Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələri zamanı səsləndirdiyi fikirlərə cavab verib və onları “qərəzli, səmərəsiz, əsassız və qəbuledilməz” adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, münasibətlər birtərəfli ola bilməz, ona görə də Azərbaycan da eyni yanaşmadan istifadə edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşünü ləğv etdiyini açıqlayıb.
Politoloq Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rəsmi Bakının Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Azərbaycan Ermənistan münasibətlərinin nizamlanması barədə görüşdən imtina etməsi mövcud reallığa tam uyğundur. Azərbaycan tərəfi, görüşdən imtina etməsinin səbəbini ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin sülh sazişinin imzalanmasında Azərbaycanı günahlandırmasını əsas gətirərək, bu bəyanatın heç bir siyasi çəkisinin olmadığını bildirib.
“Azərbaycan tərəfi 2020-ci il müharibəsindən dərhal sonra bütün səviyyələrdə sülh sazişinə hazır olduğunu bildirmişdi və bunun üçün 5 əsas şərt irəli sürmüşdü. İlkin mərhələdə Ermənistan ümumilikdə bütün şərtləri qəbul etdiyini bildirsə də, görünən odur ki, Paşinyan qızışdırıcı tərəflərin təkidi ilə sülhdən qaçmağa çalışır. Sülh müqaviləsinin ən vacib şərtlərindən olan sərhədlərin müəyyən edilməsi olsa da, Ermənistan hələ də nəticə ilə başlamaq istəmir. Baxmayaraq ki, sərhədlərin demarkasiya və delimitasiya olunması üçün iki tərəfli komissiyalar yaradılıb və bəzi görüşlər keçirilib lakin hələ də ortada ciddi irəliləyiş yoxdur. Sərhədlər müəyyənləşməyənə qədər danışıqların heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu görüşlər Minsk qrupunun səmərəsiz görüşlərinə bənzəməməlidir. Konkret nəticə ilə görüşlərə qatılmaq lazımdır”-deyən politoloq qeyd edib ki, Ermənistanın hər kəsdən çox sülh sazişinə ehtiyacı olmasına rəğmən, bu sayaq sapmalar bölgədə gərginliyi saxlamağa xidmət edir.
Politoloq vurğulayıb ki, eyni zamanda Ceyms O`Brayenin Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasını tələb edən bəyanatı, bölgədə səngiyən sabitliyi pozmaq üçündür. Bu bəyanatla ABŞ sözçüsü Rusiyanı qıcıqlandırmaq məqsədi güdür. Rəsmi Bakı, Rusiya ilə münasibətlərini necə qurmaq lazım olduğunu və sülhməramlıların nə zaman ərazilərimizi tərk edəcəyini özü müəyyən edir. Bu məsələ 20 noyabr razılaşmasında da öz əksini tapıb və Azərbaycan lazım bildiyi zaman iş yekunlaşacaq.
Vasif Əfəndinin fikrincə, ABŞ sözçülərinin bəyanatları çox yaxın zamanlarda unudulacaq.
“Ukrayna və Yaxın Şərqdəki proseslər tamamlanmamış ABŞ-ın bölgəmizə ciddi müdaxiləsi mümkün olmayacaq. Fransanın Ermənistana silah-sursat göndərməsi ciddi şəkildə sülhə mane olmaq deməkdir. Fransızların Qafqazda yenidən müharibənin alovlanmasına xidmət edən davranışları nəticəsiz qalacaq. Azərbaycan bölgədə ciddi fiqurdur və onunla hesablaşmadan aparılan geosiyasi oyunlar baş tutmaz”-deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info