Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ülvi Həsənlinin Bakı polisində saxlandığı təsdiqlənib, “Abzas Media”nın ofisində axtarış aparılır
Ülvi Həsənlinin Bakı polisində saxlandığı təsdiqlənib, “Abzas Media”nın ofisində axtarış aparılır

“Abzas Media” saytının rəhbəri Ülvi Həsənlinin noyabrın 20-də səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlandığı təsdiqlənib.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Bizimyol.info xəbər portalına bildirib ki, idarənin müstəntiqi bir qədər öncə onunla əlaqə saxlayıb, Ülvi Həsənlinin orada olduğunu deyib.

“Ülvi Həsənlinin səhər hava limanına gedəndə evdən çıxarkən, yoxsa hava limanında sərhədi keçərkən saxlandığı məlum deyil. Onun özü ilə görüşəndən sonra bu məsələni dəqiqləşdirəcəyəm. Saxlanmasının səbəbi barədə də mənə məlumat verilməyib”, - vəkil bildirib.

Hazırda 40-a qədər polis əməkdaşı “Abzas Media”nın ofisinin yerləşdiyi binanı (Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127) mühasirəyə alıb. Ofisə heç kim, o cümlədən saytın əməkdaşları da buraxılmır. Yaxın dəqiqələrdə Ülvi Həsənlinn də ora gətiriləcəyi və onun iştirakıyla ofisdə axtarış aparılacağı gözlənilir. “Abzas Media”nın ofisində axtarış aparılması nəzərə alınaraq, Ülvi Həsənlinin saxlanmasının saytın fəaliyyətilə bağlı olması istisna olunmur.

Ülvi Həsənlinin saxlanması barədə ilk dəfə “AbzasMedia”nın redaktoru Sevinc Vaqifqızı məlumat verib. O, bildirib ki, Ülvi Həsənli noyabrın 20-də səhər tezdən yoxa çıxıb: “O, gecə təyyarəyə minməli idi və evindən çemodanla çıxıb. Lakin təyyarədə olan digərlərinin sözlərinə görə, o, təyyarədə olmayıb. Telefonu da söndürülüb”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »