya ayrılmasını istəmir. Ukrayna dəstəkçisi olan ABŞ konqresində belə Ukraynaya vəsait ayırmaq çətinliklə müşahidə olunur. Digər tərəfdən Böyük Britaniya və Polşa kimi Ukrayna dəstəkçiləri də artıq həm siyasətçilər, xarici işlər nazirliyi, müdafiə nazirlikləri həm də əhalinin əzmində Ukraynaya dəstəyin həddindən çox olmasını və azaldılması lazım olduğunu bildirirlər. Bu, Ukraynanın Qərbdə də dəstəyinin itirməsinin göstəricisidir.
“Əhali arasında dəstək azalıb. Keçən il Çinə aid bir media qurumunun apardığı sorğuda Avropa əhalisinin 50 faizi Ukrayna müharibəsində həm də ABŞ-ı günahkar görürdü. Başqa maraqlı məqam da ondan ibarətdir ki, artıq dünyada yeni münaqişə ocaqları da var. Məsələn Fələstin müharibəsi. Bu da Ukrayna münaqişəsini 2-ci plana keçirib. Ukrayna daha istədiyi dəstəyi ala bilmir. Bu səbəbdən də, artıq Avropada belə çıxışların olması da onu deməyə əsas verir ki, artıq Avropada da fərqli səslər yüksəlməkdədir. Və bu da Ukraynanın lehinə deyil”-deyə politoloq izah edib.
İradə Cəlil, Bizimyol.info