Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lobbinin əlində oyuncağa çevrilmiş şəxslərin qərəzli bəyanatları Azərbaycana təsir edə bilməz"
"Lobbinin əlində oyuncağa çevrilmiş şəxslərin qərəzli bəyanatları Azərbaycana təsir edə bilməz"

ABŞ Konqresinin yuxarı palatası Azərbaycana hərbi yardımın dayandırılmasını nəzərdə tutan və “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan "S.3000" qanun layihəsini təsdiqləyib. Bu, 907-ci düzəlişdir.

ABŞ niyə Azərbaycana qarşı çıxır?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük müharibədə ki şanlı qələbəsi və bir günlük lokal xarakterli antiteror tədbirləri bir çox ölkələrin və qüvvələrin yuxusunu ərşə çəkib. Onlardan biri də dünyada hegemonluq iddiasında olan, özünü demokratiyanın beşiyi sayan ABŞ-dır.

Vüqar İskəndərov Vüqar İskəndərov

Deputat qeyd edib ki, zaman-zaman ABŞ parlamentinin hər iki palatasında erməni lobbisinin təsiri altında olan senatorları, deputatlar Azərbaycana qarşı qərəzli hər hansısa bəyanatların, aktların qəbul olunmasına çalışıblar. Bir neçəsinə də nail olublar.

“Qeyd edək ki, Azərbaycan keçmiş SSRİ respublikalarından 90-cı illərdə yeganə ölkə olub ki, Azərbaycana Amerikanın birbaşa yardımı dayandırılıb. Sonradan 2001-ci il 11 sentyabr hadisələri zamanı Azərbaycanın koalisiya qüvvələrinə qoşulması və bu sahədə dəstək aktına qoşulması o aktı dayandırıb. Bundan sonra hər il ABŞ prezidentləri onu uzadıblar. İndiki qəbul olunan bu akt da əslinə qalsa bir daha bu qərəzin bariz nümunəsidir”-deyə deputat bildirib. Onun sözlərinə görə, bu təklifi irəli sürən şəxs ermənipərəst, işğalçının yanında olan və teroru dəstəkləyən, ümumiyyətlə Azərbaycana qarşı zaman-zaman mənfi bəyanatlar səsləndirən biridir. O, Ermənistanda olub və ümumiyyətlə, “çörəyi erməni lobbisindən çıxan” bir şəxsdir.

Deputat bildirib ki, 907-ci düzəliş, ümumiyyətlə ABŞ-ın birbaşa dövlət yardımıdır və onu dayandırmaq nümayəndələr palatasında təsdiq olunmalıdır. Bundan sonra ABŞ prezidenti də öz qərarını verməlidir.

“Yəni hüquqi tərəfdən baxsaq, bu, hələ prosedurun bitməsi demək deyil. Ümumiyyətlə, bunun bir mənəvi tərəfi də var. Azərbaycan onsuz da, ABŞ-ın hər hansı bir yardımı ilə yaşamır, ABŞ-ın hər hansı bir yardımını gözləmir. Ölkəmizin bütün bu qələbələri və postmüharibə dövründəki bərpa-quruculuq işlərinin dünyada analoqu olmayan sürət və keyfiyyətlə aparması, öz gücü və qüdrəti hesabınadır. Ölkə prezidentinin uğurlu siyasəti bütün bu uğurları şərtləndirir. Sadəcə olaraq, burda Amerika Birləşmiş Ştatlarının bu cür qərəzli mövqeyi və erməni lobbisinin əlində az qala oyuncağa çevrilmiş bir qrup konqresmenlərin, senatorların müəyyən palatasının deputatlarının olması çox təəssüf doğurur. Çünki bu ölkə özünü demokratiyanın beşiyi sayır, özünü dünyada insanlar haqqlarının müdafiəsinin yorulmaz dəstəkçisi sayır və digər xalqları və dövlətləri haqları müdafiə edən, onu qoruyan super güc sayır”-deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki,  sənədlərdə "demokratik" olsa da, əməldə biz tam bunun əksini görmüşük. ABŞ-ın tarix boyu əhəmiyyətli müharibələrinə şahid olduq. Vyetnam müharibəsi, Koreyanın iki yerə bölünməsi, iki xalqın başqa dövlətlərə çevrilməsi, Yaponiyaya qarşı atom bombasının istifadə edilməsi, son yaxın tarixdə İraqda, Əfqanıstanda, Suriyada və digər ölkələrdə olan “fəaliyyəti” bir daha onu deməyə əsas verir ki, bütün bu danışılanlar yalnız sözdür. Əməldə isə ayaqları dəydiyi yerdə demokratiyadan başqa hər şey görmüşük.

“Amerika Birləşmiş Ştatları belə siyasətlə bir qrup erməni milyarderinin əlində oyuncağa çevrilən parlamentinə qərəzli qərarlarla bəyanatlar versə də, bunlar Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Ölkəmiz uğurla öz inkişaf yolundadır. Azərbaycan BMT-nin nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan prinsiplərə riayət edən bir ölkədir. Öz milli maraqları nə deyirsə və nəyi tələb edirsə, ona uyğun şəkildə öz mövqeyini proqramlaşdırır və həmin mövqeyi ölkə prezidenti ali baş komandan İlham Əliyev çox uğurla icra edir, ölkəmizi çox böyük qürurla da təmsil edir”-deyə Vüqar İskəndərov qeyd edib.

Deputat vurğulayıb ki, belə məsələlər hazırda təəssüf doğursa da, biz bundan təsirləndiyimizi bildirsək də, indiki situasiyada bu qərarlar və bəyanatlar Azərbaycanı getdiyi yoldan döndərə bilməz.

İradə Cəlil, Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »