Paytaxt nəqliyyatı getdikcə daha dözülməz forma alır. Əvvəllər yalnız səhərlər və axşamlar tıxac olurdusa, indi günün istənilən vaxtında nəqliyyatın iflic vəziyyətə düşdüyünü görmək mümkündür. Tıxacların qarşısını almaq üçün atılan bütün addımlar effektsiz görünür.
Bizimyol.info xəbər verir ki, 2023-cü ilin 10 ayı ərzində ölkəyə 81 mindən çox avtomobil idxal olunub. Maşınların ümumi sayı 1,7 milyonu keçib. Avtomobillərin 1,1 milyonu hər gün Bakıda və Abşeron yarımadasında şütüyür. Şəhər nəqliyyatı bu yükü götürmək iqtidarında deyil.
Yol-nəqliyyat eksperti Ərşad Hüseynov tıxacların qarşısını almaq üçün daha çox iki istiqamətin seçilməsini vacib sayır. Birincisi, ictimai nəqliyyatın yaxşılaşdırılması. Ekspert bununla bağlı çox iş görülməli olduğunu bildirir. Onun fikrincə, çeşid artırılmalı, metro şəbəkəsi genişləndirilməli, şəhərətrafı qatar və tramvayın fəaliyyəti təmin olunmalıdır. Ərşad Hüseynov inanır ki, bütün bunlar minik avtomobillərindən istifadəni azaldacaq.
Ekspert sürücülərin peşəkar davranmasının da tıxacların azalmasına xidmət edə biləcəyini deyir.
Ərşad Hüseynov ikinci amil kimi qanunsuz parklanmaya qarşı mübarizəni qabardır. Son günlər şəhərdə parklanma yerlərinin xüsusi fərqləndirilməsi diqqət çəkir. Ekspert bunun işin xeyrinə işləyəcəyinə əmindir.
Hökumət və ayrı-ayrı məsul qurumlar nə düşünür? İndiyə qədər nə müşahidə etmişik?
Yolların genişləndirilməsini, müxtəlif prospektlərdə sürət həddinin aşağı salınmasını, süni tıxacla yollardakı gərginliyinin azaldılmasına cəhdi. Hamısı effektsiz addımlardır. Tıxac azalmır, əksinə, daha dözülməz mənzərə görürük.
Avtomobillərin sayı hər il 100 min civarında artacaq. Hələ ölkəyə köhnə avtomobillərin gətirilməsinə qadağadan sonra idxal göstəriciləri aşağı düşüb. İstənilən halda yeni avtomobillər gətiriləcək. Paytaxt və Abşeron yarımadası daha çox can verəcək.
Əlbəttə, ekspertin dedikləri vacib amillərdir. Bütün hallarda ictimai nəqliyyatın durumu yaxşılaşdırılmalıdır. Parklanma ilə bağlı konkret konsepsiya olmalıdır. Amma yenə də tıxacların qarşısını almaq mümkün olmayacaq. Yalnız bir yol var. Bölgələrin yaşana biləcək vəziyyətə gətirilməsi. Ölkə əhalisinin yarısı Bakıda və Abşeron yarımadasında toplaşıb. O qədər yeni evlər tikilib ki, Bakı az qala Sumqayıta birləşib. İnsanlar yalnız paytaxtda yaşayaraq həyatda qala biləcəklərini düşünürlər. Bu tendensiyaya son qoyulmalıdır. Bölgələrin sosial-iqtisadi inkişafı üçün real işlər görülməlidir. Kağız üzərindəki inkişaf heç kimə lazım deyil. Kəndlər dayanmadan boşalır. Bölgələrdə nə qədər avtomobilsiz yollar qalıb. Ölkənin hər yeri yaşanmalı olmalıdır. Yoxsa tıxacların qarşısını almaq üçün hansı addımı atsaq, yaxşı nəticə əldə edə bilməyəcəyik.
Aytən, Bizimyol.info